Prezidentin xüsusi nümayəndəsi bu qurumun işçisi sayılacaq
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin fəaliyyətinin təşkili qaydası açıqlanıb.
Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında" Əsasnamədə öz əksini tapıb.
Sənədə əsasən, xüsusi nümayəndəliyin strukturunu və ştat vahidlərinin sayını Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
Xüsusi nümayəndəliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidə xüsusi nümayəndəsi (bundan sonra – xüsusi nümayəndə) rəhbərlik edir. Xüsusi nümayəndə xüsusi nümayəndəliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
Xüsusi nümayəndənin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini ola bilər. Xüsusi nümayəndənin müavini xüsusi nümayəndənin ona həvalə etdiyi vəzifələri yerinə yetirir və buna görə şəxsən məsuliyyət daşıyır.
Xüsusi nümayəndə, onun müavini, xüsusi nümayəndəliyin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşlarıdır.
Xüsusi nümayəndəliyin əməkdaşlarının işə qəbulunu və işdən azad edilməsini, onlar barəsində həvəsləndirmə və intizam tədbirlərinin tətbiqini Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri həyata keçirir.
Bu xəbər üçün şərh yazın