"Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artıracaq" -Aqiyə Naxçıvanlı
"Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə ardıcıl həyata keçirilən məqsədyönlü tədbirlər, icra olunan strateji əhəmiyyətli layihələr sayəsində Azərbaycan özünün enerji potensialını durmadan artırır.
Müasir dövrümüzdə məhz enerji təhlükəsizliyi dünya ölkələrinin qarşısında duran ən vacib məsələlərdən biri olduğu üçün,Azərbaycanın da Avropanın enerji təhlükəsizliyində rolu getdikcə önə çəkilir. O cümlədən Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının tikintisinə başlanması dövlətimizin bu istiqamətdə fəaliyyətini daha da genişləndirmək qərarından xəbər verir.
Fevralın 13-də Bakıda “Gülüstan” sarayında keçirilmiş İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində etdiyi çıxışında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, açılışı 2025-ci ilə planlaşdırılan bu stansiya ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq.Məlumdur ki, Mingəçevir hazırda elektroenergetika sahəsində Azərbaycanın əsas şəhəridir və burada fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkənin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, Mingəçevirin təkcə Azərbaycanın deyil, ümumilikdə Qafqazın enerji mərkəzinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində mümkün olmuşdur. 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun açılışı da 1981-ci ildə məhz Ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə baş tutmuşdur. Təbii ki, 40 ilə yaxın müddət işlədikdən sonra stansiyanın infrastrukturu köhnəlmişdir. Bu səbəbdən də, 2018-ci ildə Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində 8 blok tamamilə yenidən qurulmuş və 2020-ci ildə stansiya tam gücü ilə yenidən istifadəyə verilmişdir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Azərbaycanın elektroenergetika mərkəzi kimi önəminin bir sıra səbəblərdən artacağını xarakterizə edən deputat qeyd edib ki, Mingəçevir Elektrik Stansiyasının ölkənin daxili resursları hesabına inşa edilməsinə dair verilmiş qərar bir daha dövlətimizin iqtisadi müstəqilliyinin və iqtisadi qüdrətinin göstəricisi kimi qiymətləndirilməlidir: "Öz çıxışında cənab Prezident İlham Əliyev bildirdi ki, yeni Mingəçevir Elektrik Stansiyası Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Bunun da səbəbi səmərəlilikdir və Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturunun mövcud olmasıdır. Həmçinin stansiyanın xarici tərəfdaşlarla, İtaliya və Çin şirkətləri ilə birlikdə inşa ediləcəyi isə bir daha ölkəmizin xarici əlaqələrinin, Azərbaycana olan etimadın yüksək səviyyədə olmasından xəbər verir. Xüsusi olaraq dövlətimizin başçısı bunu da qeyd etdi ki, İtaliya şirkətinin bu layihədə iştirakı təsadüfi deyil. İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. Ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Xüsusilə məhz energetika sahəsində İtaliya ilə əməkdaşlıq ənənəvi xarakter daşıyır. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır."
Deputat A.Naxçıvanlı ermənilərin Vətən müharibəsinin gedişində Azərbaycanın digər dinc şəhər və rayonları kimi, Mingəçeviri də raket atəşinə tutmalarının eyni zamanda Avropanın enerji təhlükəsizliyinə də bir təhdid olduğunu da vurğulayıb: "Cənab Prezident İlham Əliyevin dediyi kimi, Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. 2020-ci ilin sentyabr-noyabr aylarında döyüş meydanında ardıcıl məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu. O cümlədən Mingəçevir Elektrik Stansiyası da uzaqmənzilli raketlərlə atəşə tutulmuşdu. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Bununla ermənilər Azərbaycanın elektrik enerjisi potensialına zərbə vurmaq istəyirdilər. Lakin onların bu niyyətləri baş tutmadı. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağı olacaq və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır. Həmçinin yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə azalacaq və bununla, ölkəmiz ətraf mühitin qorunması istiqamətində son dərəcə əhəmiyyətli addım atmış olacaqdır", - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bu xəbər üçün şərh yazın