Şəmkirdə polis əməliyyatı:maşından silah-sursat çıxdı, iki qardaş tutuldu
Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində hərəkətdə olan avtomobildən silah-sursat aşkar edilib.
DİN-nin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, iyulun 10-da saat 12 radələrində Bakı-Qazax yolunun 380-ci kilometrliyində – Şəmkir rayonu ərazisində “BMW” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda ona “Saxla” işarəsi verilib:
“Lakin nəqliyyat vasitəsinin sahibi tabeçilik göstərməyərək hərəkətə davam edib. Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobil Könüllü kəndi ərazisində məcburi qaydada dayandırılıb.
Sənədlərini təqdim etmək tələb olunarkən sürücü və sərnişinin şübhəli davranışları, həyəcanlı halda olmaları yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb. Avtomobilə baxış zamanı onların bu gərginliyini səbəbi məlum olub.
Belə ki, yük yerinə baxış zamanı oradan “AKM” markalı silah və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Nəqliyyat vasitəsinin sürücüsü, Gəncə şəhər sakini A.Hüseynov və sərnişini olan qardaşı H.Hüseynov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib”.
Bu xəbər üçün şərh yazın