AZAY QULİYEV, YOXSA ARZU SƏMƏDBƏYLİ? – 8 saylı dairədə sürpriz nəticələr ola bilər
Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisinin bundan öncəkilərdən müəyyən cəhətlərinə görə xeyli fərqləndiyi şübhəsizdir.
Qeydə alınan namizədlərin sayından tutmuş icra strukturlarının, polisin və ümumilikdə hakimiyyətin bu kampaniyaya hazırkı münasibətinə qədər bir çox amillər seçkinin nəticələrində müəyyən sürprizlərin qeydə alınacağını deməyə əsas verir.
Xüsusilə də əvvəllər olduğu kimi hakimiyyətə yaxın namizədlərin parlamentə keçməsi üçün inzibati resurslardan gen-bol istifadə edilməyəcəyinə, eləcə də beynəlxalq arenada problemlər yaradacaq digər məlum addımların atılmayacağına və bu barədə həmin namizədlərin xəbərdar edildiyinə dair məlumatlar yeni Milli Məclisdə bir çox gözlənilməz simaları görə biləcəyimizdən xəbər verir.
Ölkə başçısı İlham Əliyevin Davos İqtisadi Forumunda səsləndirdiyi “bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi” fikri isə, bütün bu gözləntilərin tam real olduğunu şərtləndirən əsas məqamdır. Deməli, seçkinin nəticələrinin də bu fikrə uyğun olacağı ehtimalı olduqca yüksəkdir. Belə olacağı təqdirdə isə bir sıra dairələr üzrə “100 faizlik qalib” kimi qələmə verilən, təqdim edilən namizədlərin sonda parlamentə düşə bilməməsi perspektivi yaranır.
Məsələn, son günlər mətbuatda və sosial şəbəkələrdə 8 saylı Binəqədi birinci Seçki Dairəsində sürpriz nəticənin qeydə alınacağına dair iddialara rast gəlinir. Söhbət gözləntilərin əksinə olaraq, seçkini bu dairəni son çağırış Milli Məclisdə təmsil edən deputat Azay Quliyevin yox, müsavatçı Arzu Səmədbəylinin qazanmaq şansının artmasına dair iddialardan gedir. Əslində, hadisələrin bu cür gedişini sürpriz adlandırmaq da doğru olmazdı. Çünki Arzu Səmədbəyli istər ölkə miqyasında, istərsə də sözügedən dairədə kifayət qədər tanınan şəxsdir. Arzu Səmədbəyli 2005-2010-cu illərdə Milli Məclisdə məhz 8 saylı dairəni təmsil edib. Özü də heç də pis təmsil etməyib (Üstəlik, onu da nəzərə alaq ki, hakimiyyətin Müsavat Partiyasının bir neçə namizədinin parlamentə düşməsində maraqlı olduğu ehtimal olunur-müəll.).
2004-cü ildən Müsavat Partiyası başqanının müavini, 2010-2014-cü illərdə isə Müsavat Partiyası Məclisinin sədri olan A.Səmədbəylinin 2015-ci ildə keçirilən son parlament seçkisində namizədliyini qeydə almamışdılar. O vaxt çoxları bu qərarın digər namizədin önünün açılmasına xidmət etdiyini bildirirdilər. Və məlum olduğu kimi, nəticədə həmin seçkidən Azay Quliyev millət vəkili seçilmişdi.
Əlbəttə ki, Azay Quliyev də kifayət qədər tanınan ictimai-siyasi fiqur, fəal deputatlardan biridir. Lakin şəffaf və icra strukturlarının inzibati resurslarının cəlb edilməyəcəyi bir seçkidə Arzu Səmədbəylinin seçilmə ehtimalının heç də Azay Quliyevin şanslarından az olmadığını söyləmək olar (Hətta 8 saylı dairədə maraqlı təşviqat kampaniyası ilə diqqətləri çəkən sığortaçı Xəyal Məmmədxanlını da Azay Quliyevə real rəqib hesab etmək olar-müəll.).
Burada hakimiyyətin “insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan verilməsi” iradəsilə yanaşı, A.Səmədbəylinin partiya mənsubiyyəti də mühüm rol oynaya bilər. Belə ki, nə qədər zəifləsə də, Müsavat Partiyası hazırda az-çox yerlərdə strukturları olan və nisbətən mütəşəkkil təşkilatdır. Bu baxımdan partiyanın istər təbliğat, seçki kampaniyası dövründə, istərsə də bilavasitə seçki günü A.Səmədbəyliyə aktiv dəstək verməsi gözlənilir. Ən azından seçki günü məntəqələr üzrə müşahidəçilərin öz hüquqları çərçivəsində aktiv fəaliyyəti seçkinin nəticəsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Nəhayət, ölkədə elan edilən islahat kursu və növbədənkənar parlament seçkisinin bu kursun siyasi ayağına aid mühüm hadisə kimi təqdim olunması onu deməyə əsas verir ki, bir çox dairələrdə seçki öz axarına buraxıla və “100 faizlik” namizədlər sürpriz şəkildə parlamentdən kənarda qala bilər. Belə dairələr isə kifayət qədər çoxdur ki, onlardan da biri məhz 8 saylı dairə ola bilər./AzPolitika.info
Bu xəbər üçün şərh yazın