Vətən müharibəsi zamanı ordumuz xüsusi peşəkarlıq və şücaət göstərdi
44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi qəhrəman Azərbaycan ordusu hərb meydanında öz sözünü dedi.
Yüksək peşəkarlıq nümayiş etdirən ordumuz müasir silahlardan istifadə bacarığı, texniki hazırlıq və manevretmə qabiliyyəti ilə bütün dünyanın hərbi ekspertlərinin diqqətini cəlb etdi. Vətən müharibəsi zamanı həyata keçirilən hər bir əməliyyat böyük ustalıq, məharət və şücaətlə icra olunurdu. Öz arsenalında ən müasir silahları və texnikaları cəmləşdirmiş Azərbaycan ordusu qazandığı parlaq Qələbə ilə tariximizə şanlı Zəfər salnaməsi yazdı. 30 ilə yaxın düşmən tapdağında qalmış torpaqlarımızı işğaldan azad etməklə tarixi ədaləti bərpa edən ordumuz öz şərəfli missiyasını uğurla yerinə yetirdi.
Vətən müharibəsi nəticəsində erməni işğalından xilas edilmiş ərazilərimizdən biri də Qubadlı rayonudur. Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun infrastrukturu dağıdılmış, əhalisi doğma torpaqlarından didərgin düşmüş, mədəni abidələri məhv edilmişdir. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı vəBaşarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.
Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər.
Hər zaman öz çirkin xislətlərinə uyğun davranmış Ermənistanın hərbi cinayətləri Qubadlıda da özünü aydın göstərirdi. Qubadlı rayonun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurulmuşdu. Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər.
Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınıb.
2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrundaşiddətli döyüşlərgedib, Azərbaycan şəhidlər verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş igidin adını çəkmək olar.
44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdən biri də Füzuli rayonudur. Çünki, Vətən müharibəsi nəticəsində Füzuli şəhəri və 61 kəndimiz işğaldan azad edildi. Bu müqəddəs savaşda Füzuli rayonu 78 şəhid verdi, 300-ə yaxın qazimiz öz sağlamlığını itirdi. Rayonumuzdan 3 nəfər Vətən Müharibəsi Qəhrəmanı oldu. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Vətən müharibəsi nəticəsində əldə olunan Zəfər digər işğal altında olan ərazilərimizin sakinləri kimi füzulilərin də 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoydu. Kənardan boylandığımız, görmək üçün göynədiyimiz doğma yurd yerlərini görmək nəsibimiz oldu. Bu Qələbə bizləri böyük utancdan, məğlubiyyət hissindən və dözülməz həsrətdən xilas etdi. Yaşasın Bizlərə Qələbə sevinci bəxş edən qəhrəman ordumuz, yaşasın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev. Qarabağ Azərbaycandır !
Hafiz Misirli
Füzuli RİH Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri
Bu xəbər üçün şərh yazın