Qərbi Kaspi Universitetində Startap Günləri keçirilib
Qərbi Kaspi Universitetində Startap Günləri keçirilib.
Faktinfo.az xəbər verir ki,açılışda çıxış edən universitetin rektoru, professor Andris Leitas Qərbi Kaspi Universitetinin tədris proqramını müasir iqtisadiyyatın çağırışlarına uyğunlaşdırdığını, ardıcıl olaraq innovativ layihə və tədbirlər həyata keçirdiyini, Startup Günlərinin də belə tədbirlərdən biri olduğunu vurğulayıb. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Startap günlərinin əhəmiyyətini qeyd edib, yarışın formatı barədə məlumat verib.
Yarışın ilk günündə gənc startup-çıların ideyaları münsiflər heyəti tərəfindən qiymətləndilib. Qalib gələn biznes ideyalar ətrafında komandalar formalaşıb və layihələrin prototipinin hazırlanmasına başlanılıb. Tədbirin ikinci günündə yeni başlayan startup-çılar üçün beynəlxalq və yerli ekspertlərin iştirakı ilə Təlimlər keçirilib. Eyni zamanda internet biznesə maraq göstərən tələbə-gənclərin biznes qurumlarının təmsilçiləri, yerli startap sahibləri, ekspertlər və İT şirkət rəhbərləri ilə görüşləri təşkil olunub.
Ən innovativ 6 ideyaya sahib komanda final mərhələsində yarışıb. Gərgin və maraqlı keçən yarışda ən yaxşı 3 ideya qalib seçilib. Ən innovative layihə kimi “RedBot” layihəsi qiymətləndirilib. “Ask me” və “Yol” layihələri isə müvafiq olaraq iki və üçüncü yerlərə layiq görülüblər. Qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Startap Günlərinin məqsədi yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir. Startap Günləri Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Qərbi Kaspi Universiteti və “Startap Azərbaycan”ın təşkilatçılığı ilə keçirilib.
Bu xəbər üçün şərh yazın