“Rusiya iqtisadiyyatı öldürücü zərbəni yalnız neft-qaz satışına qadağalardan ala bilər” - EKSPERT
"Rusiya hökuməti sərt iqtisadi sanksiyaların təsirini azaltmaq üçün uzun illərdən bəri tətbiq elədiyi büdcə qaydasının tətbiqini dayandırmağı nəzərdən keçirir".
Bu barədə iqtisadçı Rövşən Ağayev bildirib. Ekspert qeyd edib ki, qaydaya görə, “Urals” markalı neftin dünya bazar qiyməti hökumətin müəyyən etdiyi həddi ötdükdə, yüksək qiymətdən əldə olunan bütün gəlirlər Rifah Fonduna yığılır. Onun sözlərinə görə, uzunmüddətli dövrdə vətəndaşların pensiya təminatı üçün nəzərdə tutulan bu Fondun cari məqsədlər üçün istifadəsinə isə yalnız bir halda hüquq imkan verir: "Fondda toplanan ehtiyatların həcmi ölkənin ÜDM-nin 7%-ni ötmüş olsun və yalnız 7%-dən artıq məbləğ infrastruktur layihələrinin maliyyələşdirilməsinə sərf edilə bilər".
R.Ağayev xatırladır ki, 2022-ci il üçün “Urals” markalı neft üçün hədd 44.2 dollar müəyyən edlib və bu məbləğ hər il inflyasiyaya uyğun indeksləşdirilir. "Əgər hazırkı hərbi və iqtisadi durumla üzləşməsəydi, Rusiya hökuməti neftin 44,2 dollara qədər qiyməti çərçivəsində əldə etdiyi gəlirləri büdcəyə, ondan yüksək qiymət səviyyəsində həldə olunan bütün gəlirlər isə Rifah Fonduna yönəldiləcəkdi", - o qeyd edib.
İqtisadçı bildirir ki, izafi neft gəlirlərinin Fonda alınması sxemi belədir: "Mərkəzi Bank Maliyyə Nazirliyini zəruri həcmdə rublla təmin edir, Nazirik isə hərraclar vasitəsilə valyuta gəlirlərini Mərkəzi Bankdakl hesabları üzərindən Rifah Fonduna köçürür. İndiki halda bu qaydadan imtina o deməkdir ki, neftin qiymətindən asılı olmayaraq əldə olunan bütün neft-qaz gəlirləri büdcəyə köçürələrək, xərclənəcək".
Ekspert əlavə edir ki, ölkədə iqtisadi fəallığın kəskin şəkildə aşağı düşməsi, geniş dövriyyəyə və vergi öhdəliyinə malik 300-ə yaxın xarici şirkətin ölkəni tərk etməsi, 10 minlərlə iş yerinin bağlanması, yerli şirkətlərin sanksiya səbəbindən xarici iqtisadi əlaqələrinin pozulması qeyri-neft gəlirlərinin kəskin şəkildə itirilməsini qaçılmaz edir: "Qərbin kiçik istisnalarla Rusiyadan neft-qaz alışına qadağa qoymaması fürsətdir və hökumət bu itkilərin yerini izafi neft gəlirlərilə doldurmağa imkan olaraq baxır. Üstəlik, Ukrayna ilə müharibə hər gün büdcə üçün milyardlarla dollar əlavə xərcdir. Ölkədə işsizliyin artması, sosial vəziyyətin pisləşməsi sosial müdafiə xərclərinin də artımını qaçılmaz edəcək. Maliyyə institutları qarşısında öhdəliklərini yerinə yetirə və artıq kənardan borc cəlb edə, işçilərinə maaş belə ödəyə bilməyən, müflisləşmə riskilə üzləşən yerli müəssisələr üçün dəstək paketi də büdcə üçün böyük yükə çevrilir. Bu xərcləri nəzərə alanda hökumətin yaxın zamanlarda 2022-ci ilin büdcəsinin xərclərinə yenidən baxması mümkün görünür. Artan xərcləri və itirilən qeyri-resurs gəlirlərini də məhz əvvəllər Fonda yönəltdikləri izafi neft-qaz gəlirləri hesabına kompensasiya etməyə çalşırlar".
Rövşən Ağayev xatırladır ki, 2022-ci il üçün federal büdcənin gəlirləri 25 trln. rubl təsdiqlənmişdi. Onun sözlərinə görə, həmin gəlirlərin 9,5 trln. rublu neft-qaz gəlirlərinin hesabına təmin edilməli idi. "Bu məbləğ 1 dollar/70rubl məzənnəsi və Urals nefti üçün 44,2 dollar qiymət səviyyəsi əsasında proqnozlaşdırılmışdı. Rusiyanın enerji daşıyıcılarına sanksiya olmayacağı halda, neftin orta illik qiymətinin 100 dollar, rublun məzənnəsinin 1 dollar/110-120 rubl dəhlizində hərəkət etməsi, rubl ifadəsində büdcənin neft gəlirlərinin proqnozdan (9,5 trln. rubl) təxminən 2.5 dəfə artıq olmasını təmin edə bilər", - o qeyd edib.
İqtisadçı hesab edir ki, mümkün ssenarilər neftin bundan sonrakı qiymətindən və sanksiyaların neft-qaz idxalına tətbiq edilib-edilməməsindən asılı olacaq: "Amma göründüyü kimi, sanksiyasızlıq və yüksək qiymətlər bir müddət Rusiyaya büdcə böhranından qaçmağa imkan verəcək. Bu bir daha onu göstərir ki, ən qısa müddətdə Rusiya iqtisadiyyatı öldürücü zərbəni yalnız neft-qaz satışına qadağalardan ala bilər".
Bu xəbər üçün şərh yazın