Azərbaycan- Avropa İttifaqı əməkdaşlığı böyük strateji əhəmiyyət daşıyır

Azərbaycan- Avropa İttifaqı əməkdaşlığı böyük strateji əhəmiyyət daşıyır - Gənc iqtisadçı - FOTO

Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimiz iqtisadi cəhətdən güclənmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, xarici investorların, tərəfdaş ölkələrin Azərbaycana olan marağı artmışdır.

Bəllidir ki, torpaqlarımızın işğaldan azad edilməsi regionda yeni reallıqlar yaratmış, sülhün və dayanıqlı inkişafın təmin edilməsi, o cümlədən, yeni əməkdaşlıq sferası üçün əlverişli imkanlar açılmışdır. Bu imkanları düzgün dəyərləndirmək istəyən, Azərbaycanla tərəfdaşlığın böyük strateji əhəmiyyət daşıdığını qəbul edən və bu səbəbdən də ölkəmizə maraq göstərən tərəflər gündən-günə artmaqdadır.

Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri hər zaman böyük məsuliyyətlə yerinə yetirmiş, uğurlu layihələrin icrasına imza atmış, səmərəli əməkdaşlığın formalaşması üçün çalışmışdır.

Bir sıra nüfuzlu beynəlxalq qurumlar kimi Avropa İttifaqı da yaxın tərəfdaşlarımız sırasındadır. Yaxın günlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri tərəfdaşlığımızın göstərcisidir. Əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda, əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur. Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, ölkəmizin gündəliyinə tam uyğundur. Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır.

Ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının əsas istiqamətlərindən biri enerji təhlükəsizliyinin təmin olunmasıdır. Enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Belə ki, Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq. Azərbaycan Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. Bu layihə beynəlxalq səviyyədə əməkdaşlığın nadir təcrübəsi olmaqla yanaşı, artıq 15 ildir ki, Azərbaycanın Avropa istehlakçısının etibarlı xam neft təchizatçısı olmasına şərait yaradıb.

Bütün bunlarla yanaşı nəqliyyat sahəsini əhatə edən nəhəng infrastruktur layihələrin, innovasiyalar və texnoloji mübadilələrin uğurla həyata keçirilməsi Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının strateji əhəmiyyətini daha da artırır. Artıq günün reallığına çevrilmiş sərhədlərin delimitasiyası, sülh və rifah naminə regional əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərində də Avropa İttifaqı Azərbaycana köməklik və əməkdaşlıq etməyə hazırdır.

44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız Qələbə torpaqlarımızın işğalına son qoydu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağında qalmış torpaqlarımızı işğaldan azad etməklə, tarixi ədaləti bərpa etdi. Bununla da Azərbaycan Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.

Vətən müharibəsi zamanı digər işğalda olan ərazilərimiz kimi Füzuli şəhəri və 61 kəndimiz düşməndən azad edildi. Torpaqlarımız düşməndən azad edildikdən sonra da dünya bir daha erməni vandalizminin şahidi oldu. Çünki, rəsmi İrəvanın hərbi cinayətləri nəticəsində işğal altında olan ərazilərimizdə xalqımıza məxsus tarixi, mədəni, dini irs qəsdən məhv edilib. Füzuli şəhər kimi mövcud deyil. Evlərimiz, kəndlərimiz dağıdılıb, meşələrimiz yandırılıb, məscidlərimiz təhqir olunub, hətta qəbirlərimiz belə talanıb. Bütün bunlar erməni terrorunun və erməni xislətinin acı nəticələridir. Bu həqiqətləri öz gözləri ilə görmələri və dünyaya çatdırmaları üçün dövlət tərəfindən dəfələrlə xarici mediya nümayəndələrinin rayonumuza səfərləri təşkil olunmuşdur.

Hazırda işğaldan azad edilmiş ərazilərdə dövlətimiz tərəfindən geniş tikinti-quruculuq, bərpa işləri aparılır. Bu işlər böyük maliyyə vəsaiti tələb edir. Çünki, həyata keçirilən iri infrastruktur layihələr böyük maliyyə tutumuna malik layihələrdir. Dövlətimizin artan iqtisadi gücü sayəsində bu işlərin sürətlə və yüksək keyfiyyətlə reallaşacağına qəti əminik. Çünki, hazırda Azərbaycan Xəzər regionunda ən böyük dəniz donanmasına malik dövlətdir. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycanda yolların keyfiyyəti dünyada 24-cü, dəmir yolu xidmətləri 11-ci, hava yolu xidmətləri 12-ci yerdədir. Bu göstəricilər, eyni zamanda qazandığımız Qələbə dövlətimizin gücünün göstəricisidir.

Bir Füzuli sakini olaraq sevinirəm ki, həyata keçirilən böyük layihələr bizim rayonumuzun ərazisində də reallaşır. Hazırda Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam edir və hava limanı ilin sonunadək istismara veriləcək. Ərazisində həyata keçirilən nəqliyyat infrastrukturu gələcəkdə rayonumuzun turistik əhəmiyyətinə, ticarət cəlbediciliyinə müsbət təsir göstərəcəkdir.

Bütün bunlara və bizlərə göstərdiyi diqqətə, qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.

Mülkədarlı Alı 

Gənc iqtisadçı

Azərbaycan- Avropa İttifaqı əməkdaşlığı böyük strateji əhəmiyyət daşıyır
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi