“Xankəndidə qarşıdurma güclənəcək” - “Azərbaycan baş verəcəklərə hazır olmalıdır”

“Xankəndidə qarşıdurma güclənəcək” - “Azərbaycan baş verəcəklərə hazır olmalıdır” 

Xankəndindəki separatçıların başçısı Araik Arutyunyan Ermənistanın Baş nazir əvəzi Nikol Paşinyanın seçk qərargahında göründükdən sonra ona qarşı kütləvi etirazlara start verildi.

Dünən şəhərin mərkəzində yüzlərlə erməni küçəyə çıxaraq onun və Paşinyanın əleyhinə şüarlar səsləndirib. Rusiya sülhməramlıları isə etirazları müşahidə etməklə kifayətlənib.

Əslində nə baş verir? Paşinyanın seçkidəki qələbəsindən sonra onu təbrik edən Arutyunyanın devrilməsi planının işə düşməsi nədən qaynaqlanır? Bu məsələdə Rusiya və onun İrəvandakı bir nömrəli adamı Robert Koçaryanın rolu nədən ibarətdir?

Politoloq Elxan Şahinoğlu bildirir ki, Robert Koçaryan parlament seçkilərindəki məğlubiyyətini həzm edə bilmir, depressiya içindədir. “O özünü müxalifətdə görə bilmir, hətta parlamentdə deputat kimi əyləşməyi özü üçün təhqir hesab etdiyindən qanunverici orqanın işində iştirak etməyəcəyinə dair açıqlama verib”, - deyə ekspert qeyd edib.

Politoloq xatırladır ki, Koçaryan hazıra öyrəşib: “Komaryanı əvvəlcə Qarabağda separatizmin başına gətirdilər, bir müddət sonra Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan onu Ermənistanda baş nazir təyin etdi. Koçaryan bir il keçməmiş Levon Ter-Petrosyanı devirərək prezident kürsüsünü ələ keçirdi”.

Elxan Şahinoğlu bildirir ki, Koçaryan indi də seçkidə məğlubiyyətinin əvəzində Qarabağı qarışdırmağa başlayıb: “Onun Qarabağdakı adamları digər separatçı Araik Arutyunyanı devirmək istəyirlər. Rusiya qarışmır. Görünür, Rusiyadakı mərkəzlər hesab edirlər ki, Koçaryanı Ermənistanda hakimiyyətə gətirə bilmədilər, heç olmazsa Qarabağda radikallar baş rolda olsunlar. Bu, Paşinyan üçün pis ssenaridir. Nikol Paşinyan müharibədə məğlub olsa da, tərəfdarı Araik Arutyunyan vasitəsilə bir gözüylə Xankəndiyə baxır. Ancaq separatçılar Araiki devirib Koçaryan kimisini Xankəndidə oturtsalar, ermənilər arasında nifaq daha da dərinləşəcək”. 

Azərbaycanın reaksiyasının necə olmasına gəldikdə, politoloq hesab edir ki, Xankədidəki hadisələri kənardan seyr etmək məcburiyyətindəyik. “Koçaryanın Qarabağdakı əsas adamı onun kimi digər qatil, qondarma qurumun “təhlükəsizlik şurası”nın rəhbəri Vitali Balasanyandır. Araik, Balasanyan və ya qeyrisi – hamısı separatçıdır. Bizim üçün “yaxşı separatçı” və ya “pis separatçı” anlayışı yoxdur. Xankəndidə qarşıdurmanın güclənəcəyi və bir-birlərinə atəş açmaları istisna deyil. Buna da hazır olmalı və nə edəcəyimizi əvvəlcədən bilməliyik”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi