Məhərrəm Quliyevin “korrupsiya qurbanları” – İcra başçısı özünü necə xilas edib?

Məhərrəm Quliyevin “korrupsiya qurbanları” – İcra başçısı özünü necə xilas edib? 

Məhərrəm Quliyevin “korrupsiya qurbanı” seçdiyi çinovniklər olsa-olsa, icra başçısının postunu qoruyub-saxlamağa yarayırlar.

Ağstafa rayonunda korrupsiya dərin kök salıb.Bunu hətta Hesablama Palatasının təftişləri də təsdiqləyir. Bu barədə Qaynarinfo.Az-a rayondakı mənbələrdən məlum olub.Mənbənin dediyinə görə, hələ Hesablama Palatasının 2014-cü il üzrə hesabatında Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə daxil olan məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməyən 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib.“Həmin vaxt icra başçısı Məhərrəm Quliyev özünün 1-ci müavini Ramiz Tatarovu “qurban” vermək bahasına kreslosunu qorumağa nail olub. “Belə ki, aşkarlanan qanunsuzluqlara və nöqsanlara görə məhz Ramiz Tatarova rəsmi xəbərdarlıq edilib. Bu isə o deməkdir ki, icra başçısı üzə çıxarılan korrupsiya faktlarının məsuliyyətini 1-ci müavinin üzərinə yükləməyi bacarıb”, - mənbə bildirib.

Mənbə əlavə edib ki, Tatarovla bərabər, Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) daha iki əməkdaşı xəbərdarlıq alıb: “Bunlardan biri RİH-in şöbə müdiri, digəri isə məsləhətçisi olub. Halbuki on minlərlə manatlıq korrupsiya faktlarının belə aşağı vəzifəli şəöxslərin “özfəaliyyəti” olduğuna inanmaq mümkün deyil”.Maraqlı burasıdır ki, bu ilin əvvəlində də oxşar hadisə baş verib. “Hesablama Palatası 2015-ci il üzrə hesabatında yenə Ağstafa rayonunda korrupsiya hallarının aşkarlandığını göstərib. “Məlum olub ki, Məhərrəm Quliyevin rəhbərlik etdiyi rayonda büdcə vəsaitlərinin təyinatı üzrə, səmərəli xərclənməsi ilə bağlı problemlər nəinki həllini tapıb, hətta daha da dərinləşib”, - deyən mənbəmizin sözlərinə görə, bu dəfə də icra başçısı öz işçilərindən bəzilərini “qurban” verməklə, özünü sığortalamağa nail olub: “Belə ki, aşkarlanan korrupsiya faktları ilə bağlı Ağstafa RİH-in 2 işçisi tutduğu vəzifədən uzaqlaşdırılıb, 4 işçiyə töhmət verilib, 3 işçiyə xəbərdarlıq edilib.

 Yəni yerli icra hakimiyyətindəki qanunsuzluqların məsuliyyəti bu dəfə də digər işçilərin üzərində qalıb, icra başçısına isə “gözün üstə qaşın var” deyən tapılmayıb”.Mənbənin bildirdiyinə görə, ilbəil rayondakı korrupsiya hallarının miqyası genişlənsə də, sadəcə, yerli RİH-in əsasən aşağı vəzifəli şəxslərin cəzalandırılması təccüb doğurur. Ötən illərin təcrübəsi bununla Ağstafada korrupsiyanın qarşısının alınmasının mümkünsüzlüyünü göstərir. Məhərrəm Quliyevin “korrupsiya qurbanı” seçdiyi çinovniklər olsa-olsa, icra başçısının postunu qoruyub-saxlamağa yarayırlar, nəinki rayonda büdcə vəsaitləri ilə şəffaf və effektiv davranılmasına!Xatırladaq ki, .2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyən M.Quliyev 5 ildən artıqdır (daha dəqiq desək, 2011-ci ilin iyulundan) Ağstafa rayonuna rəhbərlik edir.

 Onun rayona təyinat almasından sonra Ağstafa sakinlərinin yerli rəhbərlikdən şikayətləri daha da artıb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi