“QIŞA KİMİ RUSİYA İQTİSADİYYATI ÖLƏCƏK” – “Fəlakət bu ilin sonuna qədər baş verəcək”
“Hazırda “Rusiya gəmisi” ona bir cüt torpedo vuran sualtı qayığın hücumuna məruz qalıb, gəmidə dəliklər açılıb.
Sualtı qayıq atəşi davam etdirə, yaxud çevrilib gedə bilər. Ancaq gəmi su ilə dolmaqda davam edir, gəminin komandası dəlikləri bağlamağa çalışır, ancaq bu, alınmır. Bu gəmi batacaq. Bu, sabah, yaxud üç gündən sonra ola bilər. Ancaq gəmi dəqiq batacaq. Sanksiyalarla bağlı mənim fikrimə bu obraz gəlir. Onlar Rusiya iqtisadiyyatını batırdılar. Bəli, o, hələ hissələrə parçalanmayıb və su üzündədir. Lakin bu, uzun müddət davam etməyəcək. Fəlakət bu ilin sonuna qədər baş verəcək”.
AzPolitika.info xəbər verir ki, bu fikirləri Rusiyada tanınmış iqtisadçılardan biri olan Vladislav İnozemtsev “Novaya Qazeta”-ya açıqlamasında bildirib. İqtisad elmləri doktoru bildirib ki, sanksiyalar Rusiyanın valyuta rezervlərini, bank hesablarını, hətta hava məkanını da bağlayıb və aviasiyasını sıradan çıxarıb.
İqtisadçının fikrincə, Putini nə oliqarxların, nə də xalqın orta təbəqəsinin vəziyyətinin kəskin pisləşməsinə yönələn sanksiyalar bir o qədər maraqlandırmır. Onun üçün əsas ağrılı yerlər valyuta rezervləri, bank hesabları və aviasiyadır. Həmçinin, İnozemtsev deyib ki, sanksiyaların yaratdığı psixoloji təzyiq rus rublunu və qiymətli kağızlarını dəyərsizləşdirməkdə davam edəcək, bağlanan müəssisələrin, işsizlərin sayı artacaq, əhalinin alıcılıq qabiliyyəti azalacaq, bu da zəncirvari reaksiya verərək, hətta xarici detallardan asılı olmayan müəssisələrin belə bağlanması ilə nəticələnəcək: “Yaxın müddətdə inflyasiya 30 faizə, dolların rəsmi məzənnəsi 200 rubla çatacaq, işsizlik iki dəfə, yoxsulluq da bir o qədər artacaq. Mağazalarda məhsul çeşidləri dəfələrlə azalacaq...”
İqtisadçı xatırladıb ki, hətta Rusiya öz “Jiquli”lərinin belə ehtiyat hissələrinin 20 faizini xaricdən alır. Onlara qoyulan qadağa bu tip müəssisələrin də dayanması ilə nəticələnəcək: “Hazırda müşahidə etdiyimiz tendensiya davam etsə, artıq qışa qədər Rusiya iqtisadiyyatı öləcək. Əlbəttə, “sanksiyalar bizim vecimizə deyil” deməkdə davam edə bilərik. Lakin problemi həll etmək üçün öncə onun varlığını etiraf etməliyik. Əgər insanda qanqrena başlayıbsa, onun kiçik bir xal olduğunu təkid edə bilməzsiniz. Bu, qanqrenadır!”
İnozemtsev bildirib ki, iqtisadiyyatda vəziyyət pisləşir və getdikcə daha da pisləşəcək: “Əgər siz üçüncü mərtəbədən düşmüsünüzsə və dörd sümüyünüz sınıbsa, yaxud iki yerdən burxulubsa, müalicəyə başlaya bilərsiniz. Ancaq belə görünür ki, biz hələ uçuruq, düşəndən sonra hansı nəticələrin olacağı hələlik məlum deyil”.
İnozemtsev qeyd edib ki, məsələn, Rusiya neftindən imtina ölkəyə ildə 200 milyard dollara başa gələcək. Onun fikrincə, Rusiya öz neftini Çin başda olmaqla, bir sıra ölkələrə dəyər-dəyməzinə, bəzən lap maya dəyərinə satmalı olacaq. Nəticədə, ölkə İranın, ya da Venesuelanın gününə düşəcək. Eyni zamanda ölkədə repressiyalar daha da artacaq.
Bu xəbər üçün şərh yazın