Təkmilləşdirilən F-16-lar Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib - FOTO
Yerli müdafiə müəssisələrinin imkanları hesabına modernləşdirilmiş ilk F-16 qırıcıları Türkiyə Hərbi Hava Qüvvələri komandanlığına təhvil verilib.
Bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir “Twitter” səhifəsində məlumat verib.
F-16 qırıcılarının modernləşdirilməsi üzrə yerli layihə Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin təşəbbüsü ilə həyata keçirilib və “Özgür” adlandırılıb.
Layihə çərçivəsində təyyarənin radarları, idarəetmə sistemləri və aviaelektronikası dəyişdirilib ki, bu da F-16 “Block 30”un istismar müddətini 8000 saatdan 12000 saata çatdırmağa imkan verib.
Oxşar modernləşdirmə prosesi F-16 “Block 40” və “Block 50” versiyaları üçün də nəzərdə tutulub. Beləliklə, təyyarə 2040-cı illərə qədər istifadə oluna biləcək.
Təyyarəyə inteqrasiya olunan yerli sistemlər onu “Viper” səviyyəsinə çatdırıb.
Modernləşdirmənin əsas məqamlarından biri də “dost və ya düşmən” identifikasiyasını dəstəkləyən yeni rabitə sistemlərinin və radarın təyyarəyə inteqrasiyasıdır.
Bildirilir ki, təkmilləşdirilmiş F-16-nın bort kompüteri yerli olduğu üçün Türkiyə müdafiə sənayesinin digər texnoloji həllərini də təyyarəyə inteqrasiya etmək mümkün olacaq.
Yerli rabitə sistemləri sayəsində F-16 pilotları PUA-larla, həmçinin digər təyyarələr və dəniz platformaları ilə əlaqə saxlaya biləcəklər.
Bu xəbər üçün şərh yazın