Rektor Prezidentin "Şöhrət" ordeni ilə təltif etdiyi alimi xanımının elmsiz qohumu ilə əvəz edib…

Rektor Prezidentin "Şöhrət" ordeni ilə təltif etdiyi alimi xanımının elmsiz qohumu ilə əvəz edib… - ADPU-da nə baş verir?

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovun Muxalifet.az xəbər portalını məhkəməyə verdiyi haqda ötən yazımızda oxucularımıza məlumat vermişdik.

Qeyd etmişdik ki, barəsində yazılan tənqidi yazılara, qanunsuz olaraq işdən çıxarılan keçmiş əməkdaşların saytımızda dərc olunan şikayətlərinə dözümsüz yanaşaraq, rektor Muxalifet.az-a qarşı 100 min manatlıq təzminat tələbi ilə məhkəməyə müraciət edib. C.Cəfərov iddia edir ki, guya saytımızda dərc olunan bu yazılar onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirir.
Əlbəttə, bunun belə olmadığı ADPU rektorunun özünə də bəllidir. Amma ətrafında olan bir qrup savadsız məsləhətçilərinin öz təcrübəsizliklərini, qeyri-peşəkarlıqlarını mətbuatın üzə çıxarmasından ehtiyat edərək Cəfər Cəfərovun nüfuzu, bəzi yüksək çinli məmurlarla qohumluğu, dostluğu, tanışlığı hesabına, onun əli ilə tənqidi medianı susdurmağa çalışırlar. Bir sözlə, ötən yazımızda da qeyd etdiyimiz kimi, C.Cəfərov ətrafındakı bəzi oyunbazların girovuna çevrilib.

 Muxalifet.az-ı susdurmaq kimə lazımdır?
 Şübhəsiz, Cəfər Cəfərovun rektor təyin olunmasından az sonra ADPU-da formalaşan bu çetenin ən böyük hədəflərindən biri Muxalifet.az-ı, eləcə də digər bir neçə KİV-i susdurmaqdır. Çünki bu KİV-lərdə onların qanunsuz əməlləri haqda çoxsaylı yazılar dərc olunub və olunmaqdadır. Muxalifet.az-da işıq üzü görən “Cəfər Cəfərovun qaranlıq dini əlaqələri - və yaxud rektorun “nurçular”a sevgisi haradan qaynaqlanır...” sərlövhəli yazı da bu qruplaşmaya şans yaratdı ki, öz qanunsuz əməllərini rektorun kölgəsi altında ört-basdır etməyə çalışsınlar. Bu məqsədlə C.Cəfərovu inandırdılar ki, “biz Muxalifet.az-ı susdurmasaq, digər mətbuat orqanları da üzərimizə ayaq açacaq”.
Ətrafının bu cür ardıcıl məsləhətlərindən sonra ADPU rektoru saytımızı öncə dost-tanışlar vasitəsilə (bəzi halda müxtəlif cür anlaşma təklif etməklə) “susdurmağa” çalışdılar. Təbii ki, bu mümkün ola bilməzdi. Odur ki, növbəti dəfə Mətbuat Şurası vasitəsilə bizə təzyiq göstərməyə çalışdılar. Bu məqsədlə saytımızda dərc olunan “Cəfər Cəfərovun qaranlıq dini əlaqələri - və yaxud rektorun “nurçular”a sevgisi haradan qaynaqlanır...”, “Təcrübəli kadrlar ADPU-nu niyə tərk edir? – Rektor Cəfər Cəfərova etiraz”  ““Üç əməkdaş haqsızlığa dözə bilmədi, yazıqların ürəyi partlayıb öldü” – ADPU rektoruna etirazlar davam edir”sərlövhəli yazılarla bağlı Mətbuat Şurasına rəsmi şikayət məktubu ünvanladılar. Nəticədə Mətbuat Şurasındakı dostlarımızın xahişini və qurumun redaksiyamıza ünvanladığı rəsmi tövsiyyəsini nəzərə alıb, yuxarıda adlarını qeyd etdiyimiz hər üç yazını saytdan yığışdırdıq. Hətta KİV haqqında qanunun tələblərinə uyğun olaraq, qarşı tərəfə öz mövqelərini bildirmək imkanı tanıdığımızı da ayrıca onların diqqətinə çatdırdıq.
 
Cəfər Cəfərov verdiyi sözü tuta bilmədi…
 
Maraqlıdır ki, bu hadisənin üzərindən təxminən bir ay keçdikdən sonra Nərimanov rayon Məhkəməsindən C.Cəfərovun bizə qarşı iddia açdığı haqda redaksiyamıza məktub daxil oldu. Bu zaman bizə artıq hər şey aydın oldu, Cəfər Cəfərov onu qurban verməyə hər an hazır olan bəzi məsləhətçilərinin toruna düşmüşdü. Çünki biz yazıları Muxalifet.az-dan silməzdən öncə qarşı tərəflə “atəşkəs” razılaşması əldə etmişdik. Yəni həmin yazıları məhkəmə təhdidlərinə son qoyulacağı halda saytdan siləcəyimizi Mətbuat Şurası rəhbərliyi və ADPU rektorunun bizdən xahişini edən yaxın dostu vasitəsilə onun diqqətinə çatdırmışdıq. İstər Mətbuat Şurası rəhbərliyi, istər də rektorun adını çəkmək istəmədiyimiz həmin dostu bizi əmin etmişdi ki, C.Cəfərov məsələnin bağlanmasında maraqlıdır, yazılar çıxacağı halda heç bir məhkəmə iddiası irəli sürülməyəcək. Hətta rektorun dostu “Cəfər müəllim dedi ki, mən kişiyəm, söz verdimsə, demək başqa söhbət ola bilməz”, - deyərək yazıların dərhal çıxarılmasını xahiş etmişdi.
Təbbi ki, biz qarşı tərəfin məhkəmə təhdidlərindən çəkinmirdik. Sadəcə, məhkəmə zallarında əlavə vaxt itkisi sərf etməmək, eləcə də bəzi dostlarımızın israrlı xahişini yerə salmamaq üçün bu anlaşmaya getməyi uyğun bilmişdik. Lakin çox təəssüf edirik ki, “mən kişiyəm, söz verdimsə, demək başqa söhbət ola bilməz”, - deyən ADPU rektoru ətrafının basqısı nəticəsində öz sözündən dönməyə məcbur olmuşdu. Ən azı şəxsən C.Cəfərovun adından məhkəməyə göndərilən iddia ərizəsi bunu söyləməyə əsas verir...
 
Rektor ölkə başçısının etimadını niyə doğrulda bilmir?
 
Etiraf edək ki, Cəfər Cəfərov tərəfindən haqsızlığa məruz qoyularaq işdən azad edilən bəzi keçmiş əməkdaşların şikayətləri saytımızdan silindikdən sonra, onlar redaksiyamıza zəng açaraq ADPU rektorunun bizi aldadacağını dilə gətirmişdilər. Amma biz Cəfər müəllimlə anlaşma əldə etdiyimizi və məsələnin qapandığına əmin olduğumuzu onların diqqətinə çatdırmışdıq. Çünki rektor öz dostu vasitəsilə bizə “kişi kimi söz vermişdi”.
Əslində, ADPU rektorunun məhkəmə iddiasından sonra universitet daxilində apardığımız araşdırmalar bizim Cəfər müəllimlə bağlı fikirlərimizdə nə qədər yanıldığımızı bir daha ortaya qoydu. Məlum oldu ki, C.Cəfərov ortabab təhsil işçisi olsa da, çox diletant, qeyri-peşəkar bir idarəçidir. Baxmayaraq ki, cənab prezident onu bu vəzifəyə təyin edəndə, rektorun özünün də dəfələrlə bəyan etdiyi kimi, ona çox böyük ümid bəslədiyini bildirib. Amma təəssüflə qeyd etməliyik ki, Cəfər Cəfərov sözügedən təhsil ocağına rəhbərlik etdiyi bu müddət ərzində nəinki ona bəslənən etimadı doğrulda bilib, əksinə hazırda ADPU-da təhsilin səviyyəsi getdikcə aşağı düşməkdədir.
Doğrudur, bəzi obyektiv səbəblərlə əlaqədar olaraq universitetdə rüşvət problemi nisbətən həll olunub. Amma bu, heç də rektorun uğuru hesab oluna bilməz. Çünki hazırda imtahanlar kompyüter vasitəsilə götürüldüyündən, respublikanın əksər ali təhsil müəssisələrində tələbə-müəllim təmasının qarşısı alınıb. Bu isə dolayısı ilə savadsız, oxumayan tələbənin müəllimə rüşvət vermək imkanını kifayət qədər məhdudlaşdırıb.

Təəssüf ki, bütün bunlara rəğmən ADPU-da təhsilin imkişafında heç bir irəliləyiş qeydə alınmayıb. Bunun da başlıca səbəbi C.Cəfərov rektor təyin olunduqdan sonra savadlı, təcrübəli kadrların universitetdən uzaqlaşdırılması, yaxud uzaqlaşmaq məcburiyyətində qalmalarıdır. Ötən yazımızda da qeyd etdiyimiz kimi rektor ADPU-nu tərk edən peşəkar mütəxəssisləri özü ilə Turizm İnstitutundan gətirdiyi sadiq və savadsız (bəzi istisnaları nəzərə almaqla) kadrlarla, eləcə də özünün, yaxud da hansısa məmurların qeyri-peşəkar, təcrübəsiz, elmdən xəbərsiz qohum-əqrəbası ilə əvəzləməkdədir. Sözsüz ki, bütün bunlar da universitetdə təhsilin inkişafına heç bir halda töhfə verə bilməz. Bunun əksinə, rektorun qeyri-peşəkar idarəçiliyi nəticəsində ADPU-da çalışan nüfuzlu elm adamları da yaranmış mühitdən ciddi şəkildə narazılıq etməkdədirlər. C.Cəfərovun ədalətsiz kadr təyinatı bu insanları çox narahat etsə də, onların əksəriyyəti işlərini itirməmək naminə susmağa məcbur olurlar. Çünki, yaxşı bilirlər ki, rektora, yaxud onun ətrafında olan hansısa şəxsə haqlı olaraq etiraz etsələr belə, ADPU-dakı məlum çetenin şər-böhtan kampaniyasına məruz qalacaqlar. Hətta çox hörmətsiz bir şəkildə işdən qovula biləcəkləri də istisna deyil.

Bu fikrimizi əsaslandırmaq üçün bir faktı misal gətirək. Cəfər Cəfərov rektor təyin olunandan qısa müddət sonra Azərbaycan Prezidenti tərəfindən "Əməkdar müəllim" fəxri adı verilən, "Şöhrət" ordeni ilə təltif olunan ADPU-nun Fizika fakultəsinin dekanı (1996-2016) professor Mirzəli Murquzov etikadankənar  bir şəkildə universitetdən çıxarılıb. Bunu iddia edən mənbə deyir ki, Cəfər Cəfərov ADPU-nu dünya səviyyəsində təmsil edən belə bir nüfuzlu elm adamının əvəzinə həyat yoldaşının xalasıoğlu, heç bir elmi dərəcəsi olmayan Arzu Daşdəmirov adlı birini dekan təyin edib. Şübhəsiz, ADPU-da belə faktlar az deyil. Odur ki, biz bu kimi ədalətsiz kadr bölgüsü ilə bağlı növbəti yazılarımızın birində təkzibolunmaz faktlar əsasında daha geniş açıqlama verəcəyik.
 
Rektorun xanımın rəfiqəsi ona necə qarşı çıxıb…
 
Amma bir halda ki, indi söhbət rektorun həyat yoldaşının qohumundan düşdü, yeri gəlmişkən onu da qeyd edək ki, Pedaqoji Universitetdə kadr məsələlərində C.Cəfərovun xanımının da böyük rolu olduğu haqda informasiyalar var. Mənbə deyir ki, rektorun həyat yoldaşının rəfiqəsi Elm və İnnovasiyalar şöbəsinin mütəxəssisi Zemfira Seyidova adlı xanım hazırda ADPU-da əməlli-başlı “at oynadır”. Çünki o, arxasını möhkəm yerə dayayıb. Hətta o səviyyədə ki, lazım gələndə rektorun əmrlərini də saya almır.
Məlumata görə, ADPU-nun kitabxanasının müdiri öz işindən istefa verməyə məcbur olduqdan sonra rektorun xanımı rəfiqəsi Zemfira Seyidovaya onu həmin vəzifəyə təyin etdirəcəyinə söz verib. Çox güman ki, bu məsələdə Cəfər müəllimin də razılığı alınıb. Amma belə məsləhət olub ki, Z.Seyidova işə alışana qədər müvəqqəti olaraq müdir müavini vəzifəsini icra etsin. Ona söz verilib ki, bir müddət sonra müdir təyin olunacaq.
Lakin C.Cəfərov xanımının rəfiqəsinə verdiyi sözü də tutmayıb. Belə ki, bu yaxınlarda rektor rəsmi əmrlə başqa bir şəxsə kitabxananın müdiri vəzifəsini icra etməyi həvalə edib. Bu təyinatdan qəzəblənən Z.Seyidova nümayişkəranə şəkildə müdir müavini vəzifəsindən imtina edərək, rektorun əmrinə qarşı çıxıbdır...
Təbii ki, Cəfər Cəfərovun ADPU-da “nazını çəkməyə” məcbur olduğu xanım təkcə həyat yoldaşının rəfiqəsi deyil. Mənbənin sözlərinə görə, rektorun xüsusi səlahiyyətli nümayəndəsi qismində çıxış edən başqa bir xanım da var ki, universitetdə onun sözünün üzərinə söz deyən yoxdur. Bu xanımın adı bizə bəlli olsa da, onun haqqında növbəti yazımızda daha ətraflı məlumat verəcəyik. Bu zaman dəyərli oxucularımıza həmin xanımın hansı səbəblərdən heç bir ciddi vəzifəsi olmadığı halda ADPU-da hakimi-mütləq kimi çıxış etməsinin də səbəbləri bəlli olacaq.
O ki qaldı C.Cəfərovun bəzi KİV-lərdə özünün barəsində tərifnamələr yazdırmasına, bir daha rektorun diqqətinə çatdırırıq ki, yenə yanlış yoldadır, indi onun barəsində tərif yazan bəzi şəxslər vaxtilə BDU-nun sabiq rektoru Abel Məhərrəmovun şəninə də səhifə-səhifə yazılar həsr edərdilər. Amma bəlli olduğu kimi, bütün bunlar Abel müəllimi xilas edə bilmədi. İnanın, ən yaxşısı qanunlara riayət etməkdir. Bu halda, şəxsən bu sətirlərin müəllifi də sizin barənizdə geniş bir məqalə yazmağı söz verir. Təbii ki, bu, sizin verdiyiniz sözdən deyil. Mən sizə bir Azərbaycan xanımı olaraq söz verirəm, ADPU-dakı rəzalətə son qoyun, boğazdanyuxarı olmayan ilk tərif yazısını sizin haqqınızda biz qələmə alacağıq.
 
Günay Əsədova, 
Muxalifet.az saytının baş redaktoru
 
P.S. Oxuculara söz verdiyimiz kimi, C.Cəfərovun ADPU rektoru olduqdan sonra işə qəbul etdiyi qohumlarının siyahısını və onların bəziləri barədə şok informasiyaları açıqlayacağıq. Şübhəsiz ki, qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
 
P.P.S.ADPU-da baş verən bir sıra qanun pozuntuları və özbaşınalıqlarla bağlı da redaksiyamıza çoxsaylı faktlar daxil olub və olmaqdadır. Dəyərli oxucularımızı həmin faktlarla da tanış edəcəyik. Bizi izləyin.






Birinci məlumatlanmaq üçün facebook səhifəmizi