“Normal ölkələrdə jurnalistlərə ev, maddi təminat verilsə, bu, böyük skandal olar, Azərbaycanda isə...”
“Jurnalist hökumətin əlinə baxan dəqiqədən artıq obyektivliyi itir. Normal ölkələrdə hökumət jurnalistlərə ev, maddi təminat versə, bu, böyük skandal olar, bizim başıbəlalı məmləkətdə isə bu məsələyə də normal baxılır”.
Bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.
N.Cəfərli qeyd edib ki, jurnalist özü qazanıb, özü-özünü dolandırmasa, ya gizli sponsorlardan, ya da hökumətdən asılı vəziyyətə düşür: “MDB üzrə bəzi ölkələrdə jurnalistlərin orta əmək haqqı:
Rusiya – 500 dollar, Qazaxstan – 367 dollar, Ukrayna – 381 dollar, Belarus – 387 dollar.
Bəzi dünya ölkələrində:
Böyük Britaniya – 7000 funt, Almaniya – 3706 avro, Fransa – 3550 avro, Çexiya – 1100 dollar, İndoneziya – 440 dollar.
Təbii ki, söhbət orta aylıq maaşdan gedir, amma, məsələn, BBC-nin “Top Gear” şousunun aparıcısı Jeremy Clarkson ilə 14 mln. funt qazanırdı.
Bizdə jurnalistlərin rəsmi maaşları nə qədərdir? Bir yazıya görə nə qədər qonorar alırlar? Redaktorların qazancı nə qədərdir? Bütün bu sualların cavabı yoxdur. İqtisadiyyat inhisarçılıq, məmur “kapitalizmi” üzərində qurulubsa, reklam bazarı dardırsa, jurnalistika da inkişaf edə bilməz. Bunlar bir-birə bağlı məsələlərdir, az qazanan jurnalistlər isə hökumət üçün asan “yem” olurlar.
Bəzi azsaylı idealist jurnalistlərimiz var, bütün ağırlıq onların üzərinə düşür. Amma ictimai sektorda əlinə hər kamera, telefon alana da gərək jurnalist deməyək, çünki böyük əksəriyyətinin peşəkarlıq səviyyəsi, yumşaq desəm, çox aşağıdır. Yəni bu eybəcər sistemdə ayrıca jurnalistika normal ola bilməzdi, necə ki, ola bilmədi, ona görə də jurnalistlərdə günah yoxdur, onlara yüklənməyi doğru saymıram, sistem zaydır...
Puldan söz düşmüşkən, dünyanın ən varlı adamı Jeff Bezos iki gün əvvəl gün ərzində 13 mlrd. dollar daha varlı oldu – ümumi varidatı 189 mlrd. dollar çatdı. Adam istəsə, dünyada 1 mlrd. 691 mln. 52 min nəfərə 1 ay 190 manat pul verər və ya 15 il Azərbaycanı tək saxlayar, pulu bizim 15 illik büdcəmizə bərabərdir...”/Pravda.az
Bu xəbər üçün şərh yazın