MİLLİ STATİSTİKAMIZ “KORONAVİRUS İMTAHANINDAN” “KƏSİLDİ” - Strateji statistik məruzə DSK sədrinə deyil, Mikayıl Cabbarova tapşırılır
Artıq neçə illərdir ki, müstəqil ekspertlər, iqtisadçılar və müxtəlif sahələr üzrə mütəxəssislər bildirirlər ki, Azərbaycanın rəsmi statistika qurumunun təqdim etdiyi hesabat və göstəricilər əsas etibarilə reallığı əks etdirmir. Onların fikrincə, milli statistikamız bəzən ölkə rəhbərliyinə xoş gəlmək üçün, bəzən də digər fərqli səbəblərdən bir çox rəqəmləri reallıqla müqayisədə ya şişirdir, ya da çox kiçik göstərir...
"Çalışmalıyıq ki, daxili təlabatı maksimum dərəcədə yerli istehsalla təmin edək. Özümüzü təminetmə əmsalına gəlidkdə, bu sahədə daha dəqiq statistika aparılmalıdır". Bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, ona müxtəlif dövlət qurumlarından fərqli rəqəmlər təqdim edilib: "Ona görə bunu da sizə tapşırıram ki, siz təhlil edin bütün dövlət qurumlarının rəqəmlərini və real vəziyyəti mənə məruzə edin ki, bizim özümüzü təminetmə əmsalı əsas istehlak malları üzrə nədən ibarətdir ki, biz daha dəqiq öz siyasətimizi proqnozlaşdıraq...”
Bundan əvvəl isə Mikayıl Cabbarovun özü "Vergi siyasəti və şəffaflq" konfransında çıxış edərkən bildirmişdi ki, Dövlət Statistika Komitəsinin (DSK) pərakəndə ticarət dövriyyəsinə dair rəqəmlərilə Vergilər Nazirliyinin rəqəmləri arasında 7 dəfəyə(!) qədər fərq mövcuddur. Bu, təkcə dövlət rəsmilərinin milli statistikamızın fəaliyyətinə dair fikirlərinin bir qismidir. O da məlumdur ki, müstəqil müşahidəçilərin, həmçinin beynəlxalq təşkilatların Azərbaycanın rəsmi statistika qurumunun mötəbərliliyinə inam səviyyəsi arzu olunanın çox-çox altındadır.
Təəssüf ki, artıq rəsmi statistikamızın heç də həsəd aparılmayacaq bu durumu sadəcə “baş aldatmaq”, “gözə kül üfürmək” kimi “missiyaları” aşaraq, dövlətə, hökumətə və ümumilikdə ölkəyə problem yaratmaqdadır.
Məlum pandemiyanın bütün dünyanı bürüdüyü və ölkəmizdə də hökumətin bu bəlanın qarşısını almağa çabalar göstərdiyi belə bir həssas dönəmdə rəsmi statistika qurumumuz nə hökumətin, nə də ölkə başçısının istinad edə biləcəyi mötəbər mənbə rolunu oynaya bilmir.
Əgər ölkə başçısı “bu sahədə daha dəqiq statistika aparılmalıdır” deyir və bu işi DSK sədri Tahir Budaqova deyil, İqtisasdiyyat naziri Mikayıl Cabbarova tapşırırsa, deməli nəinki müstəqil ekspertlər, beynəlxalq qurumlar, yaxud ölkə əhalisi, həm də prezidentin özü rəsmi statistika qurumuna tam etimad göstərmir.
Doğrudan da bu gün əhalinin məşğulluq səviyyəsindən tutmuş işsizlik, yoxsulluq səviyyəsinə, eləcə də ölkə başçısının barəsində danışdığı özümüzü təminetmə əmsalına qədər bir çox göstəricilər üzrə ortaya qoyulan rəsmi rəqəmlərlə reallıq arasında böyük uçurum var. Və bu çatışmazlıq hazırkı fors-major situasiyada operativ və dəqiq qərarlar verilməsinə, dövlətin nəzərdə tutduğu iqtisadi, sosial yardım paketinin doğru ünvanlara çatdırılmasına, eləcə də strateji ehtiyatların, biznes sahəsində dayanıqlığın və s. yaradılmasına ciddi əngəllər törədir, prosesi yubadır.
Bu gün çoxları ABŞ-ın, Almaniyanın və digər ölkələrin əhaliyə, iş dünyasına göstərdiyi dəstəyin necə dəqiqliklə hesablanması və ünvanına çatdırılması, bu mexanizmin necə mükəmməl işləməsini heyranlıqla anlatmaqdadırlar. Bəs buna nəyin hesabına nail olunur – təbii ki, obyektiv və dəqiq statistik göstəricilər hesabına. Yəni o şeyin hesabına ki, bizdə yoxdur...
Axı, bizim ölkədə yoxsulluğun 5 faizin altında olduğunu, ölkənin 5 milyona yaxın əmək qabiliyyətli əhalisininsə cəmi 200 mindən bir qədər çoxunun işsiz olduğunu iddia edən bir statistika qurumuna necə inanmaq olar? Bu rəqəmlər haradan və hansı hesablama üsulu ilə əldə olunur?
DSK-nın bu rəqəmləri hansı “hesablama metodu” ilə əldə etdiyinə dair təkcə bir faktı qeyd etmək kifayətdir: milli statistikamız mülkiyyətində torpaq payı olanları işsizlər siyahısına salmır.
Rəsmi statistikaya görə, Azərbaycanda iqtisadi fəal əhali 5 milyondur. Onların 4 milyon 700 mindən çoxu məşğul əhali sayılır. Azərbaycanda Bakını çıxmaqla məşğul əhalinin 3 milyondan çoxu məhz bölgələrdə yaşayır. Elə ən böyük işsizlik də bölgələrdədir. Ancaq həmin əhalinin böyük qisminin adına torpaq payı olduğu üçün onlar işsiz sayılmır. Reallıqda isə bu adamlar işsizdirlər...
Təəssüf ki, məhz bu cür “hesablama metodları” digər istiqamətlərdə də, xüsusilə sosial-iqtisadi sahədə çox geniş tətbiq olunur. Və məhz bunun nəticəsidir ki, bu gün nə ölkə başçısı, nə də hökumət operativ və obyektiv statistik rəqəmlərlə təmin olunmayıb.
Yaxşı, bəs belə olan halda, büdcədən samballı pay alan, böyük idarəçilik aparatına və yerli şöbələrə malik olan bir rəsmi qurum dövlətin, hökumətin, hətta xalqın sınağa çəkildiyi bir dönəmdə də “kara çatmırsa”, nə zaman çatacaq və o, kimə lazımdır?
Cəlal Məmmədov
AzPolitika.info
Bu xəbər üçün şərh yazın