YENİ PARLAMENTDƏ KÖHNƏ BİZNESMEN... - 97 saylı dairəni yenəmi Ağalar Vəliyev təmsil edəcək?
İslahatlarla ayaqlaşmadığından ölkə başçısına müraciət edərək, buraxılmasını xahiş edən beşinci çağırış Milli Məclisin ən çox tənqid olunan tərəflərindən biri, onun tərkibində çoxlu sayda biznesmen-deputatların olması idi. Parlament buraxılandan və növbədənkənar seçki elan olunandan sonra onların bir qismi yeni namizədlər siyahısından kənarda qaldı və namizədlikləri irəli sürülmədi.
Lakin iş adamı kimi tanınan deputatların bəziləri yenidən namizədlər siyahısına salındılar ki, onlardan biri də Milli Məclisdə 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsini təmsil etmiş Ağalar Vəliyevdir. Onun namizədliyi yenə də eyni dairədən verilib.
A.Vəliyevin keçirdiyi seçki kampaniyası barədə nəsə söyləmək çətindir. Çünki adətən belə namizədlər ya ümumiyyətlə kampaniya aparmır, ya da həmişəki şablon üsullardan istifadə edərək, kampaniya, seçici görüşləri görüntüsü yaradırlar. Təbii ki, bu cür namizədlərin seçilməsində daha çox hakim partiyanın və icra strukturlarının resurslarından istifadə olunur.
Ancaq burada yerli əhalinin namizədə münasibəti də önəmli rol oynayır. Məsələ ondadır ki, A.Vəliyevin deputat kimi fəaliyyətinin seçicilərin əhəmiyyətli bir qismini təmin etmədiyi bildirilir. Redaksiyamıza müraciət edən Goranboydan olan bir qrup seçici A.Vəliyevin deputat olduğu dönəmdə onların problemlərilə maraqlanmadığını, öz işilə, yəni biznesilə məşğul olduğunu bildirir.
Seçicilər çoxsaylı sosial və məişət problemlərindən əziyyət çəkdiklərini, lakin A.Vəliyevin bu problemlərin həlli istiqamətində nəinki hər hansı addım atdığını, ümumiyyətlə onlara baş çəkərək, bu məsələlərlə maraqlanmadığını söyləyirlər.
Onun, özünü bu dairə üçün yad bir adam kimi apardığını deyən seçicilər bildirirlər ki, buna görə də, A.Vəliyevin son günlər seçicilərlə görüş kimi təqdim olunan səfərlərinə demək olar ki, heç kim qatılmaq istəmir. Saytımıza müraciət edənlər Goranboy seçicilərinin artıq A.Vəliyevi deputat kimi görmək istəmədiklərini deyirlər.
Əslində, doğrunda da A.Vəliyevin deputat kimi indiyə qədərki fəaliyyətinə gəlincə, bununla bağlı ictimaiyyətə məlum olan hansısa parlaq, əhəmiyyətli hadisəyə rast gəlmək olmur. Ancaq mətbuatda A.Vəliyevin özünün və ailə üzvlərinin böyük tikinti biznesinə malik olduğuna dair çoxsaylı materiallara və faktlara rast gəlmək olar.
“Azəraqrartikinti” ASC-yə rəhbərlik etmiş A.Vəliyevin indi də faktiki olaraq bu şirkətə sahiblik etdiyi və "Kristal Abşeron” tikinti şirkətinin də ona məxsus olduğu bildirilir. Baxmayaraq ki, qanunla millət vəkilinin bizneslə məşğul olması qadağandır.
Ancaq qanunun bu tələblərinə əhəmiyyət verməyən Ağalar Vəliyevin öz imkanlarından seçicilərinin problemlərinin həlli üçün istifadəsi etməsi faktına rast gəlinmir.
Hazırda A.Vəliyevin bəzi digər namizədlər kimi yeni parlamentdə yerinin təmin olunduğuna dair iddialar irəli sürülsə də, təbii ki, bu seçkidə sürprizlərin olacağı da istisna edilə bilməz. Bu sürprizlərin A.Vəliyevin dairəsinə aid olub-olmayacağına dair bir şey söyləmək çətindir.
Lakin onun və iş adamları olaraq tanınan digər bəzi deputatların yenidən parlamentə düşəcəyi təqdirdə, yeni Milli Məclisin də biznesmen deputatlar sarıdan korluq çəkməyəcəyi qənaəti yaranır. Və təcrübə göstərir ki, başı öz işinə, biznesinə qarışan deputatlardan öz seçicilərinə qarşı diqqət, yaxud da qanunverici orqanda hansısa ciddi, səmərəli fəaliyyət gözləmək mənasızdır.../Azpolitika.info
Bu xəbər üçün şərh yazın