TÜRKİYƏ HƏRBİ SƏNAYESİNİN YENİ UĞURU - Rusiya ZRK-larını 30 kilometrdən darmadağın edir + VİDEOLAR
Ötən gün Türkiyənin “Baykar Savunma” şirkəti “Bayraktar Akıncı” döyüş pilotsuz təyyarəsinin “ağıllı” raketlərlə ilk döyüş atışları həyata keçirdiyini elan edib.
Sınaq atışları əvvəlcə “ROKETSAN” şirkətinin işləyib hazırladığı, 94 kiloqram ağırlığındakı MAM-T qanadlı raketi ilə həyata keçirilib. Daha sonra “Akıncı” MAM-T raketinə daha əvvəl “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin arsenalına daxil edilən MAM-L və MAM-C raketlərini də əlavə etməklə tam döyüş təchizatı ilə uçub, bu raketlərlə də hədəfə dəqiq zərbələr endirib.
Xəbər verildiyi kimi, “Baykar” şirkəti bu ilin əvvəllərindən etibarən “Akıncı” döyüş pilotsuz təyyarələrinin seriya istehsalına başlayıb, ilin sonuna qədər bir neçə belə təyyarəni Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil etməyə hazırlaşır.
“Baykar Savunma” şirkətinin “Akıncı” pilotsuz təyyarəsinin MAM-T raketi ilə ilk döyüş atışı həyata keçirdiyinə dair yaydığı görüntülərin ardınca “ROKETSAN” şirkəti də animasiya yayıb. Həmin animasiyada “Akıncı” MAM-T raketi ilə Rusiyanın istehsalı olan “Pantsir” zenit-raket kompleksini necə məhv etdiyi əks olunur. Bu, MAM-T raketinin ilk nümayişidir.
Dərhal görmək mümkündür ki, bu animasiya bir neçə gün əvvəl Rusiyada “Lanset” adlı kamikadze-dronlar istehsal edən “Zara” şirkətinin yaydığı animasiyaya cavabdır. Rusiya şirkəti bəyan edirdi ki, onlar hava sahəsini “minalayan” və pilotsuz təyyarələrə qarşı effektli mübarizə aparmağa imkan verən “Lanset” kamikadze-dronlarını işləyib hazırlayıblar. Həmin dronların tanıdılması üçün hazırlanan animasiyada “Lanset” “Bayraktar TB2” pilotsuz döyüş təyyarəsini “vururdu”. Bu animasiya Rusiyanın “Bayraktar”lara cavabı kimi qarşılanmışdı və xarici mediada geniş müzakirə edilmişdi.
İndi isə “ROKETSAN” öz animasiya filmi ilə tutarlı “cavab zərbəsi” endirir. Şirkətin işləyib hazırladığı MAM-T ağıllı raketi Rusiyanın məhz “Bayraktar”lara qarşı ən güclü müdafiə vasitəsi kimi tanıtmağa çalışdığı “Pantsir-1S” zenit kompleksini kifayət qədər uzaq məsafədən “məhv edir”.
Məsələ bundadır ki, “ROKETSAN”ın müvafiq olaraq 8 kilometr və daha yuxarı mənzilli MAM-L və MAM-C raketləri “Bayraktar”ların döyüş arsenalını təşkil edir. “Bayraktar” hərəsindən iki ədəd olmaqla dörd belə raketlə silahlanıb və Qarabağ müharibəsinin təcrübəsindən də göründüyü kimi, Rusiyanın istehsalı olan aşağı mənzilli zenit-raket komplekslərinin əhatə dairəsinə daxil olmadan hədəfləri yüksək dəqiqliklə məhv edir. Lakin Qarabağ müharibəsinin ardınca Rusiya hərbi ekspertləri və mütəxəssisləri deyirdilər ki, əslində “Bayraktar”lar “Pantsir”lərdən yayına bilməz, çünki “Pantsir” 12-15 kilometr məsafədən hədəfi vura bilir. Baxmayaraq ki, həm Suriyada, həm Liviyada “Bayraktar”lar çoxsaylı “Pantsir”ləri məhv etmişdi.
İndi isə “Pantsir”lərin Türkiyə pilotsuz təyyarələrinə qarşı heç bir müqavimət imkanı qalmır. Çünki MAM-T qanadlı raketi 30 kilometr və daha yuxarı mənzillidir (atış hündürlüyündən asılı olaraq), yəni bu raketləri daşıyan “Akıncı” pilotsuz təyyarələri “Pantsir”lərin əhatə dairəsindən çox-çox uzaqlardan ona həmin raketlə dəqiq zərbə endirə bilər.
Başqa sözlə, “ROKETSAN”ın yaydığı animasiya Türkiyə pilotsuz döyüş təyyarələrinin Rusiya zenit-raket kompleksləri (ZRK) üçün hələ də əlçatan olmadığını nümayiş etdirir. Eyni zamanda “Akıncı” təkcə yerüstü hədəflərə dəqiq zərbələr endirməyə imkan verən MAM-L, MAM-C və MAM-T raketləri ilə deyil, həm də hava hədəflərini məhv etməyə imkan verən “Bozdogan” raketləri ilə silahlanacaq. Yəni potensial hava döyüşündə “Akıncı” həmin “Lanset”ləri də öz raketləri ilə məhv edə bilər.
Bu xəbər üçün şərh yazın