Qalib Azərbaycanın Novruz bayramı mübarək olsun!
Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.
Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.
Ulu Öndər Heydər Əliyev
Xalqımızın əsrlərin süzgəcindən süzülüb gələn, tarixi köklərimizə bağlılığımızı ehtiva edən, milli kimliyimizi təsdiqləyən folkloru, mədəniyyəti, adət və ənənələri mövcuddur. Hansı ki, folklorumuz və adətlərimiz nəsildən nəsilə ötürülən bayramlarımızda yaşadılır. Belə bayramlarımızdan biri də Novruz bayramıdır.
Milli bayramımız olan Novruzun dörd çərşənbəsi var. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür.İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır.
Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz bayramı adətləri ərslərdir xalqımızın yaddaşında kök salıb. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”,“səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə yaşadır.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb ƏmirliklərininAbu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.
Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artır. 28 noyabr-2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.
Bəllidir ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər Heydər Əliyev xalqımıza Müstəqil Azərbaycan dövlətini bəxş etməklə yanaşı bizlərə dövlətçiliyimizi, artibutlarımızı, dilimizi, dinimizi, eləcə də milli mənəvi dəyərlərimiz olan bayramlarımızı qaytardı. Novruz bayramlarının dövlət səviyyəsində qeyd olunması, Novruz şənliklərində Ulu Öndər Heydər Əliyevin şəxsən iştirak etməsi milli mənəvi dəyərlərimizə olan diqqətin nəticəsi idi. Ulu Öndərin bayramlarda, şənliklərdə səsləndirdiyi ən böyük arzusu, istəyi torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olurdu. Bu həm də Ulu Öndər Heydər Əliyevin müqəddəs vəsiyyəti idi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Torpaqları işğaldan azad edilmiş digər rayonların sakinləri kimi, biz füzulilərin də 30 ilə yaxın davam edən vətən həsrətinə son qoyuldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində əsil qəhrəmanlıq salnaməsi yazdı. Bir vaxtlar yağı düşmənin iyrənc tapdağında qalmış, qəribsəmiş, barıt qoxusuna bürünmüş torpaqlarımızda indi bayram tonqalları qalanır. Dağıdılmış, viranəyə çevrilmiş yurd yerlərimizdə hazırda geniş bərpa-quruculuq və abadlıq işləri aparılır. Dövlətimizin gücü sayəsində aparılan bu işlər bizim rayonumuzun ərazisində də uğurla davam etməkdədir. Füzuli Beynəlxalq Hava Limanı artıq istifadəyə verilib. İşğaldan azad edilmiş ərazilərin enerji təminatında mühüm əhəmiyyət kəsb edən Füzuli yarımstansiyası artıq fəaliyyətdədir. Füzuli rayonu ərazisində müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturunun qurulması, eləcə də Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişi uğurla davam edir. Bütün bu görülən işlərə görə, eləcə də bizlərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığına görə ölkə başçımız cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk.
Bütün xalqımızın, bütöv Azərbaycanımızın Novruz bayramını ürəkdən təbrik edirik. Arzu edirik ki, tonqallarımız hər zaman gur yansın, süfrələrimiz bol bərəkətli olsun, ölkəmizdə hər zaman sülh və firavanlıq hökm sürsün.
Gülbahar Eyvazova
Füzuli RİHB-nin müavini, İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin müdiri
Bu xəbər üçün şərh yazın