Paşinyan muzdlu “tədqiqatçılar”ın ümidinə qalıb

Paşinyan muzdlu “tədqiqatçılar”ın ümidinə qalıb 

Paşinyan rejiminin Ermənistanı günü-gündən qarşısıalınmaz bir fəlakətə sürükləməsi bütün tarixçilərə, siyasətçilərə və politoloqlara məlum bir məsələdir.


    Vladiqafqaz şəhərindən olan, Avrasiya Problemlərinin Monitorinqi Mərkəzinin direktoru Aslan Rubayev, regnum informasiya agentliyinə verdiyi müsahibəsində Ermənistanda baş verən hazırkı proseslərə dair fikrini bu şəkildə qeyd edir: “Paşinyan Ermənistanı çökdürdü, ermənilər daha onu ölkənin başında görmək və onun rəhbərliyi altında ölkənin məhvini davam etdirmək istəmirlər. Paşinyan hakimiyyətinin nəticəsi birdir: Ermənistan “ərazilərini” itirmişdir, Ermənistan demək olar ki, subyektivliyini itirmişdir və öz maraqlarını müdafiə etməyə qadir dövlət kimi fəaliyyətini dayandırmışdır” [1].

      Sirr deyildir ki, erməni millətçiləri təbliğatlarını yeritməkdən ötrü yeri gələndə qeyri-erməni mənşəli olan muzdlu “tədqiqatçılar”dan da istifadə etməkdən çəkinmirlər. Bu baxımdan elə Aslan Rubayevin adını qeyd edə bilərik. Belə ki onun azərbaycanlıların əleyhinə dərc etdirdiyi məqalələrində [2] erməni redaktorunun dəsti-xətti aydın şəkildə görünür. Göründüyü kimi təxribatçı politoloq Rubayev də əslində Ermənistanda hazırda nələrin baş verdiyini yaxşı başa düşür və istər-istəməz bunu regnum informasiya agentliyinə verdiyi müsahibəsində etiraf edir. 44-günlük İkinci Qarabağ müharibəsində Ermənistanın ağır məğlubiyyəti, Şuşanın işğaldan azad olunması, Ermənistanın Baş Naziri postundakı Paşinyanın ard-arda ciddi səhvlərə yol verməsi - Ermənistanın çöküşünə səbəb olan başlıca amildir. Paşinyanın həm hərbi, həm də ki siyasi sferadakı məğlubiyyəti, təcrübəsizliyi və xalqın taleyinə görə məsuliyyət daşımaması erməni xalqının səbrini daşıran sonuncu damla oldu. Erməni xalqı birmənalı şəkildə Paşinyanın istefasını tələb edir. Ermənistanda keçirilən mitinqdə geniş kütlənin, o cümlədən, müxtəlif ali təhsil müəssisələrində təhsil alan erməni gənclərinin etirazı açıq-aşkar göz qabağındadır. Digər bir tərəfdən məsələyə nəzər saldıqda aydın olur ki, Ermənistanın daxili strukturlarının xalqa qarşı korrupsiyaya, ədalətsizliyə, özbaşnalığa yol verməsi erməni xalqının ciddi etirazına səbəb olan amillərdəndir.

     Günahı özündən başqa hər kəsdə, yerli xalqda axtaran Paşinyan hakimiyyəti, etdiyi əməllərə bəraət qazandıraraq, yerli etiraz aksiyaçılarının üzvlərini həbs edirlər. Bu cür məqamlardan birini özünün feysbuk sosial şəbəkəsində “Müqavimət” təşkilatının lideri, parlamentin müxalifətçi vitse-spikeri İşxan Saqatelyan qeyd edir [3]. İşxan Saqatelyanın dediyinə görə, Taron Manukyan, Qor Sarkisyan, Arsen Martoyan, Gerasim Vardanyan və Qor Matevosyan həbs olunmuşdur. Saqatelyan həbs olunan etirazçılara uydurulmuş cinayət işlərinin açıldığını ifşa edir. Saqatelyan Ermənistan hakimiyyətinə qarşı belə bir ifadəsini ünvanlayır: “Əgər belə hərəkətlərlə bizi susdura biləcəyinizi düşünürsüzsə yanılırsınız. Bu uşaqlar çoxdan and içmişlər ki, Ermənistanın və ermənilərin azadlığına xidmət edəcəklər. Lazım gələrsə, həyatları bahasına”. Qeyd edək ki, Ermənistanda baş alıb gedən kütləvi həbslər bu gün də davam edir. Belə ki, son verilən məlumatlara əsasən, etiraz aksiyasında iştirak edənlərin 20 nəfərindən çoxu Ermənistan polisləri tərəfindən həbs olunmuşdur [4].

     Onu da qeyd etmək lazımdır ki, bu gün erməni “tədqiqatçıları”, “siyasətçiləri”, “politoloqları”, “xadimləri” Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiasına dəstək olmağa davam edirlər. Bu baxımdan misal olaraq, Ermənistanın sabiq ombudsmanı Arman Tatoyanı [5] göstərmək olar ki, o da öz feysbuk səhifəsində təxribat xarakterli paylaşımlar edərək Sovet dövrü Azərbaycanını təcavüzkar ölkə kimi qələmə verməyə çalışır. Əslində isə Ermənistan tarixən daim işğalçılıq siyasətini yeridərək təcavüzkar dövlət olduğunu hamıya isbat etmişdir. 1922-ci ilin oktyabrın 25-dəki arayışa nəzər saldıqda bizə aydın olur ki, hələ o dövrdə mövcud olan Azərbaycan SSRİ-nin ərazisinin həcmi – 7.989.105 desyatin (87.284,1 kvadratkilometr) olmuşdur. SSRİ-nin mövcud olduğu dövrdə Qazax qəzasının 379.984 desyatini (4.151,4 kvadratkilometr), keçmiş Zəngəzur qəzasının 405.000 desyatini (4424,7 kvadratkilometr); o cümlədən, Borçalı qəzasının 79.600 desyatini (869,6 vadratkilometr) Ermənistana verildiyinə görə o vaxt mövcud olmuş Azərbaycan SSRİ-nin ərazisi 7.283.721 desyatin (79.577,5 kvadratkilometr) olmuşdur [6]. Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, Xalq Kənd Təsərrüfatı Komissarlığının 1920-2923-cü illərə aid olan hesabatına nəzər salsaq görərik ki, Zəngəzur, Cavanşir və Qazax rayonlarının, Azərbaycanın 150 min desyatin (1638,8 vadratkilometr) həcmində olan yay otlaqlarının Ermənistana verilməsi ölkələrarası ciddi mübahisəyə səbəb olmuşdur.

      Paşinyan təkcə yerli xalqın yox, həm də “Qarabağ” klanının hədəfindədir. Koçaryan və Sarkisyanın rəhbəri olduğu “Qarabağ” klanının əsas hədəfi Paşinyanın istefasına nail olmaqdır. Həm Koçaryan, həm də ki Sarkisyan Ermənistanda hakimiyyətə gələrək öz qaydalarını yeritməyə çalışırlar. Paşinyanın Ermənistanın Baş Naziri postuna gəlişi isə “Qarabağ” klanının planlarını alt-üst etmiş oldu. Belə olduğu halda isə Paşinyanın “Qarabağ” klanına xidmət edən hər hansı bir rəqiblə üz-üzə qalması qaçılmazdır. Erməni xalqının etibarını boşa çıxardan Paşinyan, bir yandan muzdlu “tədqiqatçılar” vasitəsilə, bir yandan siyasi “şərhçilər” vasitəsilə gözlərdən pərdə asır, digər bir yandan isə kütləvi həbslərlə yerli xalqda qorxu hissi yaradaraq öz hakimiyyətini davam etdirməyə çalışır. Ona görə də bu gün Ermənistanda sülh yerinə xaos hökm sürür.

İstifadə olunmuş mənbələr:

Политолог: Пашинян привёл Армению к полному краху /05.05.2022/ https://regnum.ru/news/polit/3582667.html

Провокатор Аслан Рубаев из информационного агентства REGNUM /11.04.2022/ https://1news.az/news/20220411064523687-Provokator-Aslan-Rubaev-iz-informatsionnogo-agentstva-REGNUM

В Армении начались аресты активистов движения «Сопротивление» /13.05.2022/ https://regnum.ru/news/polit/3589598.html

Погода подводит армянскую оппозицию: полиция пресекает автопробег задержаниями /16.05.2022/ https://eadaily.com/ru/news/2022/05/16/pogoda-podvodit-armyanskuyu-oppoziciyu-policiya-presekaet-avtoprobeg-zaderzhaniyami

Татоян: Азербайджан всегда претендовал на территории Армении /16.05.2022/  https://www.radiovan.fm/station/article/40131

Tarixi həqiqətlər kimin haqlı olduğunu sübut edir /02.02.2022/ https://xalqqazeti.com/az/news/94769

Hörmətlə, Kamal Salayev

AMEA-nın Qafqazşünaslıq İnstitutunun 

Ermənişünaslıq şöbəsinin Baş Mütəxəssisi

 




       




Paşinyan muzdlu “tədqiqatçılar”ın ümidinə qalıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi