NAZİRLİKLƏRDƏKİ KÜTLƏVİ GƏNCLƏŞDİRMƏNİN FƏSADLARI... – Milyonlar xaricə axır, bürokratiya və narazılıqlar artır
“Gəncləşən” nazirliklərdə dövlət qulluqçusu anlayışının deqradasiyaya uğraması baş verir
Köhnə idarəetmə sisteminin yenilənməsini, gənc, savadlı, enerjili, işi bilən və şəffaf reputasiyalı kadrların önə çəkilməsini Azərbaycanda istəməyən kəs yoxdur. Zatən də bu istiqamətdə müəyyən təqdirəlayiq addımların atıldığı göz qabağındadır. “Köhnə qvardiya”, “5-ci kolon” kimi təsvir edilən və cəmiyyətin bütün sahələrində inkişafı əngəlləyən şəxslərin əhəmiyyətli vəzifələrdən kənarlaşdırılması əlbəttə ki, müsbət addımdır. Və bununla yanaşı, doğrudan da müxtəlif sahələrdə xeyli sayda gənc və parlaq kadrlarımız formalaşıb, onlar yüksək vəzifələrə təyin olunub və sair.
Lakin təəssüf ki, bir çox nazirlik, komitə və digər idarəçilik strukturlarında kadrların gəncləşdirilməsi siyasəti “qaş düzəldən yerdə göz çıxarmaq” prinsipi ilə aparılır və heç də hər zaman “ASAN” Xidmətdəki effekti vermir.
Belə ki, kütləvi şəkildə nisbətən yaşlı və təcrübəli kadrların ağına-bozuna baxmadan müxtəlif adlar altında işdən kənarlaşdırılması, onların yerinə işi bilməyən, təcrübəsiz, məsul olduğu sahədən bixəbər gənclərin təyinatına rast gəlinir. Bu təyinatlar əsasən xaricdə təhsil, xarici dil bilgisi və s. məlum kriteriyalara əsaslanır. Lakin çox zaman həmin gənclərin onlara həvalə olunan sahəyə dair nəzəri və xüsusilə də praktiki bilgilərə, təcrübəyə nə dərəcdə sahib olduqları heç kimi maraqlandırmır. Bu da nəticə etibarilə müxtəlif ağrılı fəsadlar törədir, bu və ya digər qurumun fəaliyyətinin effektivlik səviyyəsinə mənfi təsir edir, süründürməçilik, bürokratiya kimi əlavə problemlər yaradır.
Çünki işi bilməyən gənc kadr ona həvalə olunan işi yerinə yetirə bilmədiyi, bəzən isə ümumiyyətlə həmin sahədən bixəbər olduğu üçün nəyisə öyrənməyə, kimlərəsə müraciət etməyə, mütəxəssislərdən bilgi almağa və s. xeyli vaxt sərf etməli, ya da işi öz boynundan atmaq üçün vətəndaşı get-gələ salmalı olur. Bu da gecikmələrə, süründürməçiliyə, bürokratiyaya yol açır.
Adətən, nisbətən yaşlı və təcrübəli kadrlar bu və ya digər qurumdan struktur islahatı, yaxud ixtisar adı ilə uzaqlaşdırılır, çox vaxt onların işlədikləri şöbələr ümumiyyətlə ləğv olunur. Lakin qəribədir ki, onların yerində bir çox hallarda yeni struktur vahidləri yaradılır və həmin yeni adlı şöbələr əvvəl ləğv olunmuş şöbələrin funksiyalarını yerinə yetirirlər. Lakin bu dəfə həmin şöbələrə təcrübəli kladrlar deyil, gənclər yerləşdirilir. Və təəssüf ki, bu cür hesablanmamış, ölçü-biçisiz, səhv kadr siyasəti bir çox nazirlik və komitələrin, idarələrin fəaliyyətini az qala iflic edir.
Belə ki, yeni gətirilən kadrlar heç bir təcrübəyə, iş bacarığına malik olmadıqları üçün əsas iş belə şöbələrdə qalan 3-5 təcrübəli kadrın üzərinə düşür. Onlarsa bütöv bir şöbənin etməli olduğu işi təkbaşına görməli olurlar və təbii ki, bunun öhdəsindən gələ, işi tam başa çatdıra bilmirlər.
Misal üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyinin müvafiq strukturlarında xeyli müddətdir əlilliyin təyinatı, bununla əlaqədar komissiyaların təşkili, onların fəaliyyətinin əlaqələndirilməsi və s. ilə bağlı yaranan və əhalidə, cəmiyyətdə böyük narazılığa səbəb olan məlum problemlər – süründürməçilik, bürokratiya, əlillik təyinatında yol verilən ciddi qüsurlar və s. digər səbəblərlə yanaşı, həm də sözügedən qurumlardakı kadr problemlərilə əlaqədardır. Yetərli təcrübəyə və biliklərə malik olmayan kadrlar bu işin yüksək səviyyədə təşkilinə və tezləşdirilməsinə yox, əngəllənməsinə, yubanmasına xidmət etmiş olublar. Çünki zamanında onların təyinatı səhv aparılıb.
Axı, sadəcə ingilis dilini bilmək, yaxud xaricdə təhsil almaq kifayət etmir. Konkret sahə üzrə mütləq nəzəri və xüsusilə də praktiki biliklərə, təcrübəyə malik olmaq lazımdır. Ucdantutma köhnə kadrların işdən çıxarılması və onların yerinə yuxarıda qeyd etdiyimiz, belə demək mümkünsə, yetişməmiş, kal gənclərin təyin olunması təkcə adlarını çəkdiyimiz nazirliklərdə deyil, digər əksər qurumlarda da ağır fəsadlar yaradır.
Maraqlıdır ki, bir çox nazirlik və komitə rəhbərləri yaranmış xoşagəlməz vəziyyətdən özünəməxsus çıxış yolu tapıblar - xaricdən məsləhətçi, konsaltinq və s. şirkətləri dəvət etmək. Yəni ki, əvvəllər nazirlik və komitələrin daxilindəki öz mütəxəssislərimizin görə bildikləri işi indi xarici şirkətlərə həvalə edirlər. Bu isə hər ayrıca götürülmüş idarəetmə strukturunda milyonlar, on milyonlarla ölçülən vəsaitlərin “məsləhət” adı ilə xaricə axıdılması deməkdir. Bunu son illərdə əksər nazirliklərin xaricdən məsləhətçi şirkət dəvət etməsinə dair mətbuatda gedən xəbərlərin xeyli çoxalması da təsdiqləyir. Bu, o deməkdir ki, səhv kadr siyasəti digər mənfi tərəflərilə yanaşı, həm də xaricə külli miqdarda valyuta axınına səbəb olur.
Onu da qeyd edək ki, xaricdə bahalı təhsil almış və hazırda kifayət qədər yüksək vəzifələrə yerləşdirilən gənclərin hamısı da olmasa, bir çoxu imkanlı şəxslərin, əsasən də məmurların övladları, yaxınlarıdır. Belələri gənc və təcrübəsiz olmaqla yanaşı, həm də “qara camaat”dan, onun sosial problemlərindən, güzəranından və psixoloji durumundan bixəbərdirlər. Bu da həmin kadrların əhali ilə dil tapmasına, problemləri dərindən dərk etməsinə və onları effektiv şəkildə həll etməsinə imkan vermir.
Həmçinin, belələrinin bir çox hallarda öz iş yerlərində işdən çox əyləncəyə vaxt sərf etməsi, vaxtlarını kompüter oyunları arxasında, yaxud iki gündən bir ad günü qeyd etmək, tort kəsməklə keçirirməsi dövlət qulluqçusu anlayışını və etikasını da zədələyir. Nizam-intizamın son dərəcədə zəifləməsi, dövlət qulluqçusu anlayışının deqradasiyaya uğraması baş verir. Eyni zamanda, qeyd etdiyimiz yanlış kadr siyasəti bürokratiyaya, süründürməçiliyə, məsuliyyətsizliyə, bir sözlə, dərəbəyliyə yol açır...
Əslində bu, çox geniş mövzudur və onun bir məqalə ilə əhatə olunması qeyri-mümkündür. Lakin bütün bunları qeyd etməkdə məqsədimiz əlbəttə ki, gənclərin önə çəkilməsinə, ən əsası da təmənnasız, şəffaf şəkildə bu və ya digər vəzifələrə təyinatına qarşı çıxmaq deyil, sadəcə, bütün işlərdə olduğu kimi, kadr siyasətində də düşünülməmiş, sərt, radikal addımların böyük risqlər və fəsadlar yaratdığını qeyd etməkdir.
Əks halda, bu cür kadr siyasəti iş keyfiyyətinin aşağı düşməsi, bürokratiyanın, süründürməçiliyin daha da geniş yayılması, dövlət qulluqçusu anlayışının dəyərsizləşməsi, ölkədən valyuta axını və s. kimi mənfi fəsadlardan başqa heç nə verməyəcək.
Cəlal Məmmədov
AzPolitika.info
Bu xəbər üçün şərh yazın