"Ordunu korrupsiyalaşmış ”sadıkovçu"lardan təmizləmək lazımdır" - Hüquqşünas

"Ordunu korrupsiyalaşmış ”sadıkovçu"lardan təmizləmək lazımdır" - Hüquqşünas 

General-leytenant Rövşən Əkbərovun həbsindən sonra onun “məslək yoldaşı”, MN-in sabiq qərargah rəisi Nəcməddin Sadıkovun da qandallanacağı proqnozlaşdırılırdı.

Amma hələ də baş qərargahın sabiq rəisi azadlıqdadır. 44 günlük Vətən müharibəsinin qızğın çağında Rövşən Əkbərovla Nəcməddin Sadıqovun vəzifələrindən uzaqlaşdırılması da təsadüfi deyildi.

Əvvəldən də bilinirdi ki, hər iki general Rusiya ilə gizli-aşkar əlaqələrə malikdir. Vəzifələrindən Azərbaycan üçün olduqca önəmli bir dönəmdə qovulmalarında bu məqamın xüsusi yer aldığı da istisna edilmirdi. Nəhayətdə Rövşən Əkbərov həbs olundu. Artıq həbsinin 1-ci ayı yekunlaşıb. Yaxın 3 ay ərzində də o, istintaq altında olacaq. Vəzifəcə ondan daha yuxarı pillədə dayanmış, illərlə Azərbaycan Ordusunda baş verən neqativlərdə adı hallanan Nəcməddin Sadıqov isə hələ də azadlıqdadır. Aydındır ki, dövlətin əlində Nəcməddin Sadıkovu bir ömür həbsdə saxlayacaq dosye var. Bununla belə, Sadıqovun immuniteti davam edir. Baş Qərargah rəisi müharibə dönəmində vəzifəsindən kənarlaşdırılsa da, rəsmən elan olunmayıb. Nəcməddin Sadıqov və onun ətrafı haqqında, bacısı oğlu Ramil Əsgərov barədə müharibədən əvvəl də çox mənfi imic formalaşmışdı. İddialar var ki, Rövşən Əkbərovla başlayan proses davam edəcək və burada əsas hədəfin sabiq Baş Qərargah rəhbəri Nəcməddin Sadıqov olacağı da istisna olunmur.


Bakupost.az xəbər verir ki, hüquqşünas Natiq Ələsgərov Musavat.com-a açıqlamasında Azərbaycan Ordusunda Rövşən Əkbərov kimi əli qana batan yüksək rütbəlilərin çox olduğunu bildirib:


“Nəcməddin Sadıqov və onun kimilər vaxtında həbs edilsəydi, Azərbaycan torpaqları 30 il işğal altında qalmazdı. Təsəvvür edin ki, bu adamlar ola-ola, hər bir addımımız düşmənin əlinin içində ola-ola, biz qalib gəldik. Biz bunu bacardıq. Bu gün Nəcməddin Sadıqov azadlıqdadır və öz işini görür. Bu adamlar Azərbaycan Ordusunu içindən dağıdanlar, ”yeyənlərdir". Nəcməddin Sadıqov və Rövşən Əkbərov bir mərkəzdən idarə olunan adamlardır".


Hüquqşünas deyir ki, Azərbaycan Ordusu 44 günlük müharibədə öz gücünü düşmənə göstərib, amma Sadıkovun ordumuza yerləşdirdiyi kadrlar bu gün də iş başındadır:


“Bu adamlar olmasaydı, Azərbaycan Ordusu illər öncə torpaqlarımızı düşməndən təmizləyərdi, gedib Zəngəzurda oturardı. Bu gün ordunu korrupsiyalaşmış ”sadıkovçu"lardan təmizləmək lazımdır. Azərbaycan Ordusunda olan “5-ci kolon” tam olaraq təsbit olunmaqla uzaqlaşdırılmalı, hər biri istintaqa cəlb edilməklə ən ağır cəzaya çatdırılmalıdır. Bu adamların əli minlərlə əsgərimizin qanına batıb. Əlbəttə ki, Sadıqovun da barəsində dosye var, ilk imkandaca həmin dosye ittiham aktına çevriləcək".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər