Şəhərin kanalizasiyası bir damcı yağış yağan kimi "fontan" vurur - Neft və qazdan əlavə yeraltı "sərvət"...
Ötən gün paytaxtın mərkəzində - "Tarqovı"da kanalizasiya xəttində tıxanıqlıq yarandığına görə, ətraf pis qoxu və çirkab suları ilə üfunətə təslim olmuşdu.
Məlumata görə, ərazidə hələ də bu istiqamətdə təmir-bərpa işləri gedir.
"Tarqovı" mərkəzi yer olduğu üçün burada baş verə biləcək hər bir hadisə həmin dəqiqə ölkə gündəminə çevrilə bilir. Ölkənin "elit təbəqəsi"nin axışdığı yer kimi xarakterizə olunan "Tarqovı"da belə bir hadisənin baş verməsini "elit təbəqənin iç üzü" kimi şərh edənlər olsa da, bu, belə deyil. Çünki eyni hadisə paytaxtın qəbəsə və rayonlarında çox tez-tez baş verir və bu, illərdir belədir. Məsələn, Sabunçu rayonunun Zabrat-2 adlanan qəsəbəsi nə vaxt yağış yağsa, "yerli Venesiya"ya çevrilir.
Kanalizasiya suları avtomobillərin yan şüşələrinə kimi qalxa bilir. Səbəb də odur ki, bu qəsəbədə çəkilən yeraltı kanalizasiya xətləri hələ də sovet dövründən qalmadır və çox az bir qismi dəyişdirilib. Bəli, yağış, təkcə yeraltı sistemlərimizin işləkliyini yox, yerüstü qurumlarımızın işləksizliyini də tez bir zamanda "su üzünə" çıxara bilir.
İki il öncə Yasamal rayonu ərazisində qəfil partlayan kanalizasiya borusundan dörd metr yüksəkliyə kimi çirkli su fontan vururdu. Hadisə səhər saatlarında baş verdiyindən, ərazidən keçən avtomobil və piyadaların üst-başı çirklənmişdi. Bir neçə saatlıq çalışmadan sonra borunu bir təhər "susdura" bilmişdilər.
Eyni hadisənin fərqli formaları Binəqədi rayonu Biləcəri qəsəbəsində də yaşanır. Yollardan axan yağış suları üçün işlək yeraltı xətlər olmadığından, burada iri gölməçələr yaranır. İnsanlar bu "göl"lərin ətrafından fırlanıb, keçmək üçün 10-15 dəqiqə vaxt itirməli olur.
Digah qəsəbəsində vəziyyət lap acınacaqlıdır. Qəsəbədaxili yollarda ümumiyyətlə, asfalt örtüyü və kanalizasiya xətlərindən söhbət gedə bilməz. Burda yağış və kanalizasiya suları öz talelərini özləri həll edirlər. O vaxta kimi yerli sakinlər bataqlığa çevrilmiş yollarda həyatda qalma mücadələsinə keçirlər.
Xülasə, gördüyünüz kimi, Bakının neft və qazdan başqa da "yeraltı" sərvətləri var. Bu "sərvət"in digərlərindən fərqi ondadır ki, ona "elit" yox, kasıb təbəqə sahiblik etməli olur. Həmin "sərvət" dözə bilməyib, özünü qəfil "Tarqovı"da sərgiləyəndə, bax, beləcə, aləm dəyir bir-birinə...
Bu xəbər üçün şərh yazın