HANSI ÜZLƏ BUNLARI EDİRSİNİZ?... –

HANSI ÜZLƏ BUNLARI EDİRSİNİZ?... – “Əlöpüb,ət tökən ” deputatlara xatırlatma

Son günlər deputatlığa namizədlər arasında yaşlı, ahıl seçicilərin ayağına gedib, onlara baş əymək, əllərini öpmək, qucaqlamaq, onlarla söhbətləşmək və bunları foto, videoçəkilişlərlə qeydə almaq kimi tendensiya bir növ trendə çevrilib.

Bəzən hətta nə baş verdiyini anlamaqda çətinlik çəkən yaşlı insanların təəccüblü baxışları deputlığa namizədlərin sevə-sevə paylaşdıqları həmin fotolardan də sezilir...

Bu hərəkətləri primitiv də olsa, seçki texnologiyasının tərkib hissəsi saymaq olar. Və bunu, ilk dəfə namizədliyini verənlər, yaxud indiyə qədər deputat seçilməyənlər edirsə, yenə hardasa anlamaq olar.

Ancaq bu hərəkəti 15-20 il deputat vəsiqəsi gəzdirən, sonra da bir günün içində “buyruq qulu” olduğunu etiraf edərək, “özünü buraxan”, lakin buna qədər xalqın, xüsusilə də onun müdafiəsiz kəsimi olan uşaqların və yaşlıların sosial vəziyyətinin yaxşılaşdırılmasına aid bütün çağırışların, təkliflərin əleyhinə çıxış edən, pensiya yaşının artırılmasını can-başla müdafiə edən və bunun doğru addım olduğunu hər cür ikrah hissi yaradan ağ yalanlarla əsaslandırmağa çalışan, xalqın ziyalısını, müəllimini, cavanını, qocasını aşağılayan, səviyyəsiz açıqlamalar verən, xalqın güzəranının yaxşılaşdırılmasından başqa nəyə desən səs verməyə hazır, nə şəxsi mövqeyi, nə iradəsi olan, məddahlığı, yalanı, saxtakarlığı yağ-bal kimi yeyən, sonra da camaata yedizdirən, hələ birazını da öz üz-gözünə sürtən bəzi namizədlər edəndə, kənardan çox eybəcər görünür...

Və bunu edən belələrindən sadəcə soruşmaq istəyirsən – axı hansı üzlə???

Özlərinin yanağından yağ daman və “pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur. İnsanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir” deyənlər bütün bizneslərindən, mülklərindən, yığdıqları haram milyonlardan məhrum olmayınca, özləri şəkil çəkdirdikləri həmin yaşlı, beli bükülmüş, normal qidalana bilmədiklərindən bir dəri-bir sümük qalan qoca nənə-babaların pensiyasına möhtac qalmayınca, belə rəzil və ucuz mənzərələr gözlərimizi çox “mozol” edəcək...

Cəlal MƏMMƏDOV 

AzPolitika.info





HANSI ÜZLƏ BUNLARI EDİRSİNİZ?... –
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi