Tarixi Zəfərimiz qürur mənbəyimizdir

Tarixi Zəfərimiz qürur mənbəyimizdir 

30 ilə qədər işğal altında qalan Azərbaycan torpaqlarının azad olunması ilə nəticələnən Vətən müharibəsi müasir Azərbaycan tarixinin parlaq səhifəsinə çevrilmişdir.

Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycan xalqının mübarizliyini, ölkəmizdə xalq-ordu-rəhbər vəhdətinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Müharibənin ilk günlərindən başlayaraq işğal altında olan kəndlərin, qəsəbələrin, şəhərlərin azad olunması xalqımızın qələbə ruhunu yüksəltməklə bərabər Azərbaycan dövlətinin gücünü göstərdi.

Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı ardıcıl qələbələrdən sarsılan düşmən 10 noyabr 2020-ci ildə Kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması, bir güllə atmadan noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonlarının Azərbaycana qaytarılması, Azərbaycan bayrağının orada qaldırılması Azərbaycanın hərbi və diplomatik uğurunun nəticəsidir. Prezident İlham Əliyevin vahid komandanlığı və sərkərdəlik bacarığı nəticəsində ordumuz Qalib Ordu, xalqımız Qalib Xalq adını qazandı. Azərbaycan Ordusunun Zəfəri sayəsində 30 ilə qədər işğal altında qalan torpaqlarımız işğaldan azad edilməklə yanaşı ümumilikdə 200 il ərzində xalqımıza qarşı təxribatlardan əl çəkməyən erməni mifi darmadağın oldu. Müxtəlif dairələrdən olan ədalətsiz, qərəzli təzyiq və təhdidlərə baxmayaraq Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində öz şərəfli missiyasını yüksək peşəkarlıqla yerinə yetirdi. Yüksək hazırlıq və mükəmməl döyüş texnikası, qətiyyət, nikbin əhval-ruhiyyə ordumuzu Qələbəyə aparan vacib amillərdən oldu.

Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə xalqın rəğbətini qazanmağının nəticəsidir ki, xalq “Qarabağ Azərbaycandır!” ifadəsi ətrafında səfərbər olmağı, birləşməyi bacardı və bu birlik 30 ilə qədər bir vaxtda mümkünsüz görünəni 44 gün ərzində mümkün etdi. Ali Baş Komandan cənab İlham Əliyev hərb meydanında olduğu kimi informasiya müharibəsində də düşmənin layiqli cavabını verərək Azərbaycanın haqq savaşında müttəfiqlərinin sayını artırmaqla yanaşı onlarla əməkdaşlığın genişləndirilməsini bir daha möhkəmləndirdi. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi baza hazırlayıb. Beynəlxalq hüququn normalarına hər zaman hörmətlə yanaşan dövlətimiz apardığı uğurlu siyasətlə sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Ali Baş Komandan İlham Əliyev dəfələrlə beynəlxalq tribunalardan xalqımızın mövqeyini ifadə edərək, bildirmişdir ki, torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq. Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi. 30 ilə yaxın müddət ərzində xalq Ali Baş Komandanın əmrini gözləyirdi. Müharibə dövründə qəhrəman xalqımız öz gücünü dəmir yumruğa çevirməyi bacardı və bu yumruq düşmənin başını əzdi.

Azərbaycan diplomatiyasının uğuru idi ki, Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Bilirik ki, qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biridir. Türkiyə Prezidentinin ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Azərbaycan ordusu haqq savaşında torpaqlarımızı işğaldan azad etməklə öz gücünü gösrdi. Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi.

Bəllidir ki, qalibiyyətlər itkisiz qazanılmır. Vətən müharibəsində qazandığımız Zəfər salnaməsi də şəhidlərimizin qanı ilə yazıldı. Bu müqəddəs yolda sağlamlıqlarını itirən qazilərimiz oldu. Vətən müharibəsi zamanı rayonumuz 78 şəhid verdi, 300-ə yaxın Vətən müharibəsi qazimiz var. Füzuli rayonundan 3 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Şəhid ailələri və qazilər hər zaman dövlətimizin hərtərəfli diqqəti və qayğısı ilə əhatə olunublar. Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətinin təcəssümüdür.

Horadiz şəhərində yerləşən, Heydər Əliyev Fondu tərəfindən tikilmiş 3№li tam orta məktəbə hər birimizin fəxrimiz olan, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Zalov Fəqan Amil oğlunun adının verilməsi bizləri həm sevindirdi, həm də qürurlandırdı.

Zəfərimizdən cəmi bir il keçir. Azad olunmuş torpaqlarımızda bu bir il ərzində aparılan quruculuq işləri Azərbaycanın hərbi gücü ilə bərabər iqtisadi gücünün göstəricisidir. Sevindirici haldır ki, bu işlər rayonumuzun ərazisində də sürətlə davam etməkdədir. Müasir standartlara cavab verən nəqliyyat infrastrukturunun yaradılması- Füzuli-Şuşa, Füzuli-Zəngilan , Füzuli-Hadrud, Füzuli-Ağdam avtomobil yollarının, Horadiz-Ağbənd dəmir yolunun çəkilməsi uğurla davam edir. Regionun, eləcə də rayonumuzun gələcək inkişafında müstəsna əhəmiyyət daşıyan Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya inşa olunub istifadəyə verildi və artıq ilk sərnişinlərini qəbul etdi. Qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfər edən ilk qonaq olaraq, məhz Füzuli Hava Limanında olması biz füzulililərin sevincinə səbəb olmuşdur.

Hər zaman xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri ilə öz sevincini xalqı ilə bölüşməsi xalqa məhəbbətin, birliyin göstəricisi olmaqla yanaşı, Qarabağımızın tezliklə gülüstana çevriləcəyindən xəbər verir.

Bir daha bütün xalqımızı 8 noyabr-Zəfər Günü münasibətilə təbrik edirik!


Qabil Əliyev 

Füzuli RİH Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları Ilə iş şöbəsinin müdiri

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi