Vüqar Səfərlinin ifşası davam edir- Hər ay binalardan xidmət haqqı adı altında 16 min mənimsənilib
KİVDF xəttilə Səbail rayonunda jurnalistlər üçün tikilən binalarda müqavilə üzrə nəzərdə tutulan xidmətlər ya göstərilmir, ya da onların səviyyəsi olduqca aşağıdır.
Xatırladaq ki, birinci bina 2013, ikinci bina 2017-ci ildə təhvil verilib. 7 ildir ərazidə məskunlaşma olduğu halda burada heç bir infrastruktur yaradılmayıb. Ərzaq dükanı, aptek, bankomat, hətta dayanacaqda Bakıkart-ı yükləmə aparatı belə yoxdur. Hələ digər sosial təsisləri demirik…
Hurriyyet.org-un araşdırması nəticəsində məlum olub ki, bu məsələlərlə bağlı dəfələrlə KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərliyə və Səbail rayonunun icra başçısı Vüqar Zeynalova müraciət edilsə də, heç bir nəticəsi olmayıb. Hətta Vüqar Səfərli müxtəlif səviyyəli söhbətlərdə ərazidə yaşayan jurnalistlərin təkliflərini “ev veriblər, bəsinizdir” sözlərilə rədd edib.
Məlumat üçün qeyd edək ki, jurnalistlərin KİVDF-yə təklifləri bundan ibarət olub:
1. Əraziyə normal ünvan verilməsi;
2. Mənzillərdə hər kvadrat üzrə aylıq ödənişlərin 50 qəpikdən 30 qəpiyə salınması;
3. Ödənilən məbləğ üzrə nəzərdə tutulan tədbirlərin görülməsi – bina girişlərinin, liftlərin təmizliyi, ərazinin normal mühafizəsi, girişlərdə və mərtəbələrdə işıqlandırma, eləcə də kamera sisteminin davamlı işləməsi;
4. Toplanan xidmət haqqından ərazinin abadlaşdırılması üçün vəsait ayrılması;
5. Bakı şəhər və Səbail rayon icra hakimiyyətləri, Bakı Nəqliyyat Agentliyi qarşısında supermarket və digər xidmət obyektləri, bağça, marşrut yaradılması məsələlərinin qaldırılması;
6. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə əkilən 500 ağacın suvarılmasının və baxımının təşkil edilməsi.
Təəssüf ki, qaldırılan məsələlər hələ də həllini gözləyir.
Normal ərzaq satışı şəbəkəsinin olmaması 2 jurnalist binasının ən ciddi problemidir. Jurnalistlərin birinci binasının birinci mərtəbəsi iaşə xidmətləri üçün nəzərdə tutulsa da qısa zamanda bura “Kaspi” Tədris Mərkəzi yerləşdirildi və hələ də fəaliyyət göstərir. İkinci binanın birinci mərtəbəsi isə bütün müasir tikinti konseptlərinə zidd olaraq yaşayış sahəsidir. Nəzərinizə çatdıraq ki, ikinci binanın birinci mərtəbəsi binanın qarşısından keçən magistral yoldan 2-3 metr aşağıda olmaqla, əslində yaşayış üçün tamamilə yararsızdır. Görünür, yaşayış sahəsinin daha çox olması nəzərdə tutularaq üçüncü bina da eyni konseptlə tikilib. Lakin “bilməyərəkdən” edilən səhv qismən aradan qaldırılıb – binanın özülü daha hündürdür və magistral yola nəzərən dərəyə salınmayıb.
Prezindetin sərəncamı ilə tikilən, şəxsi iştirakı ilə açılan və ölkənin aparıcı media orqanlarında çalışan jurnalistlərinin yaşadığı ərazinin var olan problemlərinin 7 ildə çözülməməsi birmənalı olaraq KİVDF-nin keçmiş rəhbərliyinin məsuliyyətsizliyinin nəticəsidir. Binaların ünvanı Salyan yolu 22 və Salyan yolu 22 A-dır. Bu yolun Salyana apardığını heç kim inkar etmir, amma 50-60 il öncə “Bibiheybətneft”in ərazisi olan bu yerlər indi Bakının sahil zolağındakı yaşayış massivinə çevrilib, demək, adı da dövlətin ərazinin abadlaşdırılması təşəbbüsünə uyğunlaşdırılmalıdır.
Marşrut xətti də həllini gözləyən və ərazidə yaşayanlarla BNA arasında davamlı mübahisələrə səbəb olan problemdir. Əraziyə 125 saylı marşrut xətti ikinci bina istismara veriləndən sonra açılıb. Ancaq ildə 4 dəfə marşrut dəyişdirilir və sakinlər 20-ci sahədəki dayanacaqlara qədər olan dağ kəndlərinin yolunu xatırladan yolla 15 dəqiqə getməyə məcbur olurlar. Bibiheybət məscidinin qarşısındakı yolun ildə 4 dəfə çökməsi – hazırda yenə təmirdə olduğu üçün nəqliyyata qapalıdır – səbəbilə 125 saylı marşrut yenə əraziyə gəlmir.
“Cənab Prezidentə yazdığımız (məmur məsuliyyətsizliyi belə absurd məqamlar yaradır – müəl.) şikayətlərdən sonra 5 saylı marşrut binalara gedir. Ancaq bunun üçün şəhərdə mindiyin avtobusdan 20-ci sahə dairəsindəki sonuncu dayanacaqda enməli, qarşıdakı avtobusa minməlisən… Yəni şəhərdən Bayıl istiqamətinə gedən yox, Bayıldan şəhər istiqamətinə gələn avtobus əraziyə yönləndirilib. Bu qədər absurd…”, – deyə bu binada yaşayan jurnalist həmkarımız bildirir.
O da vurğulanır ki, 125 saylı marşrutun “Binə” ticarət müəssisəsindən Lökbatan qəsəbəsinə uzadılması onu jurnalist binalarının işə, məktəbə gedən sakinləri üçün tamamilə yararsız vəziyyətə gətirib: “Pik saatlarında 4-cü avtobusa minmək qəhrəmanlıqdır. Üstəlik gedişhaqqı 30 yox, 40 qəpikdir. Yəni, Azneft dairəsindən 10-12 dəqiqəlik məsafədə yerləşən əraziyə getmək üçün 40 qəpik ödənməlidir. Üstəlik, marşrut binaların 1 kilometrliyində yerləşən Su İdman Kompeksinə çatanda yanacaqdoldurma məntəqələrinin yanından Bibeheybət yoluna çıxmaq əvəzinə HEÇ BİR LÜZUM OLMADAN 20-ci sahəyə gedib dövrə vurur, əlavə 10 dəqiqə zaman itirilir”.
Şəhərdən 20 ci sahəyə gəlmək üçün görün, neçə alternativ marşrut var – 5, 6, 88, 124, 125, 53… saylı avtobuslar. Kristal Abşeron və Jurnalist Binaları yerləşən ərazilərə isə – 0.
5 minə yaxın əhali yaşayan ərazinin marşrut problemi 7 ildir BNA-da heç kimi narahat etmir. Çünki KİVDF-dən onları narahat edən yoxdur.
“KİVDF-yə və Səbail İH-nə müraciət etdik ki, onlar da öz sıralarında Bravo supermarketlər şəbəkəsinə ərazidə yeni məntəqə açmaq üçün müraciət etsinlər. Ancaq hələ də 7 il yaşayış olan ərazidə bir çörək dükanının olmaması buradakı absurdlardan daha biri olaraq qalır”, – deyə sakinlər bildirir.
Nəzərə alsaq ki, jurnalistlərin artıq üçüncü binası da istifadəyə hazırdır və indi ərazidə 6 onyeddimərtəbəli bina var, məskunlaşma səviyyəsi 80 faizə yaxındır və davamlı olaraq artır, mənzillərdə yaşamayanlar belə onları kirayə verir, üstəlik ərazidə şəxsi evlər də var, heç bir alternativi olmayan ortalama 7 min əhalinin yaşadığı ərazidə ərzaq dükanı açmaq hər bir şirkət üçün marketinq uğurunun qarantıdır. Sadəcə, səlahiyyətli şəxslər bununla bağlı məsələ qaldırmalıdırlar.
Ərazinin Bakının ən çirkli ekoloji ərazilərindən biri olması sirr deyil. Fon şüalanması burada normadan bir neçə yüz dəfə çoxdur. Neft buruqlarının bir hissəsi bağlansa da neft gölməçələri hələ qalır. Ərazini bütün mənalarda sağlamlaşdırmağın tək yolu bitki örtüyünün yaradılmasıdır. İndi ərazidə park salınır. Ümid edirik ki, bitki örtüyünə baxım normal təşkil olunacaq, dövlət vəsaitləri keçən ilki kimi havaya sovrulmayacaq.
Araşdırmamız nəticəsində o da məlum oldu ki, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi Jurnalist MMC-yə 2 dəfəyə 1000 ağac bağışlayıb. Ancaq suvarması və baxımı təşkil olunmadığından, ağaclardan əsər-əlamət yoxdur. Halbuki, jurnalist binalarından yığılan aylıq 16 min manata yaxın xidmət haqqından bu məqsədlə 300-400 manat ayırmaq çox sadə məsələ idi.
Bu xəbər üçün şərh yazın