O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? - İLGİNC FAKTLAR
Xəbər verdiyimiz kimi, oktyabrın 22-də Bakının Sabunçu rayonu ərazisindəki keçidi subasması zamanı iki nəfər boğularaq ölüb.
Həmin tuneli “Körpü Bina Tikinti” MMC inşa edib. Mütəxəssislər bildirir ki, bir çox tikinti normativlərinə əməl edilmədiyi üçün belə bir faciə yaşanıb. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da etiraf edib.
“Körpü Bina Tikinti” MMC indiyə kimi bir çox iri layihələr həyata keçirib. Bu hadisədən sonra ortaya iki sual çıxır: Birincisi, sözügedən MMC-nin icra etdiyi layihələrlə bağlı yoxlamalar başlaya bilərmi?
İkincisi, tunelin tikintisini sifariş verən “Azərbaycan Dəmir Yolları”nın o zamankı sədri Cavid Qurbanov və onun komandası məsuliyyət daşıyırmı?
Arayış üçüm bildirək ki, Sabunçu rayonu, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunelin sifarişçisi “Azərbaycan Dəmir Yolları” QSC, tikinti işlərini aparan isə “Körpü Bina Tikinti” MMC olub. Tunelin açılışı 2020-ci ilin martın 13-də baş tutub. Açılış mərasimində qırmızı lenti “Azərbaycan Dəmir Yolları”nın o zamankı sədri Cavid Qurbanovun müavini Zaman Novruzov kəsib.
Globalinfo.az-a danışan daşınmaz əmlak və inşaat eksperti Elnur Azadovun fikrincə, hadisə müxtəlif səbəblərdən baş verə bilər.
O deyib ki, 70 ilə yaxın yaşı olan Bağırov körpüsündə baş vermiş hadisə onun istismar müddəti ilə bağlıdır:
“O, qədim körpüdür və layihə sovet memarları tərəfindən hazırlanıb. Həmin körpü 1954-55-ci ildə inşa olunub, lakin ilk dəfə belə hadisə baş verir. Məsələ ilə bağlı araşdırma aparılmalı, səbəbin nə olduğunu bilmək üçün düzgün ekspertiza olmalıdır. Son 20 il ərzində Sabunçudan başqa Bakı şəhərində bir çox yol ötürücüləri və müxtəlif körpülər inşa olunub. Bu müddət ərzində inşa olunan körpülərdə subasma hadisələri daha çox olub nəinki Bağırov körpüsündə. Bu da o deməkdir ki, indiki yol ötürücüləri və körpülərində, 20 ildə inşa olunan binalarda, obyektlərdə problemlər daha çoxdur”.
Ekspertin sözlərinə görə, burada ilk növbədə hansı təşkilatın sifarişçi olması, layihəni hansı büronun çəkdiyi və bu kimi hallara qarşı nə dərəcədə dözümlü olması məsələsi gündəmə gəlir:
“Ekspertlər baş verən ərazinin layihəsi ilə tanış olmalıdırlar. Əgər layihə həqiqətən də standartlara cavab verirsə, o zaman məsuliyyət işi icra edən “Körpü Bina Tikinti” MMC rəhbərliyinin üzərinə düşür. Burada buraxılmış texniki qüsurların nə dərəcədə əhəmiyyətli olması yoxlanılmalıdır. Ola bilər ki, orada çıxarıla biləcək su həcmi üçün olan avadanlığın parametrləri layihədə göstərilən parametrlərdən aşağıdır və ya daha zəifdir. Bundan başqa, sudaşıyıcı borularının həcmi az ola bilər, xərc az çıxsın deyə, daha ucuz materialın alınması da istisna deyil. Ümumiyyətlə, belə məsələlərdə tender elan olunur. Hansı təşkilat bu tenderdə daha ucuz formada qiymət təklif edirsə, o təşkilat da tenderin qalibi olur. Mümkündür ki, işi icra edən MMC vəsaitə qənaət etmək istəyib”.
E.Azadov deyib ki, bu, sifarişçi təşkilatdan sonra “Azəryolservis” ASC üzərindən keçən məsələdir:
“Yollarda təhlükəsizliyin təminatı, quraşdırılan subasmalar, palçıq, çirkab su, ağaclardan tökülən yarpaq və məişət tullantıları yağış nəticəsində orada toplanıbsa, o zaman məsuliyyət kommunal təsərrüfat birliyinin üzərinə düşür. Əslində, hadisənin baş verməsində birbaşa məsuliyyətli olan tərəfin olmamasından şübhələnirəm. Təşkilatlar məsələni bir-birinin üzərinə atacaq və çox güman ki, günahkar tərəf olmayacaq. Amma fikrimcə, məsuliyyət birbaşa hər hansı təşkilatın üzərində olmalıdır. Hətta təşkilatdan başqa orada olan müvafiq şöbə və departamentin də məsuliyyət daşıması qanun və normativdə əks olunmalıdır. Belə olmadığı təqdirdə bu kimi hadisələr daha çox təkrarlanacaq”.
Hüquqşünas Turqay Hüseynovun sözlərinə görə, məsuliyyəti həmin dövrdə çalışmış podratçı daşımalıdır:
“Lakin burada drenaj sisteminin işlək olub-olmaması yoxlanılmalıdır. Bundan əlavə, həmin drenaj sisteminin işlək vəziyyətdə saxlanmasına görə nəzarət edənlər də cavab verməlidirlər. Ümumiyyətlə, keçid, körpü tikintisini kim balansındadırsa, o da onun işlək vəziyyətinə cavabdehdir”.
Qeyd edək ki, tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni 13,5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metrə bərabərdir.
4 il əvvəl açılış mərasimində verilən məlumata görə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Amma görünən və real mənzərə onu deməyə əsas verir ki, ötən gecəki hadisə zamanı nə üç nasos, nə 100 kilovatlıq transformator, nə də generator işə yarayıb.
Sabunçu rayonu ərazisində bu şirkətin daha öncə tikdiyi başqa bir tuneli də su basmış, o zaman da bir neçə avtomobil suyun altında qalaraq yararsız vəziyyətə düşmüşdü.
“Körpü Bina Tikinti” MMC-nin icra etdiyi layihələrə keçmiş “Şəfa” stadionunun qarşısındakı yeraltı keçid, Bakı Olimpiya Stadionundan Heydər Əliyev adına hava limanı avtomobil yoluna keçid, Suqovuşan su anbarının təmir və bərpası, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu, Sabunçu-Pirşağı-Sumqayıt dəmiryolu stansiyasının yenidən qurulması və s. daxildir.
Bu xəbər üçün şərh yazın