
ÜZÜMÜN BOZ ÇÜRÜMƏ XƏSTƏLİYİ VƏ ONUNLA MÜBARİZƏNİN YOLLARI
Dəyərli üzümçü dostlar, əziz fermerlər, üzüm bitkisi çoxlu sayda xəstəliklərlə yoluxur, nəticədə istehsal edilən məhsul həm kəmiyyətdə, həm də keyfiyyətdə itirir.
Belə xəstəliklərdən biri də boz çürümə xəstəliyidir. Bu xəstəliyin müasir təsnifatda yeri aşağıdakı kimidir:
Aləm- Regnum- Mycota, Fungi və ya Mycetalia
Şöbə- Divisio- Ascomycota
Sinif- Classis- Leotiomycetes
Sıra- Ordo- Helotiales
Fəsilə- Familiae- Sclerotiniaceae
Cins- Genus- Botrytis
Növ- Species- Botrytis cinerea Pers.
Buradan aydın olur ki, üzüm bitkisində boz çürümə xəstəliyini Botrytis cinerea Pers. göbələyi törədir. Bu xəstəlik Avropa üzümlüklərində yüz illərdir ki, var və isti iqlimlə rütubət bol olan ölkə və regionlarda üzümün ən geniş yayılmış və təhlükəli xəstəliklərindən biridir. Azərbaycanda bu xəstəliklə Cəlilabad, Şamaxı, Ağsu, Qarabağ və Gəncə ətrafı rayonların üzümlükləri daha çox yoluxurlar. Xəstəliklə üzüm bitkisinin yerüstü orqanlarının əksəriyyəti yoluxsa da, çiçək və gilə, salxımlar üçün daha təhlükəli xarakter daşıyır. İsti və mülayim isti hava şəraitinfə plantasiyalarda çiçəyin erkəkcik və dişicikləri yoluxur və hələ çiçəkləmə bitməmiş yoluxan erkəkcik və dişiciklər quruyaraq tökülürlər. Gilələrdə şəkərlilik artıqca yoluxma intensivliyi də artır, rütubətli illərdə boz çürümə hətta yaşıl gilələri belə yoluxa bilir. Xəstəlik törədici qidalanma xüsusiyyətinə görə fakültətiv parazitdir, yəni bu patogen sağlam toxumaya daxil ola bilmir, hər şey zədədən başlayır və zədə də antropogen amil, dolu, mexaniki çatlar, həşərat zədələri sirayətlənməni sürətləndirir. Gilələrin yetişmə dövrü boz çürümə ilə sirayətlənmə nəticəsində boz kifəoxşar örtüklə örtülür, gilələr yumşalır, sellüloza pərdəsi lətdən ayrılır. Dadı turş olur, kif iyi verir, şirə hazırlanması üçün yararsızlaşır.
Boz çürümə xəstəliyi eyni zamanda salxımları daşınma və saxlanma dövründə də yoluxa bilir. Boz çürümə xəstəliyini törədən fitopatogen orqanizm sklerosiya halında yerə tökülmüş bitki qalıqlarında qışlayır. Qışlamadan sonra 12C temperaturda sklerosiyalar cücərir, budaqlanan konididaşıyanlarla konidilər və ya kasa formasında apotesi formalaşdırırlar, burada iqlim şəraiti həlledici faktor kimi görünür. Botrytis cinerea göbələyinin mitseli 5-30C temperatur həddində inkişaf edə bilir. Damcı su, 70%- dən artıq nisbi rütubət, 15-25C temperatur törədici üçün optimal şərait kimi qiymətləndirilir. Xəstəliyə qarşı immun sortlar yoxdur, sort davamlılığı nisbidir.
MÜBARİZƏ TƏDBİRLƏRİ:
Üzüm ekoloji amillərə çox həssas bitkilər qrupuna daxil olduğundan onun sürətli böyümə və inkişafını təmin edən aqrotexniki kompeks həyata keçirilməli, cərgə araları işlənməli, bağda havalanma tənzimlənməli, yaşıl əməliyyatla vaxtında həyata keçirilməli, zonanın iqlim şəraitinə müvafiq tənəyə forma verilməli, həşərat zədələnmələrinin qarşısı alınmalı, bir tərəfli qaydada azotlu gübrələr tətbiq edilməməli, suvarma normaları tənzimlənməlidir, nəzərə alınmalıdır ki, rütubət artıqlığı və zədə yoluxmaya qapı açır.
Mildyu və oidiuma qarşı çiləmələrdə istifadə edilən bir çox preparatlar boz çürümədən də məhsulu qoruyur. Lakin rütubət böyük olan illərdə gilələr şirəyə düşəndə 10-14 günlük intervalla Svitç preparatı 100qr/100l su hesabı ilə çiləmə aparmaq olar. Preparat profilaktiki, müalicəvi, mühafizə xüsusiyyətlərinə malikdir. Xəstəliklə mübarizədə İndofil M45 (mankoseb), strobi və s də istifadə edilə bilər.
Məndən bu qədər, maraqlı şəxslər üçün faydalı olmaq ümidi ilə…
İbrahim Cəfərov
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, AMEA-nın müxbir üzvü




Bu xəbər üçün şərh yazın