"Ukrayna ordusu irəliləyir və tam qələbəyədək dayanmayacaq" - Baş nazir
"Ukrayna ordusu irəliləyir və tam qələbəyədək dayanmayacaq".
Report.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.
Onun sözlərinə görə, artıq Ukrayna ordusu Rusiyanın fevralın 24-dən sonra tutduğu ərazilərin yarıdan çoxunu azad edib: "Bütün Ukrayna torpaqları işğaldan azad olunanadək ordumuz dayanmayacaq”.
D.Şmıqal bildirib ki, Ukrayna Silahlı Qüvvələri Kiyev, Sumı vilayətlərini, həmçinin, demək olar ki, bütün Xarkov vilayətini azad edib: “Biz bu müddət ərzində Rusiyanın ələ keçirə bildiyi yeganə regional mərkəz olan Xerson şəhərini azad etdik. Ordumuz irəliləyir və tam qələbəyə qədər dayanmayacaq”.
Prezident Volodimir Zelenski bundan əvvəl Ukraynanın 1888 yaşayış məntəqəsinin azad edildiyini açıqlayıb. Müdafiə Nazirliyi hesab edir ki, qışın əvvəlində Krım azad oluna bilər. Nazirlikdən həmçinin vurğulanıb ki, müharibə yazın sonunadək bitə bilər.
Ötən gün Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynanın Rusiyanın fevralın 24-dən sonra tutduğu ərazilərin 54 faizini azad etməsi barədə məlumat yayıb.
Bu xəbər üçün şərh yazın