“400 MANAT MAAŞ ALANLAR PENSİYA ALA BİLMƏYƏCƏKLƏR...” – “Əhali qiymət artımına görə hər il 3-4 milyard manat itirir”

“400 MANAT MAAŞ ALANLAR PENSİYA ALA BİLMƏYƏCƏKLƏR...” – “Əhali qiymət artımına görə hər il 3-4 milyard manat itirir” 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini, millət vəkili Əli Məsimli cəmiyyətin gündəmində olan sosial-iqtisadi problemlər, onların həlli yolları, hökumətin yürütdüyü siyasət və qarşıda duran hədəflərlə bağlı AzPolitika.info-nun suallarını cavablandırıb. 

Müsahibənin ilk hissəsini oxucularımıza təqdim edirik:

- Milli Məclis hökumətin təklifi ilə dövlət büdcəsini dəyişdirdi. Əlavə olunan təxminən 3 milyard manat vəsaitin bölgüsü ölkənin problemlərinə və prioritetlərinə adekvat sayıla bilərmi?

- 2023-cü ilin büdcəsinə dəyişikliyə dair qanun layihəsinə görə, büdcədə əmələ gəlmiş artımın çox hissəsi iki mühüm sahəyə - işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinə və xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə yönəldilir. Azad edilmiş ərazilərə və hərbi sahəyə ayrılan əlavə xərclərin prioritet istiqamətlər, həyati vacib sahələr kimi ön planda olması zamanın tələbidir. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin genişləndirilməsi və Böyük Qayıdışın sürətləndirilməsi, eləcə də hazırkı reallıqlar şəraitində müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi də çox vacibdir. Azərbaycan 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb və regionda keyfiyyətcə tamamilə yeni situasiya yaradaraq, həmin bəlli hədəflərə doğru inamla irəliləyir. Azərbaycan Ermənistanın və onun havadarlarının bilavasitə iştirakı, dəstəyi ilə işğal etdiyi, 30 il ərzində viran qoyduğu, hər qarışını minalanmış döyüş meydanına çevirdiyi əraziləri işğaldan azad edərək tikinti meydanına, sülh və əməkdaşlıq arenasına, yaşamaq, işləmək, qurub-yaratmaq üçün çox əlverişli bir məkana çevirir. Bu, cox mühüm bir tarixi hadisə olmaqla yanaşı, həm də bütün dünyaya, xüsusən də bədxahlarımıza çox ciddi bir mesajdır. Müharibədən keçən qısa bir zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə xeyli iş görülüb. Bu prosesi optimal miqyaslarda və templərlə aparmaqdan ötrü həmin istqamətlərə investisiya tələbatına uyğun əlavə vəsaitin yönəldilməsi hələ xeyli müddət davam edəcək. İşğal nəticəsində itirilmiş 15 faizdən artıq iqtisadi potensialımız tədricən bərpa ediləcək və ondan da daha böyük nəticələrə nail olacağıq... Bunun həm birbaşa, həm də multiplikativ effekti bütövlükdə ölkə iqtisadiyyatının kəmiyyət baximından miqyaslarının genişlənməsinə və keyfiyyət baxımından yaxşılaşmasına xüsusi töhfə verəcək.

Son 30 ildə Azərbaycanda aparılan sosioloji sorğularda “siz daha çox hansı problemlərin həllini istəyirsiniz” sualı cavablandırılanda həmişə Qarabağ problemi birinci olub. Bu cavab Azərbaycan xalqının Vətən sevgisi, Qarabağ həsrəti kontekstində daşıdığı çox yüksək dəyərləri nümayiş etdirməklə yanaşı, həm də torpaqlarımızın işğaldan azad edilməsi istəyinin reallaşdırılmasının çox etibarlı, fundamental dayağı, hərəkətverici qüvvəsi olub.

- Sosioloji sorğularda ikinci problem kimi isə sosial məsələlər göstərilib... 

- Bəli. Ona görə də bu iki məsələnin həllinə yönəlik tədbirlərin effektiv kombinasiyasına nail olmaqla, daha böyük miqyaslı sosial-iqtisadi və digər nəticələrə nail olmaq olar. Bu baxımdan hazırkı iqtisadi, sosial və ekoloji çağırışlar şəraitində dayanıqlı inkişafa davamlı xarakter verə bilməkdən ötrü büdcə xərcləmələrində prioritetlərə üstünlük verilməsi ilə bütövlükdə ölkənin dayanıqlı inkişafının maliyyə təminatının optimal variantı tapılmalıdır. Həm işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı, müdafiə qüdrətimizin davamlı olaraq artırılması, həm də sosial problemlər daxil ölkənin digər problemlərinin həllinə davamlı olaraq yetərincə vəsait ayıra bilməyimiz üçün bir sıra məsələlərin həllini sürətləndirməliyik.

- Hansı məsələlərin həlli prioritet olmalıdır?

- Azərbaycanda iqtisadi artm templəri çox vaxt həm orta dünya, həm də MDB-nin göstəricilərindən yüksək olub. Pandemiya səbəbli enmədən sonra ÜDM 2021-ci ildə 5,6 faiz, 2022-ci ildə 4,6 faiz artıb. Bu il 2,7 faiz artm proqnozlaşdırılmışdı. Həmin proqnoz dəyişdirilir və 2023-cü il üçün 1,8 faiz artım proqnozlaşdırılır. -Amma birinci rübdə iqtisadi durğunluğa yaxın bir göstərici açıqlanmışdı... -Bəli, ilin ilk 4 ayı ərzində iqtsadi artım cəmi 0,1 faiz olub. Dünyada iqtisadi artım 2 faizin ətrafında, MDB-də ortalama 3 faizin üstündə olduğu bir şəraitdə, Azərbaycanda iqtisadi artım 0,1 faizə enib. Son illər ölkəmizdə əhalinin artım tempi xeyli aşağı düşsə də, yenə təbii artım kifayət qədər yüksəkdir. Bu baxımdan, Azərbaycan kimi ölkələr üçün iqtisadi artım tempinin 0,1 faizə enməsi ciddi təhlil tələb edən məsələdir.

- Bəzi ekspertlər səbəbi neft hasilatının sürətlə azalması ilə əlaqələndirirlər...

- Bunu təkcə ölkədə neft hasilatının aşağı düşməsi ilə izah etmək kifayət deyil. Çünki neft hasilatının pik nöqtəyə çatdıqdan sonra tədricən aşağı düşmə qrafiki hələ 29 il bundan əvvəl - 1994-cü ildə “Əsrin Müqaviləsi” bağlanan vaxtdan məlum idi... Ona görə də Azərbaycanda iqtisadi artım templərinin potensial imkanlarımıza uygun gəlməyən dərəcədə aşağı düşməsi nəticəsində ölkəmizin yavaşımış iqtisadi artım trayektoroiyasına keçməsini və həmin trayektoriyadan sürətləndirilmiş artıma keçid məsələlərinin İqtisadi Şurada müzakirəyə çıxarılmasını vacib hesab edirik.

Azərbyacanın iqtisadi artım templərinin dünyanın və MDB-nin orta artm templərindən yüksəyə qaldırılması hədəfləri qoyulub. İslahatları dərinləşdirmək, iqtisadi azadlıqları genişləndirmək, regionlara sərmayə qoyuluşunu artırmaq və ondan istifadənin səmərəliliyini yüksəltmək, əlverişli şərtlərlə aşağı faizlı kreditlərin verilmə dairəsini genişləndirmək, yeni iş yerləri açmaq, şəffaflıq və hesabatlılığı gücləndirmək və s. bu kimi vasitələrin kompleks şəkildə, sistemli və davamlı olaraq həyat keçirilməsi təmin edilməlidir. Son 20 ildə Azərbaycanda ÜDM 3 dəfə artıb. Bu artım əmək haqqı, pensiya, müavinət və digər ödənişlərin artırılmasının iqtisadi əsaslı maliyyə təminatını təşkil edib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri” üzrə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş prioriteti reallaşdırmaqla ÜDM-i 2 dəfə artırmaqdan ötrü orta illik artım templərini 7 faizin ətrafına çatdırmaq lazımdır. Buna nail ola bilsək, sözügedən dövr ərzində sosial göstəricilərin potensialımıza layiq səviyyədə yaxşılaşdırılmasını, əmək haqqı, pensiya və digər ödənişlərin 2-3 dəfə artımını təmin etmiş olarıq.

- Deməli, genişmiqyaslı islahatlara ehtiyac var...

- Əlbəttə, bundan ötrü islahatları dərinləşdirməklə bayaq sadaladıqlarımız daxil, dövlət investisiyaları ilə yanaşı digər mənbələrdən də səmərəli istifadə etməklə investisiyalar artırılmalı, dövlət vəsaitləri ilə yanaşı digər mənbələr hesabına da vəsait qoyuluşundan rasional istifadə olunmalıdır. Ötən il Azərbaycan iqtisadiyyatına 18 milyard manatdan çox sərmayə, 20 milyard manatdan çox kredit yönəldilib. Həmin sərmayələrin 10-ca faizini - yəni 2 milyard manata yaxınını, eləcə də kreditlərin 10 faizini, yəni 2 milyard manatını, toplam 4 milyard manatını əlverişli şətlərlə regionlara yönəltməklə həm regionların sürətli qalxınmasına nail olmaq, həm ölkənin iqtisadi artım templərini və artımın keyfiyyətini yaxşılaşdırmaq, regionlarda çoxsaylı və layiqli maaşlı iş yerləri açmaq, digər problemlərin həllini sürətləndirib orada həyat səviyyəsini xeyli yaxşılaşdırmaq olar.

- Əli müəllim, cəmiyyətdə əsas narahatlıqlardan biri sosial təminatla bağlıdır. Məsələn, pensiya yaşının əhalinin orta ömrünə nisbəti suallar doğurur. Keçmiş sovet respublikalarında ən yüksək pensiya yaşı Azərbaycandadır. Bu, nə ilə izah olunur? Yaxud, pensiya əldə etmək şərtləri hər kəs üçün əlçatan deyil, qoyulan tələblər əmək bazarının şərtləri ilə ziddiyyət təşkil edir. Amma cəmiyyətdən səslənən tələblər sanki eşidilmir...

- Bəli, ona görə də xeyli müddətdir pensiya yaşının aşağı salınması ilə bağlı müzakirələr gedir. Pensiya yaşı müəyyənləşdiriləndə bir sıra parametrlərdən istifadə olunsa da, əsasən orta ömür uzunluğu daha çox müəyyənedici rol oynayır. Azərbaycanda orta ömür uzunluğuna dair beynəlxalq təşkilatların və daxili statistikanın göstəriciləri fərqlənir. Son illərin statistikasına görə, orta ömür uzunluğu 73 yaş, o cümlədən qadınlarda 75 yaş, kişilərdə isə 71 yaş həddindədir. Sağlam ömür uzunluğu isə bundan bir neçə yaş da aşağıdır. Pensiya yaşı isə kişilər üçün artıq 65-dir. Qadınlar üçün isə bu, 63,5 yaş olsa da, 2027-ci ilədək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılması nəzərdə tutulur. Orta ömür uzunluğu, həmçinin, bir-iki istisnanı nəzərə almasaq, pensiyaya çıxmaq üçün yaş həddi MDB ölkələrində bizdən aşağıdır.

Müzakirələr zamanı pensiya yaşının azaldılması və vətəndaşın pensiyaya çıxdıqdan sonra neçə il pensiya ala bilməsi, pensiya məbləğının artırılması və s. bu kimi məsələlər daha çox qabardılır. Bizdə vətəndaşın pensiyaya çıxdıqdan sonra ortalama 144 ay, yəni 12 il pensiya ala biləcəyi nəzərdə tutulsa da, reallıqda 6-10 il, xeyli insanlar isə bundan da az müddətdə pensiya ala bilir. Bu fakt pensiya yaşının aşağı endirilməsi məsələsini daha da aktuallaşdırır. Bununla belə aidiyyatı qurum nümayəndələrinin açıqlamalarından görünür ki, hökumətin pensiya yaşının aşağı salınmasına dair çağırışlara müsbət reaksiyası yoxdur. Əhalinin xeyli hissəsinin aldığı pensiya yetərli səviyyədə olmadığından, həm də əmək haqqı ilə müqayisədə aşağı olduğundan, insanlar pensiyaya çıxdıqdan sonra da qalıb işləmək istəyirlər. Ağır işlərdə çalışanlar isə pensiyaya 65 yaşında yox, daha tez çıxmaq istəyirlər. Fikrimcə, pensiya sahəsində bu yöndə liberal bir model tətbiq edilməlidir. Bir tərəfdən sağlamlıq durumu imkan verirsə, müəllim, həkim və digər bu kimi kateqoriyalara aid insanların öz istəklərinə görə pensiya yaşından sonra da qalıb işləməsinə şərait yaradılmalıdır. Eyni zamanda, zərərli, ağır işlərdə çalışanlar, sağlamlıq durumu imkan verməyən insanlar da pensiya yaşından əvvəl pensiyaya çıxa bilmək üçün daha konkret şərtlərlə əlverişli imkan əldə etməlidir. Ölkədə orta əmək haqqı 900 manatı ötsə də, müzdla çalışanların yarısı həmin orta əmək haqqı məbləğinin yarısına yaxın - 400 manatın üstündə olan bir səviyyədə median əmək haqqı alır. Onların əksəriyyəti rayonda yaşayan insanlardır. Həmin insanlar sözügedən səviyyədə maaşla pensiya yox, müavinət ala bilirlər və belə olan halda yoxsulluq həddində yaşayan insanların sayını artırırlar. Bu fakt da bir daha göstərir ki, qeyd etdiyimiz istiqamətdə pensiya islahatları həyata keçirilməli, bu sahədə optimal bir variant təmin edilməli və yaşlı nəslin daha çox hissəsi üçün pensiya əlçatanlığı təmin edilməlidir.

- Parlamentdə həmişə monopoliyanı kəskin tənqid edirsiz. Hazırda bu sahədə vəziyyət necədir? Məlumatlara görə, azad rəqabətin mövcud olduğu onlayn ticarət, habelə taksi bazarı ilə bağlı yeni addımlar atılır. Sizcə, bu tədbirlər hansı yeniliklər gətirəcək?

- Bəli, biz öz çıxışlarımızda ölkədə inhisarçılıq meyllərinin aradan qaldırılması, azad sahibkarlıq və azad rəqabətə geniş meydan verilməsi məsələsini tez-tez qaldırırıq. Çünki bunsuz potensial imkanlarımızı yetərincə reallaşdırmaq, orta təbəqənin dairəsini genişləndirmək, əhalinin güzəranını ölkəmizin potensialına layiq səviyyəyə qaldırmaq çox çətindir. Biz həm də bu məsələni daha çox inhisarçılıqdan qaynaqlanan süni qiymət artımı kontekstində qaldırırıq.

Azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı şəraitində bəzi nüansları və zaman kəsiklərindəki istisnaları nəzərə almasaq, süni qiymət artımına yer olmur. Mal və xidmət təklif edənlərin sayı yetərincə olur və qiyməti süni surətdə artırmaq kiməsə sərf eləmir, çünki bunun ziyanını çəkər. Ona görə də konkret vaxt kəsiyində mal satılmasa, qiyməti endirib dövriyyəni artırmaqla qazanmağa üstünlük verirlər. Monopolistlər isə anti-inhisar qanunvericiliyini pozub, necə deyərlər “qırmzı xətti” keçəndə, sanksiyaların təsirinə məruz qalırlar. Adını bazar iqtisadiyyatı qoyub, əslində inhisarçılığın at oynatdığı şəraitdə isə süni qiymətlər, vəziyyətdən sui-istifadə hallarına yer verilir.

Azərbaycanda inflyasiya daha çox xaricdən gətirilən malların üstündə gələn idxal inflyasiyasından, süni qiymət artımı və ölkə iqtisadiyyatında gedən proseslərdən doğan qiymət artmından ibarətdir.

Sahibkarlardan alınan müxtəlif “dinməverlər” də onların istehsal etdikləri mal və xidmətlərin maya dəyərində oturub, qiymətin üstünə qoyulduğundan, əlavə qiymət artımına səbəb olur və əslində son nəticədə həmin artımları da əhali ödəməli olur.

- Hazırda bu sahədə real vəziyyət necədir?

- Yuvarlaq götürsək, ötən il rəsmi inflyasiya 14 faiz, ərzaq inflyasiyası 20 faiz ətrafında göstərilsə də, əslində real rəqəmlər bundan xeyli yüksək olub. Bir sıra məhsullar üzrə 20 faizlə 90 faiz arasında, bəzi mallarda hətta bundan da yüksək inflyasiya qeydə alınıb. Bir sıra qeyri- ərzaq mallarının qiyməti 2 dəfədən çox artıb. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, Türkiyədə bizim pulla 3 manata olan dərman bizdə həmin qiymətdən dəfələrlə baha satılır. Əhali qiymət artımının hər faizinə görə 600 milyon manatdan çox, hər il toplam 3-4 milyard manat pul itirir. Halbuki, süni qiymət artımının qarşısını almaqla əhali həmin pulu başqa problemlərinin həllinə yönəldə bilər. Ona görə də inflyasiyanın sürətləndiyi şəraitdə bir tərəfdən süni qiymət artımının qarşının alınması istiqamətində real nəticələri olan tədbirlər görülməli, digər tərəfdən isə əhalinin qiymət artımından itkilərini kompensasiya etmək üçün əmək haqqı, pensiya və digər ödənişlərin artırılması üçün real maliyyə mənbələri tapılmalıdır.

- Rəqabət Məcəlləsi uzun illərdir ki, qəbul edilmir. Bu, nə ilə bağlıdır?

- 2006-cı ildən bu yana keçən uzun fasilədən sonra Azərbaycanda anti-inhisar qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə yeni Rəqabət Məcəlləsi layihəsi hazırlanıb və Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planına salınıb. Bu ilin yaz sessiyası başa çatdı və növbədənkənar sessiya başladı. Yaxın vaxtlarda Rəqabət Məcəlləsinin Milli Məclisə təqdim edilməsini və qəbul olunmasını çox vacib hesab edirik. Bu Məcəllənin qəbul edilməsi Azərbaycanda azad rəqabət mühitinin formalaşmasının təkmil hüquqi bazasının yaradılmasına böyük töhfə olar. İslahatlar kontekstində rəqabəti və azad sahibkarlığı təşviq etməklə, həm iqtisadi inkişaf templərini, həm məhsul və xidmətlərin keyfiyyətini xeyli artırmaq, həm də istehlakçıların hüquqlarının müadfiəsini xeyli gücləndirmək olar. Eləcə də inhisarçılıqdan qaynaqlanan süni qiymət artımının qarşını da xeyli dərəcədə almaq olar.

Azad rəqabətin mövcud olduğu onlayn ticarət, habelə taksi bazarı ilə bağlı atılacaq yeni addımların mənfi, yoxsa müsbət yüklü yeniliklər gətirəcəyini həmin addımlar atılandan bir müddət sonra görmək mümkün olacaq.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər