"Nazirlikdə kənd təsərrüfatı üzrə bir nəfər də olsun peşəkar mütəxəssis yoxdur"

"Nazirlikdə kənd təsərrüfatı üzrə bir nəfər də olsun peşəkar mütəxəssis yoxdur" 

Son günlər ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir.

Temperaturun enməsi, yağış və küləkli hava bəzi bölgələrdə əkin prosesinin ləngiməsinə səbəb olub. Bu cür dəyişkən hava şəraiti bitkilərin inkişafına, məhsuldarlığa və nəticə etibarilə bazarda məhsul bolluğuna təsir göstərə bilər. Bəs bu vəziyyət məhsul qıtlığına və qiymət artımına səbəb ola bilərmi?

Bu barədə Moderator.az-a danışan Azərbaycanda kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, hər il bu dövrlərdə hava şəraitində müəyyən dəyişikliklər müşahidə olunur:
“Bu vaxtlar havalar bir qədər soyuyur, yağış yağır, küləklər əsir. Hazırda bəzi bitkilərdə çiçəklənmə dövrüdür. Əgər bu bitkilərdə mayalanma prosesi vaxtında baş veribsə, ciddi problem gözlənilmir. Havanın temperaturunun -5 dərəcəyə enəcəyi ehtimalı yoxdur. Təbii ki, havalar soyuduqda bitkilərdə inkişaf prosesi müvəqqəti dayanır, lakin bu, daimi deyil. Havalar istiləşdikcə inkişaf prosesi yenidən bərpa olunur. Azərbaycanda əsasən istiliyi sevən bitkilər əkilir və əgər fermerlər aqrotexniki qaydalara düzgün və vaxtında əməl etsələr, bu hava şəraiti ciddi problemlərə səbəb olmayacaq. İndiyə qədər hava şəraiti normal keçib və fikrimcə, yaxın günlərdə də kənd təsərrüfatına ciddi təsir göstərməsi gözlənilmir. Lakin gələcəkdə vəziyyət hava şəraitindən və fermerlərin aqrotexniki qaydalara əməl etməsindən asılı olacaq. Hazırda bəzi bölgələrdə yağan yağışlar səbəbindən yazlıq bitkilərin əkini müvəqqəti olaraq dayandırılıb. Lakin ayın sonuna qədər vaxt var və mayın əvvəlinə kimi əkini davam etdirmək olar”.

Ekspert həmçinin bildirib ki, yağışın mütəmadi yağması, temperaturun uzun müddət aşağı səviyyədə qalması müəyyən risklər yarada bilər:
“Əgər soyuq hava və intensiv yağışlar uzun müddət davam edərsə, bu, səpilmiş toxumların çürüməsinə və bitki köklərində suyun çox olmasına səbəb ola bilər. Bu da müəyyən problemlərə yol aça bilər. Hazırda havalarla bağlı narahatlıq doğuracaq ciddi bir hal müşahidə olunmur. Gözləmək və müşahidə etmək lazımdır”.
V. Məhərrəmov əlavə edib ki, Avropa ölkələrində son aylarda davam edən quraqlıq məhsuldarlığa, xüsusilə də payızlıq buğda və digər dənli bitkilərə mənfi təsir göstərib:

“Avropada bir neçə aydır ki, ciddi quraqlıq müşahidə olunur. Bu da həmin ölkələrdə məhsul istehsalına mənfi təsir edir. Azərbaycan üçün isə vəziyyət hələ ki, normaldır”.
Həmsöhbətimiz əlavə edib ki, kənd təsərrüfatında başlıca problemlərdən biri daxili istehsalın zəif olması və idxaldan asılılıqdır. Onun sözlərinə görə, idxal olunan məhsulların qiymətlərində süni artımlar müşahidə olunur:
“Azərbaycana idxal edilən məhsullar – süd və süd məhsulları, kərə yağı, taxıl və digər məhsullar başqa ölkələrlə müqayisədə baha qiymətə satılır. Azərbaycanın isə bu məhsulları istehsal etmək üçün kifayət qədər resursları mövcuddur. Sadəcə məhsuldarlığı artırmaq lazımdır”.

Ekspert hesab edir ki, məhsuldarlığın artırılması üçün ilk növbədə kənd təsərrüfatı sahəsində idarəetmədə peşəkarlıq təmin olunmalıdır:
“Kənd Təsərrüfatı Nazirliyində peşəkar kadrlar – aqronomlar, baytarlar çalışmalıdır. Nazir, müavinləri və digər məsul şəxslər bu sahənin mütəxəssisi olmadıqda, real problemləri düzgün dəyərləndirib həll etmək mümkün olmur. Hazırda nə Nazirlikdə, nə də Nazirlər Kabinetində kənd təsərrüfatı üzrə bir nəfər də olsun peşəkar mütəxəssis yoxdur”.
V. Məhərrəmov əlavə edib ki, idxaldan asılılığın azaldılması üçün bölgələrin inkişafı və yerli istehsalın dəstəklənməsi vacibdir:

“Əgər daxili bazarda rəqabətə nail olmaq və məhsulu daha ucuz qiymətə istehlakçıya təqdim etmək istəyiriksə, o zaman toxumçuluğun inkişafı, vaxtında suvarma təminatı, gübrə və pestisidlərlə təminat düzgün şəkildə təşkil olunmalıdır. Bütün bu problemlər həll olunduqda məhsuldarlıq xeyli artacaq, məhsulun maya dəyəri azalacaq və qiymətlər daha əlçatan olacaq”.

Ekspert bazarda qiymət artımının digər səbəbi kimi isə monopoliyanı göstərib:
“Bazarda bir topdansatış bazarının olması qiymətlərin artmasına səbəb olur. Paytaxtda ən azı üç topdansatış bazarının fəaliyyət göstərməsi vacibdir ki, aralarında rəqabət formalaşsın və qiymətlər münasib olsun”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi