"Yaşıllaşdırma Təsərrüfatı Birliyində yanlış yanaşmanın qarşısı alınmazsa..." - QARABAĞ VETERANI
Qarabağ veteranı Seyidov Məmməd Təvəkkül oğlu BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə direktor təyinatına narazılıq bildirir, yaşıllaşdırma sahəsi üzrə mütəxəssis olmasına rəğmən işdən çıxarılmasını da qəbul etmir.
Onun Faktinfo.az saytına göndərdiyi şikayət məktubundan anlaşılır ki, şəxs hazırda ölkə rəhbərliyinə də şikayət məktubları göndərir, teleqramlar vurur.
O, sayta göndərdiyi məlumatda bildirir ki, mütəxəssis olmasına rəğmən, BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Hövsan yaşıllıq sahəsindən işdən çıxarılıb. Məmməd Seyidov bu barədə Azərbaycan Respublikasının Birinci vitseprezidenti Mehriban Əliyevadan kömək istədiyini də qeyd edir, bu gün Yaşıllaşdırma Təsərrüfatı Birliyinə aidiyyatı olmayan şəxslərin işə götürülməsinin yolverilməz olduğunu bildirir. Sitat: "Bu gün Yaşıllaşdırma Təsərrüfatı Birliyində işə qəbul edilənlər qeyri-peşəkarlardır, yaşıllaşdırmadan, ağacdan, gül kollarından anlayışı olmayan şəxslərdir."
Şikayətçi hesab edir ki, Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarının 3.2.9 bəndinə əsasən, idarə və təşkilatlarda şəhid ailələri, Qarabağ veteranlarına üstünlük verilməlidir, onlar işdən çıxarılmamalıdır. Amma onun iş qabiliyyətinin olmasına rəğmən bu nəzərə alınmayıb.
Qarabağ veteranı Seyidov Məmməd Təvəkkül oğlu bu sahədə mütəxəssis olmasını əsas gətirərək, BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə direktor təyinatına da narazılığını ifadə edir. Şikayətçi: "Yaşıllaşdırma Təsərrüfatı Birliyinə 70 yaşlı ixtisasca müəllim, SSRİ dönəmində Hərbi Komissarlıqda çağırış vərəqi göndərən Mirdamət Seyidov təyin edilib. Amma Əmək Məcəlləsinin 10-1.1 maddəsinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. O cümlədən, Məcəllənin 10-1.2-ci maddəsində qeyd edilib ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu 5 il müddəti əhatə edə də bilər, əgər həmin şəxsə həqiqətən ehtiyac varsa. O cümlədən, Əmək Məcəlləsinin digər bəndində göstərilib ki, təqaüd yaşında olan işçi ilə xüsusi hallarda müqavilə uzadılsa belə, şəxs idarəyə rəhbər təyin edilə bilməz. Mirdamət Seyidov isə 70 yaşında Yaşıllaşdırma Təsərrüfatı Birliyinə direktor təyin olunub. Bu necə olur? Yenə ixtisası uyğun gəlsə idi, bunu başa düşərdik.
Yaşıllaşdırma Təsərrüfatı Birliyindəki hazırkı duruma gəlincə, direktor Mirdamət Seyidov idarəyə rəhbər təyin olunan kimi idarə işçilərindən, sahə rəislərindən işdən çıxmaq haqqında məcburi ərizə almağa başlayıb. Bu məcburiyyət qanunla yolverilməzdir. Mirdamət Seyidov elə bilir ki, bura hərbi komissarlıqdır, bildiyini edə bilər. O hazırda şəhərdə çəmənlik işinə əl qoyub, lazım oldu-olmadı "qazonları" dağıdır, yenilərini döşəyir. Dövlət vəsaitinin israf edilməsinə şərait yaradır. Məqsədi nədir? Əgər onun bu yanaşmasının qarşısı alınmazsa, bir neçə ildən sonra yaşıllaşdırma sahəsindən əsər-əlamət qalmayacaqdır," -şikayətçi qeyd edir.
Faktinfo.az saytından BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Mirdamət Seyidovla əlaqə saxlanılıb.Mirdamət Seyidov bildirib ki,şikayətçi Seyidov Məmməd Təvəkkül oğlunu o,işdən çıxartmayıb. "Qəribədir ki,evdə oturan adam buradakı işçilərin əvəzindən də şikayət edir.Mənim 68 yaşım var,o,yazır ki,70 yaşındayam.Eləcə də,mən Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru təyin edilməmişəm,müavinəm bu vəzifəni icra edirəm.Qaldı sualınızın cavabına, idarə işçilərindən,sahə rəislərindən ərizələrinin alınması onların işdən çıxardılmasına dəlalət eləmir.Heç kim işdən çıxardılmayıb.Bu qanundan irəli gəlir. Şikayətçinin "lazım oldu-olmadı "qazonları" dağıdır" fikirlərinə gəlincə,şəhərdə gördüyümüz işlərə nəzər yetirə bilərsiniz,hər görülən iş yaxşılığa doğrudur.İdarə və şəxsimlə bağlı yazılanları qəbul etmirəm,Seyidov Məmməd Təvəkkül oğluna öz işləri ilə məşğul olmağı məsləhət bilirəm,"-Mirdamət Seyidov qeyd edib.
FAKTİNFO.AZ
Bu xəbər üçün şərh yazın