Narkomanlar sürətlə çoxalır: Ölkədə narkotik satılmayan yer yoxdu

Narkomanlar sürətlə çoxalır: Ölkədə narkotik satılmayan yer yoxdu 

Azərbaycanda son illər ərzində rəsmi qeydiyyata alınan narkomanların sayında ancaq artım müşahidə edilir. Belə ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər olduğu halda, 2015-ci ildə bu rəqəm 28 555-ə, 2018-ci ildə 31 432-ə, 2019-cu ildə 32 921-ə yüksəlib. 2020-ci il 31 dekabr tarixinə respublika üzrə qeydiyyatda olan narkomanların sayı isə 33 788 nəfərə çatıb.

Azərbaycanda narkomanlar daha çox opiat qrupuna daxil olan narkotiklərdən - tiryək, heroin və kokosdan istifadə edirlər. Ölkədə qeydiyyatda olan narkomanların da 23 537 nəfəri opiat, 10 251 nəfəri kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 


Ölkədə narkomanların sayının azaldılması üçün maarifləndirmə işləri və digər tədbirlər aparılsa da, ortaya çıxan yeni bir problem narkomanların sayının getdikcə arta biləcəyi təhlükəsini yaradıb.



Son vaxtlar artan narahatlıq “patı” və ya “şüşə” adlandırılan metamfetaminin geniş yayılması ilə bağlıdır. Qaçaqmal yolu ilə ölkəmizə gətirilən bu narkotik vasitənin qiymətinin çox ucuz olduğu - təxminən 5-15 manata satıldığı bildirilir. Belə bir ucuz vasitənin geniş yayılması Azərbaycanda narkomaniyanın əhatə dairəsini genişləndirib və artıq demək olar ki, ölkənin hər yerində narkotik vasitələr satılır.


Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə ƏmirhüseynovaBakupost.az -a bildirib ki, Azərbaycanda narkotikdən istifadə edənlərin əksəriyyətinin yeniyetmə və gənc olması acınacaqlı haldır: 



“Bəlkə də elə qəsəbə, elə kənd, elə şəhər yoxdur ki, orada müxtəlif adlı narkotik maddə satılmasın. Bu məhsullar ölkəmizə hardan, necə gətirilir? Yaxud ölkəmizdə harada, necə istehsal olunur? Bu suallara cavab tapmaq və narkotik yayanların kökünü kəsmək olduqca vacibdir”. 



M.Əmirhüseynova qeyd edib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi bu bəlanın qarşısını almaq üçün böyük və təsirli işlər həyata keçirir: "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində idarəçiliyi, əməliyyat-axtarış fəaliyyətini və təhqiqatı həyata keçirən, bu istiqamətdə kriminogen durumun təhlilinə əsasən müvafiq regional qurumların, ərazi və nəqliyyatda polis orqanlarındakı aidiyyəti strukturların fəaliyyətini təşkil edən və əlaqələndirən struktur olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsi vətəndaş cəmiyyəti ilə də sıx əlaqədə fəaliyyət göstərir". 


M.Əmiraslanova narkomaniyanı təkcə Azərbaycanın deyil, bütün dünyanın bəlası sayır:

“Narkomaniya yaşaya-yaşaya ölmək deməkdir. Narkotikdən istifadə edənlər hər gün ölürlər. Belə insanların meyitlərdən fərqi yoxdur. Narkomaniya elə bir bəladır ki, onunla bütün cəmiyyət mübarizə aparmalıdır. Narkotik asılılığa düşənlərlə apardığımız profilaktiki söhbətlər zamanı məlum olur ki, burada ən birinci baiskar mühitdir. Gənclər nəzarətsiz mühitin təsirinə düşürlər və uzun müddət narkotik aludəçiliyinə düçar olanlar onları öz torlarına salırlar. İkinci səbəb işsizlik, savadsızlıqdır. Biz bu sahədə xeyli maarifləndirmə işləri həyata keçirmişik. Narkomandan üz döndərmək olmaz, onunla sona qədər iş aparmaq, müalicələrə cəlb etmək vacibdir”. 


Şura sədrinin müavini vurğulayıb ki, narkotikdən istifadə edənlər beyni zədələyir və nəticədə anormal insana çevrilirlər. Onlar belə halda düşünmək, hərəkət etmək, reaksiya vermək qabiliyyətini itirir, danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur:


“Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr "Narkotiksiz gələcək naminə" milli proqramlar qəbul edirlər. Buraya təhsil ocaqlarında, hüquq-mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır. Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Ancaq biz hər gün narkomaniyaya qarşı mübarizə günü elan etməliyik. Unutmaq olmaz ki, narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vurur, fiziki qüvvəni tükəndirir, bədənin çəkisi birdən-birə azalır, ümumi zəhərlənmə baş verir. Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur.


Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulmuş insanlar çoxdur. Narkotik maddə alverçiləri heroin və kokainə yuyucu toz, yaxud şəkər tozu qatıb satırlar, ona görə də narkomanda şəkərli diabet tez inkişaf edir. Əgər heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, zəhərin güclü təsirindən o saat ölmək olar. Bu kimi faktları bütün gənclərin nəinki diqqətinə çatdırmaq, beyinlərinə yeritmək lazımdır”.


Narkoloq Asif Kəngərlinin sözlərinə görə, narkotik maddələr ürəyin yığılma qabiliyyəti olan liflərini məhv edir, damarları daraldır, qanı laxtalandırır:


“Sonda qanın hərəkəti ləngiyir, toxumalarda oksidləşmə-bərpa prosesi pozulur. Qaraciyərdə narkotikin zərərli təsiri nəticəsində əvvəlcə hepatit, sonra isə serroz inkişaf edir. Narkomanlar arasında qaraciyərin C virus hepatiti geniş yayılıb ki, bu xəstəlik də müalicəyə çox çətin tabe olur. Narkomanlar arasında böyrəklərin fəaliyyəti də qənaətbəxş olmur. Narkotikin zərərli təsirindən immun sistemi zəifləyir, nəticədə, infeksion xəstəliklərə tutulma asanlaşır və ağciyərlərdə vərəm baş qaldırır. Həzm və endokrin sistemin işi pozulur. Bu pozğunluqlar öz növbəsində digər sistemlərə də mənfi təsir edir. Qəbul edilən hər bir porsiya narkotik, ya alkoqol azı 1 000- 2 000 beyin hüceyrəsini məhv edir. Narkotik maddələr beyini necə deyərlər “qurutduğu” üçün kəskin nevrasteniya, depressiya və psixi xəstəliklərə çox rast gəlinir. Narkomanlar arasında QİÇS (SPİD) və zöhrəvi xəstəliklər geniş yayılıb ki, onlardan birincisi sağalmaz, ikincisi isə ağır xəstəlik sayılır. 


Uğur Qismətli
Baku Post.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər