SABİQ MTN ƏMƏKDAŞI NİYƏ ÖLDÜRÜLDÜ? - Havaya açılan atəş, narkotik, məhv olan həyatlar
Bakıda kürəkənini güllələyən şəxsin cinayət işi üzrə təfərrüatlar məlum olub. Qətlə yetirilən şəxs sabiq MTN əməkdaşı imiş. Onun atası isə iş adamıdır. Mərhum narkotik vasitə istifadəçisi və spirtli içki aludəçisi olub.
59 yaşlı Azər Cəfərov ötən il dekabrın 13-də Xəzər rayonu ərazisində yerləşən bağ evində 35 yaşlı kürəkəni Rəşad Məmmədovu güllələyərək qətlə yetirib.
Hadisəyə səbəb Rəşad Məmmədovun həyat yoldaşı Nigarla tez-tez mübahisə etməsi, narkotik istifadəçisi olduğu üçün ailəsində problemlər yaranması olub. Buna görə ailə üzvləri arasında dəfələrlə mübahisələr baş verib. Rəşadla Nigar daha əvvəl də boşanmaq mərəhələsinə çatsalar da, ağsaqqallar onları barışdırıb. Amma ikinci cəhddə onlar boşanıb.
Hadisə günü Rəşad qayınatasının yanına gələrək övladları ilə görüşə bilmədiyini söyləyib və onunla münahisə edib. Mübahisə zamanı Rəşad söyüş söyüb və buna görə də qayınatası onu güllələyib.
Qətli törədən Azər Cəfərov ifadəsində deyib ki, qızı Nigar Rəşadla ailə həyatı qurduqdan iki ay sonra onların problemləri yaranmağa başlayıb: “Nigar Rəşadın narkotikdən istifadə etdiyini, içki içdiyini, onu incitdiyini deyirdi. Amma ailəsi dağılmasın deyə dözürdü. Dəfələrlə dava-dalaş olub. Nigar bizim evimizə gələndə Rəşad onların arxasınca gəlib səs-küy salırdı. Bir dəfə boşanmaq istəyəndə mən və qudam onları barışdırdıq. Rəşadın müalicə alması üçün hər şey etdik. Ailəsi də buna görə çox çalışdı. Amma olmadı.
Vəziyyətin düzəlmədiyini görəndə qızım yenidən boşanmaq qərarı verdi. Qızım boşandıqdan sonra mənim yanımda yaşamağa başladı. Nə biz, nə də qızım Rəşadın övladları ilə görüşməsinə problem yaratmırdıq. İstədiyi vaxt uşaqları görə bilərdi. Bir gün qızlardan biri xəstələnmişdi. Ona görə də atası ilə görüşə bilmədi. Rəşad da buna görə mənə zəng edib aqressiv şəkildə danışdı. Harada olduğumu soruşdu. Mərdəkanda bağda olduğumu dedim”.
Azər Cəfərovun sözlərinə görə, Rəşad onun evinə gələndə evdə tək olub. Bu zaman Rəşad onunla kobud danışıb, söyüş söyüb: “Evdə tək olduğum üçün söyüşləri heç kim eşitmirdi. Lənət şeytana deyib səbrimi sıxdım. Hətta ona dedim ki, məsələni böyütməsin. Vaxt gələr, yenidən barışarlar. Mən nə qədər onu sakitləşdirməyə çalışsam da, Rəşad daha aqressivləşirdi. Mənə qızımı və ailə üzvlərimi öldürəcəyini dedi. Bütün ailə üzvlərimi, dədəmin qəbrini də söydü. Bundan sonra özümü saxlaya bilmədim. Evdən ov tüfəngimi götürüb həyətə çıxdım. Ona atəş açdım”.
Sualları cavablandıran Azər Cəfərov deyib ki, ovçular cəmiyyətinin üzvüdür və 4 ov tüfəngi var. Silahlardan üçü şəhərdəki evində, biri isə bağ evində olub.
Azər Cəfərov silahla çölə çıxandan sonra baş verənləri xatırlamadığını deyib. O bildirib ki, bir neçə dəqiqə sonra bağbanının onu çağırdığını eşidib. Bundan sonra bağban təcili yardıma, Azər Cəfərov isə polisə məlumat verib.
Təqsirləndirilən Azər Cəfərovun qızı məhkəmədə şahid qismində dindirilib. O, keçmiş əri Rəşadın narkotik istifadəçisi olduğunu və ailələrinin də məhz buna görə dağıldığını təsdiqləyib: “Toydan iki ay sonra onun nəşə çəkdiyini bildim. Evdə narkotik vasitələr görürdüm. Bir neçə dəfə Rəşad hamamda narkotik vasitə istifadə edəndə halı pisləşmişdi.
Narkotikdən istifadə edəndən sonra evdə dava-dalaş salırdı. Onun müalicə alması üçün çox çalışdıq. Biz də ailə üzvləri də onu Türkiyəyə, başqa ölkələrə müalicəyə göndərdik. Amma alınmadı”.
Nigar ifadəsində Rəşadın tapançası olduğunu da deyib. O bildirib ki, bir gün atası ölkə xaricində olanda Rəşad bağ evlərinə gəlib. Aralarında mübahisə olan zamanı Rəşad belindən silahı çıxararaq havaya atəş açıb.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Rəşad hadisə baş verən yerə “Lexus” markalı maşını ilə gəlib. Onun maşınına baxış keçirilən zaman silah aşkar edilib. Amma güllələsi olmayıb.
Nigar qeyd edib ki, Rəşad atasının fabrikində müavin işləyirmiş. Amma içki aludəçisi və narkotik istifadəçisi olduğu üçün işə getmirmiş.
Mərhumun atası və qardaşı da məhkəmədə ifadə verib. Onlar Rəşadın narkotik istifadə etdiyini biliblər. Rəşadın müalicəsi üçün, ailəsinin dağılmaması üçün əllərindən gələni edən ailə təəssüf ki, buna nail ola bilməyib.
Rəşadın ailə üzvləri onu da deyiblər ki, mərhumla Nigar arasında baş verən mübahisələrin başqa səbəbi də var. Onlar səbəbkarın Nigarın anası olduğunu deyiblər. Bildiriblər ki, Nigarın anası tələb edirmiş ki, Rəşad şəhərdə ayrı ev alaraq ailəsini oraya köçürsün.
Mərhumun qardaşı qeyd edib ki, Rəşadla Nigarın münasibətləri elə də pis olmayıb. Onlar birlikdə dəfələrlə xarici ölkələrə səhayətə gediblər. Nigarla münasibətləri pisləşəndə Rəşad ona bahalı hədiyyətlər alırmış.
Məhkəmədə məlum olub ki, mərhum Rəşad Məmmədov ləğv edilmiş Mill Təhlükəsizlik Nazirliyində əməliyyat müvəkkili vəzifəsində xidmət keçib. 2007-ci ildə xəstəliyə görə leytenant hərbi rütbəsi ilə ehtiyata buraxılıb.
Məhkəmənin yekununda qətli törədən şəxs əməlindən peşman olduğunu deyib.
Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Azər Cəfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu xəbər üçün şərh yazın