RUSİYADA “BAKINI BOMBALAMAQ” EŞQİNƏ DÜŞƏNLƏR ÇOXALIR – Kreml ekspertlərinin Azərbaycan aqoniyası nəylə bağlıdır?
Ukraynada döyüşən rusiyalı hərbçilər heç də Avropanın ən inkişaf etmiş dövlətləri sırasında olmayan bu ölkənin yollarının, kəndlərinin, qəsəbələrinin, şəhərlərinin Rusiya ilə müqayisədə xeyli komfortlu olmasından heyrətləndiklərini və həsəd apardıqlarını gizlətmirlər.
Eyni münasibət Azərbaycana və xüsusilə Bakıya da aiddir. Ölkəmizə səfər edən rusiyalıların əksəriyyəti buradakı mənzərəni çox bəyənirlər. Görünür, son zamanlar Bakının bombalanması, Azərbaycanın enerji infrastrukturunun raket zərbələrilə məhv edilməsi kimi cinayətkar çağırışların artmasında bu amilin də müəyyən rolu var...
Bakının bombalanması çağırışları ilk dəfə deyil ki, səslənir. Bu çağırış , xüsusilə də Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra Rusiya elitasının millətçi və imperiyaçı kəsiminin bir növ “qəlbinin harayına” çevrilib. Əvvəlcə, bu ilin mart ayında Rusiya Dumasının deputatı, iqtisadi siyasət komissiyasının sədr müavini Mixail Delyagin Rusiya dövlət telekanalında ölkəmizi təhdid edən açıqlama verdi və bildirdi ki, Azərbaycan Qarabağdakı fəaliyyətlərinə görə cəzalandırılmalıdır, onun neft infrastrukturuna zərbə vurulmalıdır.
Bu günlərdə “estafeti” qəbul edən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov da Azərbaycanı hədələyərək, Bakının neft yataqlarına zərbə endirilməli olduğunu dedi.
Bundan dərhal sonra isə Raket və Artilleriya Elmləri üzrə İnformasiya Siyasəti Akademiyasının prezident müavini, hərbi elmlər doktoru Konstantin Sivkov bildirdi ki, Ukrayna məsələsini həll edəndən sonra Rusiya silahlı qüvvələrinin əl-qolu açılacaq və rus ordusu Azərbaycanla məşğul olacaq: “Biz 1000 kilometrlik cəbhə ilə məsələni həll edəndən sonra Azərbaycanla məsələni həll edəcəyik. Hələlik Rusiya Azərbaycanla diplomatik kanallarla işləyir...”
Əlbəttə, kimsə deyə bilər ki, böyük ehtimalla hansısa əyyaş, sərxoş kişi və pozğun qadın hüceyrələrinin təsadüfi əlaqəsindən dünyaya gələn bu individlərin açıqlamalarına o qədər də ciddi yanaşmaq lazım deyil, onlar Kremlin yox, hansısa ermənipərəst daxili qruplaşmanın sifarişini yerinə yetirir və sair. Xeyr!
Bunların heç biri təsadüfi adamlar deyillər və onları danışdıran mərkəz Qarabağ ermənilərinə heç bir aidiyyatı olmayan Vardanyanı Xankəndinə göndərən mərkəzdir. Delyagin Duma üzvü və onun rəhbərliyində təmsil olunan birisidir, son olaraq Azərbaycanın üzərinə “çəmkirən” Konstantin Sivkov isə Olqa Skabeyevanın təbliğat verilişlərinin “ulduzlar”ından biridir və sözsüz ki, o da Kremlin müəyyən etdiyi “tezislər” əsasında “işləyir”. Eynilə də Mixail Aleksandrov.
Bəs, bu arada məlum səbəblərdən çabalayan Rusiyada “Bakını bombalamaq” çağırışlarının artması nəylə bağlıdır?
Əlbəttə ki, üzdə görünən və bu “qan çanağı” ekspertlərin əsaslandığı səbəb Xankəndi-Gorus yolundakı məlum aksiyadır. Lakin sözsüz ki, səbəblər daha dərin, üzdə görünməyən əsaslara söykənir. Məsələn, aksiyanın ilk günlərində Putinlə Azərbaycan Prezidenti arasında telefon danışığı oldu. Lakin bu danışıqdan sonra sahədə heç nə dəyişmədi. Deməli, Rusiya başçısının dediyi, istədiyi olmadı. Buna paralel olaraq, Azərbaycan Ukraynaya 45 güc transformatoru və 50 generator aparan avtomobil karvanını yola saldı.
Ölkəmizin bu humanist addımına Rusiya XİN təmsilçiləri səviyyəsində narazılıq ifadə olundu. Bundan sonra Rusiyadan Ukraynaya yardımına görə Azərbaycanı hədəfə alan açıqlamalar verilməsinə cavab olaraq Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak dedi ki, Kreml Azərbaycan kimi sivil ölkələrin Ukrayna kimi humanitar fəlakətlə üz-üzə qalan bir dövlətə yardımını anlamaq və qəbul etmək iqtidarında deyil...
Bütün bunlar onu göstərir ki, məsələ təkcə Laçın yolundakı aksiyada deyil. Rusiyanı idarə edənləri qıcıqlandıran Azərbaycanın dövlət və cəmiyyət olaraq, heç də onların cızdıqları orbitlə hərəkət etmək fikrində olmadığını anlamalarıdır...
Zatən Rusiya hərbi, siyasi, iqtisadi və s. elitasının Ermənistanla müqayisədə Azərbaycana münasibəti hər zaman mənfi olub və ikiüzlüyə, yalana, saxtakarlığa, şantaja əsaslanıb. Həmin münasibət bu gün də davam edir və Azərbaycanın istənilən uğuru həmin elitalarda qıcıq və hiddətdən başqa heç nə doğurmur. Yeri gələndə, özlərini Azərbaycanpərəst kimi göstərən az sayda rusiyalı politoloqların, ekspertlərin də səmimiliyinə inanmaq doğru deyil. Çünki haraya çevirsən, onların da ipinin bir ucu Kremlin əlindədir...
Ukrayna savaşı, hansısa bəşəri dəyərlər xatirinə deyil, məhz öz təhlükəsizliyi üçün Rusiyadan qaçan və guya bu savaşın əleyhinə olan demokratların, liberalların, “Dojd” kanalı kimi saxta “azad söz təmsilçiləri”nin, eləcə də Rusiya ziyalı elitasının digər çoxsaylı nümayəndələrinin davranışlarında göstərdi ki, bunlar girdikləri qabın formasını alan maye kimidirlər.
Öz komfortlarını təmin etmək üçün istənilən dona girirlər. Əslində isə imperiyaçı mahiyyətlərinə görə onların Kremldəki hazırkı hakimiyyətdən ciddi fərqləri yoxdur. Ona görə də Putin gedib, yerinə həbsədki navalnılar, yaşinlər, yaxud millətimizə qarşı nifrətini gizlətməyən latıninalar, şenderoviçlər və digər liberallar, demokratlar və s. hakimiyyətə gəlsələr də, Azərbaycana, azərbaycanlılara münasibət dəyişməyəcək - nəinki siyasət, iqtisadiyyat, elm və s. hətta məişət səviyyəsində belə. Məsələn, yaxınlıqda Azərbaycan kişisinin mövcudluğu solovyovların, zatulinlərin, delyaginlərin və digər bu qəbildən olan siyasi və hətta hərfi mənada impotentlərin “kişilik standartları” üçün təhlükədir...
Odur ki, xüsusilə də Ukraynadakı savaşdan sonra bütün çirkabını açıb ortaya qoymuş belə bir siyasi, mədəni və s. elitaya özümüzü qəbul etdirməyə, sevdirməyə cəhd göstərmək müftə, mənasız enerji sərfiyyatıdır. Azərbaycanda 400 yox, 4 min rus məktəbi açsaq da, bunun Rusiyadakı hakim düşüncənin Azərbaycana münasibətinə təsiri olmayacaq. Nəhayət, milli natamamlıq kompleksindən qurtulmaq zamanı çatmayıbmı?
Azərbaycanın dünya mədəniyyətinə, ədəbiyyatına, elminə, incəsənətinə, iqtisadiyyatına, siyasətinə və s. çıxışı Rusiya, Moskva, Kreml üzərindən olmalı deyil. Uzun illər, əsrlər boyu Rusiyada hakim olan və bundan sonra da olacaq imperiyaçılığın, şovinizmin, kobud gücdən başqa heç nəyi qəbul etməyən və saymayan idarəçilik fəlsəfəsinin mahiyyəti qonşuluqda nəinki müstəqil müsəlman Azərbaycanın, Qazaxıstanın və digər “ne russki”lərin, həmçinin xristian-pravoslav Ukrayna və Gürcüstanın, hətta Belarusun belə varlığını qəbul etmir. Bu dövlətlərdə demokratik, ya anti-demokratik hakimiyyətlərin mövcudluğundan asılı olmayaraq, heç zaman da etməyəcək! Ukraynada davam edən açıq-aydın işğalçılıq savaşı isə bir daha sübut edir ki, Kreml və onun təbəələrinin xüsusilə də zombiləşmiş təbəqəsi nə dərəcədə qəddar, amansız və bütün bəşəriyyət üçün təhlükəlidir...
Yuxarıda adını çəkdiyimiz Konstantin Sivkov Azərbaycanla bağlı fikirlərini belə tamamlayıb: “Azərbaycan liderinin Türkiyə və ABŞ-ın təklifi ilə hərəkət edərək Rusiyaya ciddi problemlər yaratmasını Rusiya rəhbərliyi unutmayacaq”.
Bizim də unutmadığımız və unutmayacağımız, Rusiyanın əli olan çox tarixi hadisələr, faciələr, qətliamlar - Gülüstan, Türkmənçay, 28 aprel, 20 yanvar, 26 fevral və bir də ən yeni tarixdə içərimizə mikrob kimi salınan mehdiyevlər, sadıkovlar və s. var...
Cəlal Məmmədov
AzPolitika.info
Bu xəbər üçün şərh yazın