Qoşqar Təhməzli Qarabağda VURUŞUB?.. - Rəsmilər heyrət içində susur...

Qoşqar Təhməzli Qarabağda VURUŞUB?.. - Rəsmilər heyrət içində susur... 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin tərcümeyi-halına nəzər salanda, adam elə bil gülməli nağıl oxuyur.

 Qoşqar Təhməzlinin rəsmi avtobioqrafiyasından bəlli olur ki, tələbə olanda silaha sarılıb və vətən uğrunda vuruşub. Hətta guya yaralanıb da. Görəsən, Qoşqar Təhməzli bunları rəsmi şəkildə sübut edə bilərmi?

Heç kimə sirr deyil ki, xeyli sayda məmur yalandan özünə “Qarabağ veteran” sənədi düzəldib, hətta onun imtiyazlarından gen-bol istifadə də edir. Deyirlər ki, Qoşqar Təhməzli də belə “saxta veteran”lardan biridir. Əlbəttə, biz “Hürriyyət” olaraq bu haqda konkret iddia irəli sürmək fikrindən uzağıq. Amma Qoşqar Təhməzlinin əlində faktları varsa, ortaya qoymalıdır ki, hər kəs onun hansı cəbhədə, hansı bölgədə hərbi xidmət etdiyi, döyüşçü yoldaşlarının, komandirinin kim olduğu haqda bilgi əldə edə bilsin.

Bütün bunlarla yanaşı, biz media olaraq araşdırma aparmaq hüququmuzdan istifadə edib, suallarımıza cavab almaq üçün həm Müdafiə Nazirliyinə, həm də Hərbi Səfərbərlik üzrə Dövlət Xidmətinə sorğu göndərdik.

Dövlət Xidmətindən "Hürriyyət"ə bildirildi: “Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin (Şəxşi toxunulmazlıq hüququ) 3-cü bəndinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Bu səbəbdən şikayət etdiyiniz şəxs barədə Sizə əlavə məlumat verilməsi qeyd olunan qanunvericiliyin tələblərinə uyğun deyil”.

Öncə onu qeyd edək ki, biz Hərbi Səfərbərlik üzrə Dövlət Xidmətinin rəhbərliyindən AQTA sədri Qoşqar Təhməzlinin şəxsi həyatı barədə suallarımıza cavab vermələrini xahiş etməmişik. Yuxarıda qeyd etdiyimiz kimi, Qoşqar Təhməzlinin hansı hərbi komissarlıqdan və neçənci ildə hərbi xidmətə yollanması barədə araşdırma aparılması barədə sorğu göndərmişik. Əgər araşdırma aparılmırsa, demək, AQTA sədri barədə deyilən ittihamlar həqiqəti əks etdirir. Əgər həqiqtən də Qoşqar Təhməzli hərbi xidmətdə olubsa, faktlarla təqdim edilməlidir.

Təəssüf ki, Hərbi Səfərbərlik üzrə Dövlət Xidmətindən fərqli olaraq, Müdafiə Nazirliyi hələ də sorğumuza cavab verməyib.

Odur ki, istər Müdafiə Nazirliyinin, istər də Hərbi Səfərbərlik Xidmətinin rəhbərliyinin suallarımıza konkret cavab verilməsini səbrsizliklə gözləyirik. Ən azı ona görə ki, ortada bir saxtakarlıq faktı ola bilər və bu saxtakarlıqda adı hallanan şəxs sıradan bir vətəndaş deyil, kifayət qədər səlahiyyət sahibi olan rəsmi şəxsdir… //hurriyyet.az// 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi