TRLG-230 raketi Qarabağda sınaqdan keçirilib- “Roketsan” şirkətinin direktoru Murat İkinci- VİDEO
Türkiyənin aparıcı hərbi sənaye şirkəti olan “Roketsan” lazerlə hədəfə yönləndirilən TRLG-230 raketinin ilk dəfə ötən ilin payızında Qarabağdakı müharibə zamanı sınaqdan keçirildiyini açıqlayıb.
Faktinfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə İstanbulda sabah işə başlayacaq IDEF-2021 hərbi sənaye sərgisi ərəfəsində keçirdiyi brifinqdə “Roketsan” şirkətinin direktoru Murat İkinci bildirib.
O deyib ki, IDEF-2021 sərgisində “Roketsan” şirkəti 9 məhsulunu ilk dəfə nümayiş etdirəcək. “Türkiyə hərbi sənayesinin meydan oxuyacağı bu sərgidə “Roketsan” da öz silah sistemləri ilə diqqət mərkəzində olacaq”,-İkinci deyib.
Murat İkinci “Roketsan”ın işləyib hazırladığı TRLG-230 raketi ilə bağlı məlumat verib. “Qarabağ savaşı zamanı yaşamış olduğumuz sıxıntılar zamanı inkişaf etdirdiyimiz bir raketimiz var. Məlum olduğu kimi, 230 millimetrlik raketlərimizin hədəfə yönləndirmə sistemləri GPS və koordinatlardan asılı idi. Bunları lazerlə yönləndiriləcək hala gətirdik və çox uğurlu şəkildə ilk dəfə Azərbaycan ordusu tərəfindən Qarabağ savaşında tətbiq edildi”,-o bildirib.
“Roketsan”ın 230 mm-lik TRLG-230 raketi 20-70 kilometr mənzillidir və lazer tuşlama sisteminə malik olduqdan sonra onları hədəfə pilotsuz təyyarələr vasitəsilə yönləndirmək mümkündür. Belə ki, müharibə zamanı Azərbaycana ixrac edilən TRLG-230 raketləri “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin təsbit etdiyi və lazerlə işarələdiyi hədəflərə dəqiq zərbə endirməyə imkan verib.
Xatırladaq ki, TRLG-230 raketlərinin Qarabağ müharibəsində tətbiqi ilk dəfə Azərbaycan Müdafiə Nazirliyinin həmin günlərdə yaydığı videogörüntülərlə ortaya çıxmışdı. Kadrlardan görünürdü ki, TRLG-230 raketləri reaktiv yaylım atəşi sistemindən buraxıldıqdan sonra eyni vaxtda müxtəlif hədəflərə dəqiq zərbələr endirir.
Bu xəbər üçün şərh yazın