Rusiyanın təktərəfli vasitəçiliyi Azərbaycanın maraqlarına cavab vermir- "Atlas" Araşdırmalar Mərkəzi
Prezidentin köməkçisi Hikmət Hacıyev son mətbuat konfransında Azərbaycan hakimiyyətinə təzyiqin olduğunu gizlətmədi.
Söhbətin Rusiyadan getdiyi aydındır. Kreml müharibənin ilk günlərində prosesə müdaxilə etmədi, hətta prezident Vladimir Putin jurnalistin sualına cavab olaraq “müharibə Ermənistanda getmir ki” deməklə sanki məsələyə aydınlıq gətirdi. Ancaq müharibənin başlandığı ilk günlərdə “Atlas” Araşdırmalar Mərkəzi sonrakı mərhələdə Rusiyanın Azərbaycana yönəlik təzyiqlərin artacağını ehtimal etmişdi.
Birincisi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov son müsahibəsində deyib ki, Dağlıq Qarabağda rusiyalı sülhməramlılarının yerləşdirilməsi vacibdir. Bunu işğalçı Ermənistan da istəyir. Ancaq bu, Azərbaycanın maraqlarına cavab vermir. Sülhməramlılar mövzusunu gündəmə gətirənlər münaqişəni dondurmaq, işğalın ömrünü uzatmaq istəyirlər. Digər tərəfdən Rusiyalı hərbçilər Dağlıq Qarabağda yerləşdirilsə, onlar bir daha torpaqlarımızı tərk etməyəcəklər. Bu isə bizə gələcəkdə daha ağır problemlər yaradacaq. Gürcüstan 2008-ci ildə Cənubi Osetiyanı ram etmək istədi, qarşısını məhz həmin rusiyalı sülhməramlılar kəsdilər, nəticədə Moskva Gürcüstana qarşı müharibəni genişləndirdi, Cənubi Osetiyanın “müstəqilliyini” tanıdı və bu bölgədə hərbi bazaları yaratdı.Başqa sözlə, Gürcüstan Cənubi Osetiyanı, o cümlədən Abxaziyanı itirdi. Eyni səhvi biz təkrarlaya bilmərik. Münaqişənin danışıqlar mərhələsində nə zamansa sülhməramlılar mövzusu müzakirə olunarsa neytral dövlətlərin, məsələn Skandinaviya, Baltikyanı və ya Şərqi Avropa ölkələrinin hərbçilərinin bölgəyə gəlişindən danışmaq olar. Bu, ATƏT-in 1994-cü ildəki Budapeşt sammitinin qərarrına da uyğundur ki, sülhməramlıların tərkibi neytral dövlətlərdən formalaşmalıdır.
İkincisi, Lavrovun “bölgədə rusiyalı sülhməramlıların yerləşdirilməsi vacibdir” açıqlamasının yayınlandığı saatlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycan və Ermənistanın Müdafiə nazirləri Zakir Həsənov və David Tonoyanla telefon danışığı aparıb. Sergey Şoyqu telefon danışığı zamanı oktyabrın 10-da Moskvada əldə olunmuş humanitar atəşkəslə bağlı müvafiq öhdəliklərin tam icra olunmasına dair azərbaycanlı və erməni həmkarlarına çağırış edib. Bunun çağırış və ya tələb olduğunu söyləmək çətindir. 2016-cı ilin aprelində də məhz Şoyqunun Bakıya zəngindən sonra ordumuzun hücumu dayandırıldı, halbuki daha çox ərazini işğaldan azad edə bilərdik.
Beləliklə, Kreml Lavrov və Şoyqu vasitəsilə Azərbaycana təzyiqi artırıb. Moskvanın məqsədi Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlarını dayandırmaq və Ermənistanı ağır məğlubiyyətdən xilas etməkdir. Ermənistan və Rusiya sülhməramlıların bölgədə yerləşdirmək istəyə bilərlər, ancaq biz bunu istəmiriksə bu müddəanı zorla bizə qəbul etdirə bilməzlər.
Rusiyanın Azərbaycana artan təzyiqi Ankaranı da narahat etməyə başlayıb. Moskvada nazirlər görüşərkən Ankaradan belə bir açıqlama gəldi: “Üçüncü dövlət müdaxilə edərsə, Türkiyə ordusu Dağlıq Qarabağa daxil olar”. Bu Moskvaya mesaj idi. Türkiyədə hakimiyyətin ortağı olan Milliyətçi Hərəkat Partiyasını lideri Dövlət Baxçalı partiyasının qrup toplantısında hamıya mesaj yollayıb: “Atəşkəsin və danışıqların vaxtı deyil, işğalçı Ermənistanı başından əzmək lazımdır”. Bu bizə də mesajdır ki, Türkiyə olmadan Rusiyanın birtərəfli vasitəçilyini qəbul etmək olmaz. Bakı kimi Ankara da münaqişənin hərbi yolla həllini dəstəkləyir. Sergey Lavrov müsahibəsində müharibənin davamıyla bağlı Türkiyənin siyasətini bölüşmədiklərini bildirib. Elə Lavrovun bu münasibəti bizə onu diqtə edir ki, Rusiyanın təktərəfli vasitəçiliyi Azərbaycanın maraqlarına cavab vermir. Rusiya bir tərəfdən “məsələ danışıqlar yoluyla həll edilməlidir” deyərkən, digər tərəfdən Ermənistana “humanitar yük” adıyla hərbi texnika daşımaqda davam edir. Azərbaycan ordusu isə işğal altındakı bölgələrimizdə həmin texnikanı zərərsizləşdirməklə məşğuldur.
Əlbəttə, hansısa mərhələdə danışıqlar zəruri olacaq. Ancaq həmin mərhələyə qədər Azərbaycan ordusu daha böyük əraziləri işğaldan azad etməlidir ki, masada şərtlərizi diqtə edə bilək. Digər tərəfdən həmsədrlər formatı artıq işləmir. “Atlas” Araşdırmalar Mərkəzinin keçmiş illərdə yayınladığı analizlərdə danışıqların 2 + 2 (Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya) formatını təklif edib. Bu format hazırda xeyli aktualdır. Türkiyə prezidentinin köməkçisi İbrahim Kalın da son açıqlamasında bu formulu təklif edib və bunu belə əsaslandırıb: “Rusiya Ermənistanı dəstəkləyirsə, Türkiyə də Azərbaycanı dəstəkləyir, deməli masada 4 ölkə olmalıdır”.
Rusiya və Türkiyə Suriya probleminin həllində də eyni formuldan istifadə ediblər. Ermənistan hakimiyyəti kimi Suriya rejimi də masada Türkiyəni istəmirdi, ancaq bu, Dəməşqin istəyindən asılı olmadı, Moskva və Tehran Türkiyənin masada olmasını qəbul etdilər. Rusiya və Türkiyənin Cənubi Qafqaza təsir imkanları genişdir, masada Rusiya varsa, mütləq Türkiyə də olmalıdır. Bundan sonra Türkiyəsiz masada oturmaq Azərbaycanın maraqlarına cavab verməyəcək. Türkiyənin masada olması Azərbaycana artan təzyiqlərin neytrallaşdırılması deməkdir.
“Atlas” Araşdırmalar Mərkəzi
Bu xəbər üçün şərh yazın