Qazaxda müharibə veteranından rüşvət istənilib —RƏZALƏT
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 may 2016-cı il tarixdə imzaladığı Sərəncam əsasında, Rəcəb Abbas oğlu Babaşov Qazax rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Belə bir təyinatın verilməsindən dörd ildən bir qədər çox vaxt keçib. Həqiqət naminə qeyd edək ki, ötən müddət ərzində Rəcəb Babaşov özünü geniş ictimaiyyətə fərqli bir formada təqdim etmiş və o, Qazax rayonunun simasının xeyli dərəcədə dəyişdirilməsinə də nail ola bilmişdir. Bundan əlavə, icra başçısı özünü hər kəsə qanunçuluğun müdafiəçisi, rüşvətxorluğa qarşı ardıcıl mübarizə aparan, haqqın-ədalətin yanında olan, bir sözlə işgüzar rəhbər şəxs kimi təqdim etməyə çalışmışdır. Deyəsən artıq qazaxlıların güvəndiyi bu “uca dağlar”ın başına “qar yağmaqdadır”. Yəni, artıq Rəcəb Babaşovun da icra başçısı olduğu qurumda rüşvətxorluq, haqsızlıq, ədalətsizlik baş qaldırmağa başlayıb. Belə ki, Nyus.Az saytının redaksiyasına dörd aydan çox müddət ərzində üz-üzə qaldığı haqsızlıqlar və süründürməçiliklərlə bağlı müraciətini təqdim edən, hal- hazırda Qazax rayonu, Heydər Əliyev prospekti-106A ünvanında yaşayan Kazımov Məhəmməd Ziyəddin oğlu yazır ki, “Mən 1-ci Qarabağ müharibəsi iştirakçısıyam, qardaşım 2-ci qrup əlil və qazidir. Övladımın səhhətində ciddi problemlər olduğundan o, 44 günlük Vətən müharibəsində iştirak edə bilmədi. Buna baxmayaraq, qardaşımoğlu Sərxan Kazımov isə, könüllü ordu sıralarına daxil oldu və Suqovuşanın və digər ərazilərimizin erməni murdarlarından azad olunması uğurunda keçirilən döyüş əməliyyatlarında iştirak etdi.
Bütün bunlardan əlavə onu da qeyd edim ki, biz uzun illərdir nəsillikcə Qazax rayonunda yaşayırıq. Bibimin övladı olmadığından o, qəzalı vəziyyətdə və yaşı təqribən bir əsr olan evini mənə verdi. Mən həmin evi söküb yerində təzə ev tikmək qərarına gəldim və bu məqsədlə rayonun baş memarına, RİH-nin başçısına müraciət edib lahiyəmi də təqdim etdim. Məqsədim 2-ci qrup əlil və qazi olan qardaşım Oqtayın ailəsi ilə birlikdə burada yaşamaq idi. Etdiyim müraciətimdən sonra RİH Aparatından gəlib həmin evə baxış keçirdilər və bu gün–sabah deyib işi uzatdılar. Təqdim etdiyim lahiyədə ev tikintisi göstərlsə də, onlar “Sən burada obyekt tikəcəksən” deməklə, açıq-aşkar şəkildə məni “fırlatdılar”. Yəni, aramızda əmələ gələn söz-söhbətlərdən sonra məni çox incitdilər və hətta iki dəfə polisə də verdilər.
Qeyd edim ki, tikinti işlərinə başlamazdan öncə kənar şəxslərdən beton tökmək üçün icarəyə “opalovka” götürmüşdüm. Elə ki, RİH-nin əməkdaşları tikinti işlərinə başlamağıma maneə oldular və bu minvalla vaxtı uzatmağa çalışdılar, o halda onlara bildirdim ki, icarəyə götürdüyüm “opalovka” pulunun üstünə gündəlik faiz pulu yığılır. RİH-nin rəsmləri bu yöndə danışıqlarıma əhəmiyyət vermədilər və hətta “opalovka”nı sökməyimə də icazə vermədilər. Belə olan halda bir kimsəyə məhəl qoymadan “opalovka”nı özbaşına sökməyə başladım, o halda polislər həmin yerə gəldilər və “Səndən RİH-nə şikayət olunub” deyərək, mənə 300 manat məbləğində cərimə də yazdılar. Bildirirəm ki, əsas işimə maneə olan şəxs Qazax RİH-i başçısının birinci müavini Məmməd Alıyev oldu. Bir neçə gün bundan öncə o, məni rayonun “Kərpic zavod” adı ilə tanınan ərazisinə çağırtdırdı. Həmin yerə çatarkən şahidi oldum ki, ayrı-ayrı şəxslər orada iş görürlər, Məmməd Alıyev və onun yanında olan şəxslər isə, iş prosesinin gedişinə nəzarət edirdilər.
Bir sözlə, Məmməd Alıyevin olduğu yerə çatanda ona işim necə olacaq və nə qədər xərcim çıxacaq deyə sual etdim. O halda o, hər iki əlindəki barmaqlari irəliyə uzadaraq mənə göstərdi. Yəni, Məmməd Alıyev eşidilə biləcək səstonu ilə deməsə də, mənə barmaqlarının işarəsi ilə xərcimin 10 min manat olacağını bildirdi. Öz-özümə sual etdim ki, bəlkə o, hansısa səbəbdən çaşıb və “0” rəqəminin birini artıq deyir. Bir sözlə, Məmməd Alıyev başda olmaqla bu gün RİH-nin bəzi şəxsləri məni çıxılmaz vəziyyətə salıblar. Tikinti işlərində istifadə etmək üçün aldığım sementlər daşlaşıb, onlar mənimlə bir növ düşmənçilik aparırlar. İlk əvvəl mənə lahiyədə dəyişikliklər etməyi bildirdilər. Qeyd etdirdikləri dəyişiklikləri qaydaya saldırıb bir daha lahiyə planını onlara təqdim etdim. Daha sonra bildirdilər ki, “Sən qonşundan da razılıq ərizəsi almalısan”. Bəli, həmin ərizəni də alıb İH-nə təqdim etdim. Bundan sonra da lahiyə planını təsdiq edib mənə vermədilər. Belə olan halda iki-üç dəfə icra başçısının qəbuluna düşmək istədim, heç bir halda qəbula düşməyə imkan vermədilər. Bu gün mən Məmməd Alıyevə sərbəst sözümü deyə bilmirəm. Dörd aydan çox vaxt keçsə də, sənədlərimi təsdiq edib vermirlər ki, tikinti işlərimə başlayım. Faktdır ki, məni süründürməklə məşğul olurlar”.
Bəli, bütün bunlar onu göstərir ki, artıq qazaxlıların ümid etdiyi, inandığı Rəcəb Babaşov idarəçiliyinin də “yarpaqları tökülməyə” başlayır. Çünki, RİH-i başçısının birinci müavini Məmməd Alıyevin və digər vəzifə sahiblərinin 1-ci Qarabağ müharibəsi iştirakçısına qarşı sərgilədikləri belə bir münasibətin varlığı, qeyd etdiklərimizi tam təsdiq etməyə əsas verir.
Nyus.Az
Yazıda adı keçən hər kəsin fikirini dinləmək istəsək də,zənglərimizə cavab verilmədi.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın