“NAZİR, DİZ ÇÖKÜB MƏNDƏN ÜZR İSTƏDİ...” - "Rəsmi məktubla həyat yoldaşı üçün maşın istəyirdi"
Azərbaycanın sabiq Maliyyə naziri Fikrət Yusifovun keçmiş Respublika Əmanət Bankı İdarə Heyətinin sədri Hüseyn Səfərovun külli miqdarda mənimsəməyə yol verdiyinə dair paylaşımı ciddi rezonans doğurub.
Sabiq nazir H.Səfərovun 1990-cı illərin ortalarında dövlətə məxsus həmin vaxtın pulu ilə 150 milyard manat vəsaiti mal-qara tədarükü adı altında nağdlaşdıraraq mənimsədiyini iddia edib. F.Yusifov həmçinin H.Səfərovun Maliyyə Nazirliyinin banka göndərilən müfəttişlərini belə döydürdüyünü, hətta oğurlatdırdığını qeyd edib. Bu ittihamların ciddiliyini, eləcə də Heydər Əliyevin hakimiyyəti dövründə nazirlik müfəttişlərini oğurlatmağın, döydürməyin nə demək olduğunu nəzərə alaraq, F.Yusifovun adını çəkdiyi Hüseyn Səfərovun mövqeyilə maraqlandıq.
Elə ilk olaraq müfəttişlər məsələsinə toxunan sabiq bank sədri bildirdi ki, Heydər Əliyevin rəhbərlik etdiyi bir ölkədə dövlət məmurunun döyülməsi, hətta oğurlanmasına dair iddia irəli sürən adamın mütləq hansısa psixoloji problemləri olmalıdır. Bu səbəbdən Fikrət Yusifovu qeyri-adekvat və qeyri-ciddi adam hesab etdiyini deyən Hüseyn Səfərov, sabiq nazirin iddialarının cəfəngiyyat və uydurma olduğunu bildirdi: “Bu adamın yadına salın ki, ümumiyyətlə, Maliyyə Nazirliyinin bank filialına yoxlama göndərmək səlahiyyəti yox idi. Belə olan təqdirdə hansı yoxlamadan, müfəttişdən, döyülmədən və s. söhbət gedə bilər? Digər tərəfdən, əgər doğrudan da belə bir hadisə olmuşdusa, niyə onun iştirakçıları, yaxud elə Fikrət Yusifovun özü indiyə kimi səsini çıxarmayıb, şikayət etməyib? Bu absurd ittihamı irəli sürən Fikrət Yusifov yaxşı olar ki, başqa vacib və doğrudan da baş vermiş hadisələri yada salsın. Məsələn, bir gün mənə zəng edib dedi ki, sənin adamların qardaşım İlham Yusifovu döyüblər. Dərhal durub onun yanına getdim. Araşdırdıq və məlum oldu ki, onun qardaşını kimlərəsə pul “atdığı” üçün kötəkləyiblər. Məsələ aydınlaşandan sonra məndən diz çöküb üzr istədi, pərt oldu. Başladı yalvarmağa ki, bu barədə heç kimə demə, gedək çörək kəsək, bu məsələyə nöqtə qoyaq. İmtina etdim. Dedim sənin kimi şantajçı bir adamın çörəyini kəsə bilmərəm... İndi belə şərçi, şantajçı bir adamın dediklərinə necə inanmaq, bunu necə ciddi qəbul etmək olar?”
Fikrət Yusifovun bankdan 150 milyard manatın mənimsənilməsinə dair iddiasına gəlincə, Hüseyn Səfərov dedi ki, sabiq nazir bu dediklərilə öz savadsızlığını və qeyri-peşəkarlığını göstərir: “Ola bilər ki, Fikrət Yusifovun iqtisadi savadı çatmır, ona görə də yada salım ki, 150 milyard manat o vaxtın pulu ilə (1 dollar - 3900 manat) 38 milyon 462 min dollar edir. Azərbaycanın o dövrdəki durumunda bu qədər pulu mal-qara tədarükü adıyla kredit vermək olardı? Bu nə absurd ittihamdır? Maliyyə naziri işləmiş bir şəxs həqiqətə uyğun olmayan, heç bir sübut, fakt gətirmədən belə ittihamlarla çıxış etməməli, özünə bunu yaraşdırmamalıdır. Digər yandan, həmin vaxt Respublika Əmanət Bankının müxbir hesabında bir manat da sərbəst vəsait olmayıb. Belə olan təqdirdə, 38 milyon dolları, özü də mal-qara tədarükü adı ilə necə kredit vermək olardı? Əgər belə şey olubsa və dediklərindən əmindirsə, zəhmət çəkib ortaya fakt qoysun. Həmin kreditin kimlərə və hansı adla verildiyini bildirsin. Buyursun, sənəd təqdim etsin ki, kimdir bu kredit verilən adamlar. O kreditlərin hansı məqsədlə verildiyini göstərsin. Belə bir adam, belə bir sənəd varmı? Əlbəttə ki, yoxdur!”
Hüseyn Səfərov vurğuladı ki, Fikrət Yusifovun dediyi vaxt sözügedən bankın filal müdiri vəzifəsini daşıyıb və onun sərəncamında sabiq nazirin dediyi məbləğdə vəsait olmayib: “Mən həmin dövrdə Respublika Əmanət Bankının Bayıl şöbəsinin müdiri idim. Mənim müdiri olduğum həmin bankda 40-50 min manatdan artıq sərbəst vəsait olmayıb. Bu isə inflyasiya səbəbindən indiki kursla 10 min manata yaxın vəsait demək idi. Onu da xatırladım ki, həmin dövrdəki kəskin inflyasiyanın baiskarı elə Maliyyə naziri kimi Fikrət Yusifovun özü, onun yürütdüyü maliyyə siyasəti idi. Onun yaratdığı qondarma və korrupsiyalaşan maliyyə-bank siyasəti ucbatından həmin dövrdə aylıq inflyasiya 100 faizə yaxın olub. Bu o deməkdir ki, cəmi bir neçə ay ərzində bankda olan pul, demək olar yox olub gedirdi".
H.Səfərov F.Yusifovun ondan öz ailəsinin istifadəsi üçün dövlət vəsaiti hesabına maşın almağı xahiş etdiyini də xatırlatdı: ”1995-ci ildə bu adam mənə rəsmi məktubla müraciət edərək, Maliyyə Nazirliyinə bir "Jiquli-06" hədiyyə etməyimi istədi. Soruşdum ki, bəs həmin pulu necə rəsmiləşdirək? Mənə dedi ki, öz cibindən al. Dedi ki, həyat yoldaşına mühafizəçilər tutub, maşını da onlara vermək istəyir. Mənsə dövlət hesabına onun həyat yoldaşına maşın almaqdan imtina etdim və bundan sonra mənimlə intriqa aparmağa başladı.”
Nəhayət, sabiq bank sədri F.Yusifovun kimliyinə qiymət vermək üçün onun “siyasi keçmişinə” nəzər yetirməyin vacibliyini qeyd etdi. Onun sabiq spiker Rəsul Quliyevin “komandasına” daxil olması və dövlət çevrilişinə cəhddə ittiham olunmasını xatırladan H.Səfərov, belə birisi üçün şantajın, yalanın adi hal olduğunu söylədi: “Fikrət dövlət çevrilişi cinayətinə görə həbs edilib. Bu, sadə məsələ, sadə ittiham deyil. Belə bir adamın yalan söyləməsində, yaxud şantajla məşğul olmasında qeyri-adi bir şey yoxdur. Onu da qeyd edim ki, bu adamın psixi durumu yerində deyil, ona görə də ağzına gələni danışır. Fikrət həbs edilən zaman Ədliyyə Nazirliyinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkirdi. Onu adi məhbusların deyil, öz xahişi ilə hüquq-mühafizə orqanının keçmiş əməkdaşı olan məhbusların yanına yerləşdirmişdilər. Tanışım olan məhbuslardan biri deyirdi ki, onda psixi narahatlıq əmələ gəlmişdi, hər gün həbsxananın həyətində mayallaq aşırdı...”
Sonda sabiq bank sədri bildirdi ki, Fikrət Yusifov barədə deyiləsi, açıqlanmalı olan xeyli faktlara, sənədlərə malikdir və yaxın günlərdə həmin faktları ictimaiyyətə təqdim edəcək.
Rasim Əliyev
“AzPolitika.info”
Bu xəbər üçün şərh yazın