“Regional inteqrasiya dayanıqlı sülhə və dinamik inkişafa xidmət edə bilər” -Kamaləddin Qafarov
“Regionun şəriksiz lider ölkəsi olmaqla yanaşı, Azərbaycan həm də üç il bundan əvvəl apardığı Vətən müharibəsində tarixi Qələbə əldə etməklə yeni regional geosiyasi reallıqların müəllifinə çevrilib.
Dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə ADA Universitetində keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu da həm Cənubi Qafqazda, həm də ümumilikdə Avrasiya məkanında baş verən hadisələrlə bağlı Azərbaycanın mövqeyinin böyük önəm kəsb etdiyini bir daha nümayiş etdirdi.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat qeyd edib ki, Cənubi Qafqazda regional inteqrasiyanın mümkünlüyü və bu məsələnin reallaşmasında rəsmi Bakının rolu Avropa ictimaiyyətini maraqlandıran məqamlardan biri kimi önə çəkilmişdi: “İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan regional reinteqrasiya təşəbbüsü ilə artıq Vətən müharibəsi başa çatdıqdan az müddət sonra çıxış etmişdir. Təbii ki, bu təşəbbüs ilk növbədə Cənubi Qafqazda sülhün və dayanıqlı inkişafa töhfədir. Eyni zamanda , üç region ölkəsinin öz aralarında bütün məsələləri həll etmələri kənar qüvvələrin regiona müdaxilə imkanlarını daha çox məhdudlaşdırar. Bu məsələ barədə açıqlama verən cənab Prezident İlham Əliyev bildirdi ki, hazırda Cənubi Qafqazda ən azı məsləhətləşmələr səviyyəsində prosesə başlamaq imkanı mövcuddur. Hətta dövlət başçısı ilk məsləhətləşmələrin bu yaxınlarda Gürcüstanda keçirilən beynəlxalq bir tədbir çərçivəsində Cənubi Qafqazın üç ölkəsinin - Ermənistanın, Azərbaycanın və Gürcüstanın Baş nazirlərinin görüşü zamanı baş tutduğunu da diqqətə çatdırdı. Qeyd olundu ki, bu əməkdaşlıq çox praktiki səmərə verə bilər. Çünki son 30 illik müstəqillik dövründə Gürcüstanın və Azərbaycanın inkişafı hər iki ölkənin inteqrasiya səviyyəsini, hər iki ölkədə ümumi qarşılıqlı və faydalı layihələrin həyata keçirilməsini və hər iki ölkənin ayrı-ayrılıqda hərəkət etmək əvəzinə, birlikdə Avropa üçün necə daha vacib olmasını göstərir. Əgər sülh müqaviləsi imzalanarsa, artıq mövcud olan bu layihələrə Ermənistan da qoşula bilər. Ermənistanın bu əməkdaşlığa nə kimi töhfə verəcəyi məsələsi isə açıq qalmaqdadır. Çünki o, yalnız hüquqlara malik olmamalı, habelə məsuliyyət daşımalıdır. Ermənistan baş verən inteqrasiya prosesinin bir hissəsi olmaq istəyirsə, bunda niyyəti olduğunu nümayiş etdirməlidir.”
K.Qafarov Qarabağda 30 illik işğalın yan təsirlərindən biri olan ekoloji ziyanla bağlı səsləndirilən sualların aktuallığını qeyd edib: “Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bu ərazilərə səfər etmək imkanı əldə edən beynəlxalq ictimaiyyətin təmsilçiləri ermənilərin həmin ərazilərdə törətdikləri vəhşiliklərin acı nəticələrini öz gözləri ilə gördülər. Artıq beynəlxalq səviyyədə etiraf olunur ki, Ermənistan Azərbaycanın ekologiyasına da misli görünməmiş miqyasda ziyan vurmuşdur. Bu mövzuda Forum iştirakçılarını məlumatlandıran Prezident İlham Əliyev bildirdi ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən, xüsusilə mədənçilik, qızıl və digər qiymətli metalların hasilatı ilə məşğul olan şirkətlərlə bağlı hüquqi prosedurlar İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra başlanılıb. Azərbaycan təbii sərvətlərini qanunsuz şəkildə mənimsəyənlərin məsuliyyətə cəlb edilməsi üçün artıq üç ilə yaxındır ki, müxtəlif hüquq şirkətləri ilə fəal iş aparır. Hazırda işğaldan yeni azad edilmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsi üzrə iş gedir. Müəyyən olunub ki, Kəlbəcər, Laçın və Zəngilan meşələrinə daha çox ziyan dəyib. 60 min hektardan çox ərazidə ağaclar kəsilib. Bunu həmin ərazilərin əvvəlki və sonrakı vəziyyətini əks etdirən peyk şəkilləri, habelə fiziki monitorinqə əsaslanan təhlil də göstərir. Azərbaycan bu məsələləri xüsusi diqqətdə saxlayır və ölkəmizə qarşı eko-cinayətlər törədən şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları məqsədilə bütün tədbirlər görüləcək” .
Bu xəbər üçün şərh yazın