"Onlar belə bir şüar qaldırmışdılar ki, "Kimə istəsəm verərəm", bu, əxlaqsızlıq deməkdir" - Sərdar Cəlaloğlu
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu saytımıza açıqlamasında "Azərbaycanda feminist hərəkatı yoxdur. Bu qadınlar anti-feministlərdir, fahişəlik azadlığı uğrunda mübarizə aparırlar" fikrini bildirmişdi.
Xaricdə yaşayan jurnalist Əfqan Muxtarlı partiya sədrinin bu mövqeyinə təhqiramiz ifadələrlə münasibət bildirib. Jurnalist "Facebook"da siyasətçinin əleyhinə təhqirlərə yol verib. Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında Sərdar Cəlaloğlu qeyd edib ki, jurnalistə qarşı küçə qaydasında cavab verən deyil. Partiya sədrininin sözlərinə görə, ola bilsin ki, bu hərəkatın içərisində jurnalistin yaxınları olduğundan o belə danışır:
"Yəni, bilmirəm bu adamın feministdən nə kimi əlaqəsi var. Mən sadəcə olaraq, feministlərin qaldırdığı şüara əsasən fikir demişəm. Onlar belə bir şüar qaldırmışdılar ki, "vagina mənimdir, kimə istəsəm verərəm". Bu, əxlaqsızlıq deməkdir. Mən başqa fikir deməmişəm. Azərbaycanda feminist hərəkatının heç bir əsasının olmadığını, Azərbaycan Konstitusiyasında qadınların bütün hüquqlarının təsbit edildiyini, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında çox yüksək dərəcədə iştirak etdiyini demişəm və bu hərəkatın da əsassız olduğunu söyləmişəm. İndi bu məsələləri niyə özünə götürürsə, deyə bilmərəm. Bəlkə də, bu hərəkatın içində öz yaxınları var, bu başqa məsələ. Ancaq mən orada qeyri-adi bir şey deməmişəm. Şüarlara baxıb demişəm ki, həmin şüarlar feminist hərəkatının şüarları ola bilməz.
Onun mövqeyi qərəzli mövqedi. İstəyirsə lap polemikaya girək. Mən ümumiyyətlə, tanımıram o adam kimdir... Fikirlərinə də rast gəlməmişəm. Hər nə deyirsə, öz şəxsi həyatını ifadə edir. İndi mən ona küçə qaydasında cavab verən deyiləm ki! Nə istəyir özü bilər, nə danışır özü bilər. Ancaq Azərbaycanda feminist hərəkatına heç bir ehtiyac yoxdu və bizdə də o "feminist hərəkatı" adında başlayan o hərəkat Azərbaycan xalqına yaddır, süni bir hərəkatdır. Azərbaycan qadınlarının da 99 faizi də o hərəkatı bəyənmir, dəstəkləmir. Bütövlükdə toplumu dağıdan, ailə institutuna zərbə endirən şəxsi dəyərlərin cəmiyyətə necə gəldi qol-qanad açmasına imkan verə bilmərik".
Bu xəbər üçün şərh yazın