Tanınmış mühacir jurnalist İlham Əliyevdən və Əli Kərimlidən üzr istədi:"Bu nifrətin içində boğuluram"
“İlham Əliyevdən də, Əli Kərimlidən də, hökumətdə də, müxalifətdə də olan müxtəlif insanlardan da həyatımın müxtəlif anlarında nifrət ifadə etdiyimə görə, üzr istəyirəm”.
Musavat.com xəbər verir ki, bunu Meydan TV-nin keçmiş rəhbəri Emin Milli sosial şəbəkədəki statusunda yazıb.
O, qeyd edib ki, illər keçdikcə, həyat təcrübəsi artdıqca, anlayırsan ki, tənqidin içində də belə nifrət olanda, bu, qurucu yox, dağıdıcı bir rol oynayır: “Ədalət naminə nifrət belə, çox təhlükəli ola bilər. Ölkəmizdə o qədər nifrət var, o qədər etibarsızlıq var ki, mən artıq bu nifrətin içində boğuluram. Hamımız boğuluruq, amma çıxış yolu tapa bilmirik”.
E.Milli qeyd edib ki, hakimiyyət yalnız islahatlara getsə, bizi də, özünü də xilas edə biləcək: “Müxalifət isə heç nəyə baxmayaraq, nifrətə qalib gələ bilsə, bu xalqı bir neçə addım irəliyə apara biləcək.
İlham Əliyev Əli Kərimlinin pasportunu qaytarsa, bu da çox müsbət bir addım olar. Bizim cəmiyyətin xoş xəbərlərə, sevgiyə, müsbət addımlara indi çox böyük ehtiyacı var.
Mən inanıram ki, biz hamımız birlikdə Azərbaycanın yeni hekayəsini qura bilərik. Gəlin, buna cəhd edək. Birlikdə.
Berlində bu kafedə oturmuşam – bu köhnə kresloda. Dedim, düşündüklərimi hamınızla paylaşım. Adam işsiz olanda, çox azad olur, çox rahat olur, düşünməyə də çoxlu vaxtı olur”.
Bu xəbər üçün şərh yazın