“MÜHARİBƏ BAŞLADIB, ƏRAZİLƏRİ VERMƏK İSTƏYİRLƏR…” – Paşinyan
Baş nazir “Qarabağ klanın” ittiham etdi: “Əraziləri verib, məsuliyyəti hökumətin üzərinə atmaq istəyirlər…”
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə əhalisinə son müraciətində hazırkı hakimiyyətə qarşı sui-qəsd hazırlandığını iddia edib. AzPolitika.info-nun məlumatına görə, Ermənistan mətbuatı xəbər verir ki, Paşinyan öz çıxışında 2016-cı ilin aprel döyüşlərilə bağlı parlament komissiyasının yaradılmasının vaxtının çatdığını deyib.
Baş nazir iddia edib ki, Ermənistanda yaşayan ermənilərlə Qarabağ erməniləri arasında qarşıdurma, parçalanma yaratmaq istəyən qüvvələr var. Qarabağ klanına və məhkəmənin azadlığa buraxdığı sabiq prezident Robert Koçaryana eyham vuran Paşinyan deyib ki, indiyə qədər ölkədə hökmranlıq edən korrupsiyalaşmış sistemin bəzi nümayəndələri “öz şəxsi əlaqələrindən istifadə edərək, hökumətə və baş nazirə qarşı təbliğat aparırlar”.
O, bu qüvvələrin hətta işğal olunmuş ərazilərin bir hissəsini təslim edərək, bunun məsuliyyətini hökumətin üzərinə atmağa hazır olduqlarını iddia edib: “Faktları öyrəndikdən sonra görürəm ki, bütün bunların arxasında yeni müharibəyə başlamaq, hətta bəzi əraziləri verib, məsuliyyəti hökumətin üzərinə atmaq qəsdi durur. Bu fəaliyyəti dövlətə xəyanət hesab edirəm…”
Bundan əvvəl isə canlı yayıma çıxan Paşinyan ölkədəki məhkəmə sisteminin “cərrahi müdaxiləyə” ehtiyacı olduğunu bildirib. Əhalini məhkəmələrin işinə müdaxilə etməyə, onların fəaliyyətini dayandırmağa çağıran baş nazir bu sahəndə inqilabi dəyişikliklərə ehtiyac yarandığını söyləyib.
Xatırladaq ki, buna səbəb mayın 18-də İrəvan məhkəməsinin R.Köçəryanı qondarma Qarabağ rejimi rəhbərliyinin zaminliyi əsasında azadlığa buraxması olub. Ancaq Ermənistanın prezidenti Armen Sarkisyan, eləcə də ölkənin ombudsmanı, Vəkillər Kollegiyası və Ali Məhkəmə Şurası Paşinyanın çağırışlarını tənqid ediblər. Baş nazirin addımlarına etiraz edənlər hazırda ölkədə baş verən hadisələrin konstitusiyaya və qanunlara zidd olduğunu bildiriblər.
O, Qarabağ ermənilərini Ermənistan hökumətinə inanmağa çağırıb.
Bu xəbər üçün şərh yazın