TƏRƏVƏZ MƏHSULLARININ QİYMƏTi NİYƏ ENMİR?
“Rusiyaya məhsul ixracının artması da qiymətlərə təsir göstərib”
Bu il Azərbaycanda meyvə-tərəvəz məhsullarının qiymətində kəskin bahalaşma müşahidə edilir. Belə ki, bir sıra məhsulların qiyməti ötən ilin eyni dövri ilə müqayisədə 70-80 faiz bahalaşıb.
Məsələn, hazırda paytaxt mağazalarında 1 manat 50 qəpikdən satılan kartof, ötən il 80-90 qəpiyə təklif olunurdu. Eynilə hazırda 3 manat 20 qəpik olan pomidor, ötən il 2,10-2,40 manata satılırdı.Hazırda 1,50-2 manata təklif olunan xiyarın qiyməti isə ötən il 70 qəpiklə 1 manat arasında dəyişirdi.
Qeyd edək ki, soğan, badımcan, bibər, çiyələk kimi məhsulların qiyməti də ötən illə müqayisədə xeyli bahadır.
Bəzi satıcılar iddia edirlər ki, meyvə-tərəvəz məhsullarının qiymətinin yüksək olmasının səbəbi, Azərbaycandan Rusiyaya ixracın artması və İrandan ixrac olunan bir sıra məhsullara qadağa tətbiq olunmasıdır.
Qeyd edək ki, ötən illə müqayisədə 2022-ci ildə Azərbaycandan Rusiyaya ixrac olunan meyvə-tərəvəz məhsullarının miqdarı xeyli artıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin may ayına olan ixrac icmalına əsasən, bu il meyvə-tərəvəz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz artaraq, 162,6 milyon ABŞ dolları təşkil edib.
Xaricə ixrac olunan meyvə-tərəvəz məhsullarının böyük bir hissəsi isə Rusiyanın payına düşür. Ekspertlər sanksiyalardan sonra Rusiyanın Avropa ölkələrindən meyvə-tərəvəz məhsulları idxal edə bilmədiyini bildirirlər.
Bu səbəbdən də Rusiya meyvə-tərəvəz idxalında fərqli bazarlara yönəlməyə məcbur olub. Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov da bildirib ki, Rusiya 2022-ci ildə Azərbaycandan meyvə-tərəvəz idxalını artırmağı düşünür.
Xatırladaq ki, İran hökuməti yerli bazarda qiymətləri tənzimləmək məqsədilə, aprelin 4-dən etibarən kartof və soğan ixracına qadağa qoyub. Bu səbəbdən də iki aya yaxındır ki, İrandan Azərbaycana kartof və soğan ixracı dayanıb.
Bu xəbər üçün şərh yazın