
Azərbaycanda informatikanın tarixi ilə bağlı aparılan tədqiqatlar davam etdirilir
ETN İnformasiya Texnologiyaları İnstitutunun AMEA-nın 80 illik yubileyinə həsr olunmuş elmi seminarında “Azərbaycanda informatikanın meydana gəlməsi, təşəkkülü və inkişafı haqqında” məruzə dinlənilib.
Məruzəni institutun elmi işçisi Gülnar Paşayeva təqdim edərək əvvəlcə Azərbaycanda informatika sahəsinin formalaşması tarixindən danışıb. Bildirib ki, ölkəmizdə informatikanın inkişafının təməli ötən əsrin 50-ci illərində qoyulmuş, bu illərdə ölkəmizdə ilk dəfə Elektron Hesablama Maşınları (EHM) üzrə araşdırmalara başlanmışdır.
Azərbaycanda informatikanın tərəqqisi dövrünün 1970-80-ci illərə təsadüf etdiyini söyləyən məruzəçi bu illərdə ölkəmizdə informatikanın inkişafı istiqamətində kibernetika, kompüter şəbəkələri, neft və qaz sənayesində avtomatik sistemlər, siqnalların emalı, optimal idarəetmə, qeyri-səlis məntiq, süni intellekt və digər aktual elmi istiqamətlərdə fundamental elmi tədqiqatların aparıldığını diqqətə çatdırıb: “70-80-ci illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın sənaye potensialının gücləndirilməsi, eləcə də elmtutumlu sahələrin genişləndirilməsi ilə bağlı mühüm qərarlar vermişdir. Ölkəmizdə elektronika, telekommunikasiya, elektrotexnika sənayesi formalaşdırılmışdır”.
Onun sözlərinə görə, 70-ci illər ölkəmizdə həm də “Ulduz”, “Nord”, “Azon”, “Peyk” kimi elm-istehsalat birliklərinin yaradılması ilə yadda qalmışdır. Bu illərdə ölkəmizdə kosmik sənayenin əsası qoyulmuş, 80-ci illərin ortalarında isə qlobal şəbəkə texnologiyalarından istifadə olunmağa başlanmışdır, X.25 texnologiyaları əsasında (Akademset şəbəkəsi) yaradılmışdır.
Sovet dövründə informatika sahəsində kadr hazırlığından bəhs edən G.Paşayeva 1950-ci illərdən başlayaraq ali təhsil müəssisələrində informatika üzrə yeni fakültələrin, ixtisasların təşkil olunduğunu qeyd edib.
Tədqiqatçı ölkəmizdə müstəqillik illərində İKT-nin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən də söz açıb. 1991-ci ildə Azərbaycan Elmlər Aklademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində (indiki İnformasiya Texnologiyaları İnstitutu) elektron poçt xidmətinin yaradıldığını, 1994-cü ildə Türkiyə hökumətinin və BP şirkətinin maliyyə dəstəyi ilə AMEA-nın RH-ın binasında respublikada ilk dəfə olaraq AzScienceNet şəbəkəsinin Azərbaycan İnternet qovşağının yaradıldığını diqqətə çatdırıb.
O, eyni zamanda Ulu Öndər Heydər Əliyev və dövlət başçısı İlham Əliyev tərəfindən müstəqil Azərbaycanda İKT suverenliyinin təmin olunması ilə bağlı həyata keçirilən dövlət siyasətindən danışıb, müvafiq sahədə imzalanan fərman və sərəncamlar, ölkəmizdə İnternetin inkişafı istiqamətində həyata keçirilən mühüm layihələr haqqında məlumat verib.
Azərbaycanda İKT-nin inkişafı ilə bağlı müasir vəziyyətə dair bəzi statistik göstəriciləri təqdim edən G.Paşayeva, ölkəmizdə güclü kommunikasiya infrastrukturunun mövcud olduğunu, etibarlı informasiya təhlükəsizliyi mühitinin formalaşdığını, İKT suverenliyinin təsbit olunduğunu qeyd edib.
Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək müasir dövrdə Azərbaycanda informatikanın tarixi ilə bağlı aparılan tədqiqatların böyük aktuallıq kəsb etdiyini söyləyib. Alim ölkəmizdə informatika elminin yaranması, rəqəmsal dövlətin formalaşması, aerokosmik informatikanın, proqramlaşdırmanın meydana gəlməsi və inkişafı istiqamətində tədqiqatların aparılmasına dair təklif və tövsiyələrinin səsləndirib.
Bu xəbər üçün şərh yazın