Deputat İqbal Məmmədov Lerik rayonunun problemlərini qaldırdı-

Deputat İqbal Məmmədov Lerik rayonunun problemlərini qaldırdı- Qaz, işıq, su, rabitə-poçt və digər problemlərlə bağlı sizə ünvanladığım müraciətlər...

Millət vəkili İqbal Məmmədov seçildiyi 78 saylı Lerik seçki dairəsindən ona gələn şikayətləri hökümət nümayəndələrinin və Milli Məclis katibliyinin diqqətinə yazılı şəkildə çatdırıb.

Deputat İqbal Məmmədov Milli Məclisin plenar sessiyasında iştirak edib. Lakin vaxt məhdudiyyəti səbəbindən deputat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabat-məruzəsinə aid fikir və təkliflərini aidiyyəti qurumların nəzərinə yazılı şəkildə çatdırıb. 

Faktinfo.az İqbal Məmmədovun məruzəsini  təqdim edir: 


Hörmətli xanım sədr! 

Hörmətli Millət Vəkilləri! 

Hörmətli hökümət üzvləri! 


Hər birinizi qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik edib, hər birinizə uğurlar arzulayıram!

 Cənab Prezidentin müəyyənləşdirdiyi istiqamət üzrə hökümətin həyata keçirdiyi siyasətin uğurlu nəticələri, təbii ki bizi çox sevindirir. Hesabatda əksini tapan rəqəmlər, proqnozlar Azərbaycanın real vəziyətini və gələcək prespektivlərini aydın göstərir. Cənab Prezident başda olmaqla hökümətin düzgün iqtisadi konsepsiyasını həyata keçirməsi iqtisadi inkişafın bu mərhələyə gəlib çatmasına səbəb olmuşdur. Pandemiyanın yaratdığı problemlərə baxmayaraq, ötən dövrlərdən başlanılmış bir sıra təşəbbüslər, xüsusilə strateji lahiyələrin icrası, iqtisadi və sosial islahatların həyata keçirilməsi, ordu quruculuğu və hərbi potensialın gücləndirilməsi sahəsində məqsədyönlü işlər hesabat ilində də davam etdirilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində uzun illər ərzində yaradılmış iqtisadi və hərbi potensial 2020-ci ildə Vətən müharibəsində Müzəffər Ordumuzun düşmən qüvvələri üzərində parlaq qələbəsinə və COVİD-19 pandemiyasının neqativ təsirlərini minimumlaşdırmağa imkan verdi. Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda da bu nailiyyətlər ruh yüksəkliyi, gələcəyə inam aydın şəkildə öz əksini tapıb. Başda ölkə Prezidenti olmaqla nailiyyətlərimizi təmin edən hər bir hökümət üzvünə və əməyi keçən hər bir şəxsə öz minnətdarlığımı bildirirəm.

 Ölkəmizdə görülən işləri təqdir edib, hesabatı yüksək qiymətləndirirəm və onun təsdiq olunmasına səs verəcəm. Mən təmsil etdiyim Lerik rayonu ilə bağlı bir neçə narazılığı hökümət üzvlərinə çatdırmaq istəyərdim. Lerik rayonunda 90-cı illərin axırında aparılan torpaq islahatları nəticəsində pay torpaqların sonradan yaradılan katastr xəritələrində düzgün tərtib edilməməsi bu gün əhalinin çox hissəsinin haqlı narazılığına səbəb olmuşdur. Belə ki, kəndli pay torpağında əkib-becərdiyi məhsullar üçün nəzərdə tutulan subsidiyanı almaq istədikdə katastr xəritəsində həmin torpaq sahəsinin başqasının adına olduğuna görə,bu güzəştlərdən bəhrələnə bilmir. Torpaq islahatına görə bir kəndin əhalisinin pay torpağı katastr xəritəsinə görə başqa kəndin yaxınlığındakı pay torpaqlarının üzərinə düşür. Buna görə faktiki olaraq əksər vətəndaş sənədlə başqasına məxsus torpaqlardan istifadə edir. Dəfələrlə seçicilərim mənə ünvanladıqları narazılıqlarında bildirirlər ki, Bələdiyələrdən aldıqları Bələdiyə xəritələrinə uyğun ərazidə özlərinə ev və ya xüsusi mülkiyyət tikir, mülkiyyət sənədi almaq istədikdə isə yeni çəkilmiş katastr xəritəsində həmin mülkiyyətin tikildiyi torpaq sahəsinin Dövlət Meşə Fonduna və ya başqasına məxsus torpaq sahəsinə aid olduğu bildirilir. Bu səbəbdən mülkiyyət sənədi ala bilmirlər.


Səsləndirdiyim problemin həllindən ötrü müvafiq orqanlardan xahiş edirəm ki, Lerik rayonunda yenidən düzgün fakta əsasən xəritələr çəkilib, katastr qeydiyyatına alınmasına kömək etsinlər. Seçicilərimin bir xahişinin də nəzərə alınmasını  istərdim. Bildiyiniz kimi Lerik rayonunda bir şəhər, 161 kənd var. Bu kənd əhalisi əmək haqqı, pensiya və müavinətlərin alınmasında bankomatların az olmasına görə çətinlik çəkir. Belə ki, Lerikdə  cəmi 4 bankomat var, 2-i rayonun mərkəzində, digər 2-i isə kəndlərdə yerləşir. 

Hökümətdən xahiş edirik ki, rayonumuza əlavə bankomatların verilməsinə köməklik göstərsin. Hörmətli hökümət üzvləri, mən ümid edirəm ki, 2021-ci ildə Lerik rayonunun kəndlərində hələ də həllini tapmayan yol, qaz, işıq, su, rabitə-poçt və digər problemlərlə bağlı sizə ünvanladığım müraciətlər öz həllini tapacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi