Tərtərin icra başçısına daha bir İTTİHAM: “Müharibə vaxtı gecələr…”

Tərtərin icra başçısına daha bir İTTİHAM: “Müharibə vaxtı gecələr…” 

Vətən Müharibəsinin başa çatması diqqəti yenidən ölkədaxili münasibətlərə yönəldib. Hazırda ən çox müzakirə olunan məsələlərdən biri də məmur-vətəndaş münasibətidir.

 Hüquq-mühafizə orqanlarının müharibədən dərhal sonra rüşvətxor və korrupsioner məmurlara qarşı mübarizəyə başlaması vəzifəli şəxslərin fəaliyyətini yenidən təftiş obyektinə çevirib.

Yenisabah.az bildirir ki, son günlər mətbuatda və sosial şəbəkələrdə adı ən çox hallanan məmurlardan biri də Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovdur. İcra başçısının hədəfə götürülməsinə səbəb şəhid Xəyal Məmmədovun anasına qarşı soyuq münasibət bəsləməsi olub. Şəhid anasının dediyinə görə, icra başçısı ötən müddət ərzində nəinki onunla maraqlanmayıb, hətta qəhrəman şəhidimizin yas mərasimində də iştirak etməyib.

Bildirək ki, Müstəqim Məmmədov bu iddialara özünəməxsus şəkildə reaksiya verib. Şəhid Xəyal Məmmədovun yas mərasiminə qatılmadığını etiraf edən icra başçısı bunu sürücüsünün və köməkçisininin koronavirusa yoluxmasıyla əlaqələndirib. O, tezliklə yaslı ailəyə baş çəkəcəyini də istisna etməyib.

Müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, bu, Müstəqim Məmmədovun adı ətrafında yaranmış ilk ajiotaj deyil. Onun şəhid ailələrinin üzvləri və Qarabağ qazilərilə kobud davrandığına dair çoxlu faktlar var. Hətta bu problem vaxtaşırı mətbuatda da işıqlandırılır.

Bu məsələni araşdırarkən yeni faktlar əldə etdik. Tərtər sakinlərindən aldığımız məlumata görə, Müstəqim Məmmədovla bağlı narazılıq ilk dəfə 2016-cı ilin Aprel döyüşlərində meydana çıxıb. Belə ki, təmas xəttində qanlı döyüşlərin getdiyi 2-6 aprel tarixlərində icra başçısı Tərtərdə deyil, cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Yevlax şəhərində gecələyirmiş. Bu isə sakinlər arasında ruh düşkünlüyü yaradıb, dövlətə və onun müvafiq qurumlarına qarşı inamı sarsıdıb. Son vaxtlar baş verənlər isə közün üstünə tökülən yanacaq effekti verib və icra başçısının fəaliyyəti yenidən gündəmə gəlib.

Sonda vurğulamaq istərdik ki, 2016-cı ildən fərqli olaraq, Müstəqim Məmmədovun bu dəfə postunu qoruması inandırıcı görünmür, Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadədən sonra Milli Məclisin üzvü, Xalq şairi Sabir Rüstəmxanlının da onu hədəfə götürməsi halqanın daraldığını göstərir. Bu isə o deməkdir ki, 2020-ci ildə iş yerini itirən icra başçılarının siyahısında Müstəqim Məmmədovun da adı ola bilər…


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi