"Şəhid ailələri və müharibə əlilləri dövlət qayğısı ilə əhatə olunur" -Əlizadə Abbasov
Bu gün müstəqil Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi sosial problemlərin həlli, həssas təbəqədən olan vətəndaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində də mühüm addımlar atmaqdadır.
Həm pandemiya ilə mübarizə, həm müharibə dövründə, həm də müharibədən sonrakı dövrdə vətəndaşların sosial problemlərinin həlli dövlətin diqqət mərkəzində saxladığı məsələlərdəndir. Xüsusilə şəhid ailələrinin və müharibə əlillərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülməkdədir. Şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış komplekslərinin salınması, bu komplekslərdə rahat yaşayış üçün bütün şəraitin yaradılması, müharibə əlillərinin avtomobillərlə təmin edilməsi dövlət tərəfindən görülən əsas işlərdəndir.
Azərbaycan dövləti öz siyasətində humanizm və ədalət prinsiplərini daim əsas tutmuş, insan hüquqlarının qorunması, idarəetmənin vicdanla yerinə yetirilməsi əsas meyar olaraq qəbul edilmişdir. Ölkə başçısı cənab İlham Əliyev hər bir vətəndaşın Prezidenti olduğunu hər addımda bir daha təsdiq edir. Öz intellektual səviyyəsi, tükənməyən zehni potensialı, liderlik bacarığı ilə bütün dünyanı heyran qoyan Prezidentimiz eyni zamanda öz humanizmi, qayğıkeşliyi, sadəliyi, xalqa olan məhəbbəti ilə də dünyaya ən gözəl nümunədir.
Bəşəriyyətin bəlası olan müharibələr, münaqişələr dünyanın hər yerində acı nəticələr yaradır. Lakin bu nəticələrin aradan qaldırılmasına, zərər çəkmiş insanların problemlərinin həllinə hər yerdə eyni həssaslıqla yanaşılmır. Bizim ölkəmizdə isə həssas təbəqədən olan, müharibədən zərər çəkmiş insanların problemlərinin həlli hər zaman dövlətin diqqətindədir.
Son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. 2020-ci ildə Azərbaycan bu istiqamətdə ən böyük göstəricilərə nail olub-1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bununla bərabər, uzun illərdir ki, Qarabağ qaziləri fərdi avtomobillərlə də təmin olunur, ümumilikdə 7200 avtomobil verilib.
Ölkəmizdə tətbiq olunan genişmiqyaslı özünüməşğulluq proqramlarında qazilərin məşğulluğunun təminatı, amputasiya olunmuş hərbiçilərimizin ən müasir protezlərlə təmin olunması, hərbiçilərimizin sağlamlığının bərpası üçün yeni reabilitasiya mərkəzlərinin yaradılması dövlətimizin bu istiqamətdə gördüyü işlərdəndir.
44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu şanlı tarix yazdı. 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız azad edildi. İşğal altında olan digər ərazilərimiz kimi, Füzuli şəhəri və 61 kəndimiz də düşmənin iyrənc caynağından xilas edildi. İllərlə doğma torpaqlarından didərgin düşmüş füzulilərin el-oba həsrətinə son qoyuldu. Bəllidir ki, müharibə qansız-qadasız olmur. Bizim də itkilərimiz oldu. Vətən Müharibəsində Füzuli rayonundan 78 nəfər şəhidimiz, 300-ə yaxın qazimiz var.
Rayon ərazisində məskunlaşmış Vətən Müharibəsi şəhidi ailələrindən 25 nəfər işlə təmin olunmuş, 12 ailə özünüməşğulluq proqrqmına cəlb olunmuşdur. Vətən Müharibəsi qazilərimizdən 5 nəfəri işlə təmin olunmuşdur. Amputasiya olunmuş 4 nəfər Vətən Müharibəsi qazimiz ən müasir protezlərlə təmin edilmişlər. Ağır vəziyyətdə olan 5 nəfər qazimiz Yaşat Fondunun təşkilatçılığı ilə müalicəsini davam etdirmək üçün qardaş Türkiyə respublikasına göndərilmişdir.
Canları və qanları bahasına bizlərə Qələbə bəxş edən şəhidlərimizin ailələri və qazilərimiz hər zaman dövlətin qayğısı ilə əhatə olunublar.
Vətən Müharibəsində Azərbaycanın haqq işinin Zəfər çalması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etməklə yanaşı, regionda yeni inkişaf imkanlarına şərait yaratmış oldu. Təsadüfi deyildir ki, artıq quruculuq işlərinə başlanılmışdır. İşğaldan azad edilmiş ərazilərdə geniş bərpa quruculuq işləri davam etməkdədir. Sevinirik ki, bizim rayonumuzda da sürətli quruculuq işləri gedir. Yüksək keyfiyyətli, müasir standartlara cavab verən yollar çəkilir, dəmir yol xətləri qurulur, Füzulidə Beynəlxalq Hava Limanı tikilir. “Füzuli” yarımstansiyasının açılışı artıq reallaşmışdır.
Bir Qarabağ əlili kimi bütün bu görülən işlər məni də ürəkdən sevindirir və qürurlandırır. Bizlərdə qəti əminlik yaradır ki, dövlətimizin gücü və qüdrəti sayəsində tezliklə işğaldan azad edilmiş ərazilərimizdə həyat canlanacaq, Qarabağ cənnətə çevriləcəkdir.
Abbasov Əlizadə
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri
Bu xəbər üçün şərh yazın